AMİP-30

Arzuxan Əlizadə: “Artıq separatçıların mənafeyindən çıxış edən Rusiya ekspertləri də anlayırlar ki, dairə daralır”

Artıq elə vəziyyət yaranıb ki, Rusiyada ən qatı ermənipərəst ekspertlər belə Qarabağda separatçıların perspektivi olmadığına eyham vurur və bunu gizlədə bilmirlər.

Bu arada Rusiyanın Yaxın Şərq İnstitutunun sədri Yevgeni Satanovski deyib ki, Qarabağda idarəetmə İlham Əliyevdədir: “Müddət 2025-ci ildə başa çatır. Bundan sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olmasına heç bir əsas yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı vaxtdan münaqişə həll olunub, bu isə o deməkdir ki, orada idarəetmə İlham Əliyevdədir”.

Satanovski onu da bildirib ki, İlham Əliyevin Qarabağda sülhməramlı saxlamaq üçün minimum istəyi belə yoxdur: “O artıq bildirib ki, Azərbaycan vətəndaşlığını və pasportunu qəbul edənlərin hamısı Azərbaycan qanunları çərçivəsində yaşayacaq, qalanları isə gedə bilər”.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bütün bunlar bir sıra məsələlərdən xəbər verir: “Artıq separatçıların mənafeyindən çıxış edən Rusiya ekspertləri də anlayırlar ki, dairə daralır. Geosiyasi vəziyyət elədir ki, artıq Rusiya da onları xilas etmək qüdrətində deyil. Əvvəla, beynəlxalq konyunktura Rusiya üçün əlverişli deyil. Ukrayna müharibəsi səbəbindən Rusiya təcrid olunmuş durumdadır. Rusiyadan Avropaya gedən bütün yollar bağlıdır. Eyni zamanda, müharibə uzandıqca Rusiyanın itkiləri artır və daha çox resurs itirir. Rusiyanın həm maddi, həm də fiziki itkiləri də artır ki, bu da öz növbəsində ölkədaxili sosial gərginliyin getdikcə artması deməkdir. Priqojinin məlum yarımçıq qiyamı göstərdi ki, hərbi elitada narazılıq və qarşıdurma meylləri güclənir. Digər tərəfdən, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən son danışıqlar bir daha göstərdi ki, Qərb Azərbaycanın ərazi bütövlüyünü təkcə sözdə dəstəkləmir. Eyni zamanda, əməldə bununla bağlı Azərbaycana dəstək verir. ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması göstərdi ki, Birləşmiş Ştatlar Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsi qəbul etdiyi qərarla Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Məhkəmə Ermənistanın Azərbaycana qarşı 22 fevral 2023-cü il tarixli iddiasını əsassız sayıb. Söhbət irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi iddasından gedir. Üstəlik, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinin ətrafındakı bütün yüksəkliklər ordumuzun nəzarətindədir. Xüsusən də Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması separatçıların nəfəsini kəsdi. Çünki o vaxta qədər həm silah daşıyırdılar, həm də xarici vətəndaşların Qarabağa qanunsuz səfərlərini təşkil edirdilər. Bütün bunların fərqində olan Rusiya ekspertləri anlayırlar ki, artıq separatçılar üçün nicat yolu yoxdur. Belə olmasaydı, onlar tamam fərqli açıqlamalarla çıxış edərdilər”.

Vidadi ORDAHALLI

baki-xeber.com