AMİP-30

Brüssel sülh axtarışında – Təhlil

Yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı yüksəksəviyyəli görüşün keçirilməsi gözlənilir. Qeyd edək ki, son aylarda sülh danışıqları ilə bağlı proseslər intensiv mahiyyət daşıyır. Xüsusilə də, bu məsələdə Vaşinqton və Brüsselin fəallığı müşahidə olunur. Artıq rəmi Bakı görüşün olacağının anonsunu da verib.   

Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır: «Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik».

Politoloq Rəşad Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında Brüsseldə və ya başqa bir məkanda sülh sazişinin imzalanması Ermənistandan asılı olan məsələ deyil.  Bunun üçün maraqlı tərəflərin hər birinin istəyi olmalıdır:

“Maraqlı tərəflər isə tək Ermənistan, Azərbaycan deyil, indiyədək  sülh sazişinə bu və ya digər şəkildə əngəl törədən ayrı-ayrı dövlətlərdir və onların da burada razılığı olmalıdır”. Politoloq hesab edir ki, sülh sazişi bağlamaq üçün Paşinyan Fransanın, İranın, ABŞ-ın icazəsini almalıdır: “Ermənistan müstəqil ölkə deyil, Nikol müstəqil şəxs deyil ki, bu və ya digər məsələ ilə bağlı qərar versin.  İndi ABŞ-ın vasitəçiliyi və Brüssel formatında aktiv danışıqlar aparılsa da, sülh sazişinin imzalanması üçün Ermənistanın öhdəlikləri icra etməsi lazımdır. Bundan sonra sülh sazişinin imzalanması ilə bağlı elə bir problem qalmayacaq”. Politoloq bildirir ki, Brüssel görüşündə olmasa da, ilin sonunadək bu istiqamətdə müsbət addımların şahidi olacağıq.

Brüssel görüşü ərəfəsində tək separatçıların olduğu ərazilər və sərhəddə deyil, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də müəyyən təxribatların şahidi oluruq. Bunlardan biri də Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı Avropa Şurası Parlament Asssambleyasındakı «müzakirələr»dir.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Brüssel görüşü ərəfəsində AŞPA-dan Azərbaycana qarşı yönələn qərəzli münasibətlərlə bağlı açıqlamasında bildirir ki, Laçın yolu ilə ermənilərin necə gedib-gəlməsini özünə dərd edən AŞPA-lılar Ağdərə-Kəlbəcər yolunun niyə açıq olmadığını da araşdırsınlar:

«Kəlbəcər sakinləri dədə-baba yurdlarına hələ el yolu ilə gedə bilmirlər, dağlar aşırlar. Bu tipli qərarlar sülh prosesinə zərbə vurmağa xidmət edir. Ermənistan rəhbərliyi çalışır ki, beynəlxalq və regional qurumlar onların anti-Azərbaycan siyasətində yer almalı və işğalı dəstəkləməlidirlər. Avropa İttifaqı, ilk növbədə, iki ölkə arasında vasitəçidir. Belə bir qurumun qərəzli mövqe tutması Brüsselin siyasətinə kölgə sala bilər”.

F.İbrahimli bildirir ki, AŞPA ermənipərəst anti-Azəraycan dairələrinin təsiri altındadır. Bu təşkilat hər fürsətdə, hər məqamda ölkəmizə qarşı öz qərəzini, öz qısqanclığını nümayiş etdirir,  hər bir addımından, hər bir davranışından bunu açıq-aşkar görmək olur.

“Ölkəmiz 20 ildir, Avropa Şurasının tam və bərabərhüquqlu üzvüdür. Bu illər ərzində ölkəmiz tərəfindən Avropa Şurasının bütün strukturları, o cümlədən, Parlament Assambleyası ilə səmimi əməkdaşlıq niyyətləri ortaya qoyulub. Çox təəssüflər olsun, Azərbaycanın bu səmimi, konstruktiv əməkdaşlıq niyyətlərinin əksinə olaraq, adıçəkilən qurum və onun təsisatları tərəfindən ölkəmizə, müstəqil dövlətimizə qarşı, az qala, düşmən mövqeyi sərgilənməkdədir. Azərbaycanın beynəlxalq nüfuzunun və imicinin ləkələnməsi üçün bütün addımları atır. İnsan hüquqlarının müdafiəsini təmin etməli olan bu qurum 30 il ərzində bir dəfə də olsun işğalçı və təcüvüzkar Ermənistanın təxribatçılıq, işğalçılıq, antiinsani və antibəşəri addımlarına düzəməlli qiymət verməyib. Növbəti dəfə avropalı deputatların erməni revanşistlərin dəyirmanına su tökdüyünün şahidi olduq. AŞPA Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul edib və orada sərbəst və təhlükəsiz hərəkətin olmaması qeyd edilib. Eyni zamanda, Avropa Birliyinin Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının artırılması haqda qərar qəbul olunub. Ermənipərəst qüvvələr Azərbaycan tərəfi üzərində bir neçə istiqamətdən təzyiq formalaşdırmağa çalışır və bununla Laçın yolunu açmağa nail olmaq istəyirlər. Bir sözlə, nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının, nə də Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının, yəni daha konkret desək, Avropa institutlarının məqsədi heç də sərhəddə monitorinq aparmaq və ya iki ölkə arasında sabitlik yaratmaqdan ibarət deyil”.

Deputat bildirir ki, Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazo Avropa Parlamentinə seçilən deputat kimi onun dəfələrlə Azərbaycan əleyhinə mövqe sərgilədiyinin şahidi olmuşuq. Onun fikrincə, belə siyasi oyunlar Azərbaycanın daxili işinə müdaxilə cəhdidir.

«Heç kimin daxili işlərimizə müdaxilə etmək hüququ yoxdur. Qarabağ məsələsi, artıq öz həllini tapıb və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacağı halda bizim vətəndaşlarıdır. Digər bütün separatizm qüvvələri ərazidən gec-tez çıxarılacaq. Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi isə onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edir. Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Bununla bağlı qərarı da Azərbaycan dövləti verir. Əslində, kifayət qədər normal qaydada fəaliyyət göstərən və ermənilərin təhlükəsiz şəkildə giriş-çıxışını təmin edən sərhəd-buraxılış məntəqəsinin bağlanması məhz elə ermənilərin təxribatının nəticəsində baş verib. Azərbaycan sərhədçiləri və rus “sülhməramlı” kontingentini atəşə tutan erməni hərbi birləşmələrinin sabah daha böyük təxribatlar törədərək, mülki əhalini də hədəfə almayacağına heç kim zəmanət verə bilməz. AŞPA-da belə bir qərarın çıxarılması bu təşkilat haqqında qeyri-ciddi obraz yaradır. Avropanın ali parlamenti sayılan bir orqanın erməni lobbisi qarşısında aciz qalması, xüsusilə də Ermənistanın daxilində hakimiyyətə can atan revanşist qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə düşünür ki, Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə sülh müqaviləsinə əngəl olan Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılması məsələsi diqqət mərkəzində olacaq.  Burada Paşinyan Azərbaycanın təklifi ilə razılaşa bilər. Çünki Ermənistanın irəli sürdüyü təkliflər sülh müqaviləsinin bağlanması istiqamətində istənilən danışıqları pozur.

Ekspert eyni zamanda bildirir ki, sülh sazişinin imzalanmasına maraqlı olan dövlətlər də öz mövqeyini ortaya qoymalıdır.

“Ermənistan Brüsseldə öz mövqeyindən geri çəkilməsə, Azərbaycan Qarabağda “Qisas” əməliyyatlarına başlaya bilər. Həmçinin şərti sərhəddə yeni strateji mövqelər nəzarət altına alına bilər. Ermənistanın əlavə alternativi onun yeni strateji ərazilər itirməsi ilə nəticələnəcək”.

Deputat Razi Nurullayev isə bildirir ki, Ermənistanla aparılan danışıqların əhəmiyyəti ondan ibarətdir ki, getdikcə haqlı məsələmizdə beynəlxalq təşkilatlar və tərəfdaşlar daha açıq şəkildə Azərbaycanın yüksək ali şəxsinin səsləndirdiyi terminlərdən istifadə etməyə başlayırlar. Bu cür yanaşmalar isə Ermənistanın əl qolunu bağlamağa davam edir.

 Onun sözlərinə görə, yaxın zamanlarda Ermənistanın mövqeyində ciddi dəyişikliyin olacağına inanmır: “Çünki Ermənistan tərəfinin açıqlamaları və Ermənistan cəmiyyətində baş verən proseslər “bu xəmirin çox su aparacağına” dəlalət edir. Danışıqlar hələ çox davam edəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq, separatçılardan imtina etmək niyyətini hələ ki, dildə desə də, əməldə yerinə yetirmək istəyindən uzaqdır. Ola bilsin ki, Paşinyan daxili müqavimətdən çəkinir, “bəlkə də qaytardılar” ideyası ilə yaşayır”.

R.Nurulayev bildirib ki, Ali Baş Komandan İlham Əliyev son çıxışında Ermənistanın danışıqlardan yayınmasında beynəlxalq aləmin missiyasını ona bir daha xatırladıb:

“Ermənistanın belə sərsəm mövqe sərgiləməsində onu ruhlandıran Fransa Prezidenti Emmanuel Makrondur. Onun üçün də Vaşinqton, Brüssel, Moskva danışıqları bir-birinin təkrarıdır, eyni məsələlər təkrar-təkrar müzakirəyə çıxarılır və bəzən elə olur ki, razılaşdırılan məsələ Paşinyanın oyunları ilə təzədən sıfır nöqtəsinə gətirilir. Ona görə də mən Brüssel görüşündə də sülh müqaviləsinin bağlanmasını gözləmirəm. Ola bilsin ki, yanaşmalarda, münasibətlərdə, mövqelərdə yaxınlaşma baş verir. Amma Paşinyan yenidən Moskvaya, Yerevana, Fransaya gedəndən sonra mövqe dəyişəcək. Beynəlxal təşkilatlar bu cür yanaşmalardan əl çəkməli, nəhayət beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. Əks halda yaxın zamanlarda sülh sazişinin imzalanması da görünmür”.

“Biz regionda ədaləti bərpa edərək, əzəli və əbədi torpaqlarımızı işğaldan azad etmişik. Biz işğalçını torpaqlarımızdan qovmaqla işğalçı, terrorçu erməni xislətinin nə qədər dünya üçün təhlukəli olduğunu  üzə çıxartmışıq.   Azərbaycanın gücü, qüdrəti bunu təmin edən əsas faktordur. Bu gün Ermənistan danışıqlara gəlirsə, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa,  bu, yenə Azərbaycanın gücü iradəsi ilə baş verir. Müxtəlif adlar altında özünün maraqlarını diqtə etməyə çalışan ədalətsiz beynəlxalq güclər, qüvvələr bunu dərk etməlidirlər”.

Bunu isə, Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəsinin rəhbəri Ramil Hüseynov bildirib. R. Hüseynov yeni dünya düzənində, regionda öz gücü ilə yeni reallıq yaradan Azərbaycanın hərbi qüdrətinin, onun diplomatik müstəvidə gücünün artırılmasına zəmin, yol açdığını qeyd edib.

R.Hüseynov bildirib ki, Azərbaycanın 44 günlük  müharibədə qazandığı zəfər regionda yeni reallıqlar yaratdı. Azərbaycana beynəlxalq müstəvidə  yaranan yeni münasibətlər, yaratdığı dəyişikliklər müsbət mənada butun üstünlukləri ilə  – hərbi, siyasi, diplomatik qələbələrimizdir. Beynəlxalq müstəvidə cərəyan edən reallqlar sülh sazişinin tez bir zamanda imzalanmasını diqtə edir. Heç şübhəsiz, Azərbaycan diplomatiyası, eləcə də hərbi gücü ilə danışıqlara gəlməyə məcbur edilən Ermənistan baş verənləri düzgün təhlil edib, düzgün qərar verməlidir.   

Onun fikrincə, əslində, bugünün reallıqları Qərb və Avropanın regionda dayanıqlı sülhün  və sabitliyin  möhkəmlənməsində maraqlı görünməsi və ardıcıl bu  prosesdə prinsipiallıq göstərməsi ilə müşahidə olunur.

“Bir neçə dəfə keçirilən Brüssel görüşləri və növbəti görüşün yenidən baş tutacağını nəzərə alsaq, çox güman, 2023-cü il təqvimində bu sülh sazişinin ərsəyə gəlməsi  mümkün ola bilər. Bunun başqa bir variantı yoxdur. Hər bir hadisənin sonu olduğu kimi, bu münaqişənin də həllini öz gücümüz, öz iradəmiz, beynəlxalq  təşkilatlara ədaləti, haqqı, beynəlxalq hüququ öyrədərək həyata keçirməliyik. Unutmayaq ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qərarını Azərbaycan ordusu özünün gücü ilə həll etdi. Bu gün Azərbaycan ərazilərinin bütövlüyünü qəbul edən işğalçı Ermənistan yenə də özünün revanşist siyasətindən əl çəkmir. Təhlükəsizliyimiz naminə ordumuzun gücü, qüdrəti daha da artırılmalıdır.

Yeni reallıq, həm də güclü olmağımızı tələb edir. Ölkə başçısı son çıxışında dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara “Haqqı, ədaləti tanıyın” mesajını verməklə yanaşı, yeni reallıqda “Dəmir Yumruq” kimi bir olmağın, güclü olmağın zəruriliyini də anlatdı.

hafta.a