Onlar üçün vaxt bitdi – Azərbaycan siyasi səhnəsində neçə partiya qaldı?
Bu ilin yanvarında “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minəndən sonra Azərbaycanda artıq 28 partiya özünü buraxdığını, üç partiya isə yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcəyini elan edib. Son olaraq bu sıraya Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Yüksəliş Partiyası (AYP), Cümhuriyyət Xalq Partiyası (CXP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) qoşuldu.
Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini iyulun 11-nə, yəni bu günədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda, onların fəaliyyəti qanunsuz sayılacaq. Çünki yeni qanunda partiyanın qeydiyyatı üçün tələb edilən üzv sayı mindən 5 minə qaldırılıb.
Qanuna əsasən, həmçinin dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 min 500-dən aşağı olduqda o, məhkəmə qərarı əsasında ləğv oluna bilər. Artıq partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyəti mümkün sayılmır. Belə halda cərimələr işə düşə bilər.
Beləliklə, bu gün müddət bitir. Ölkənin siyasi arenasında neçə partiya qaldı?
Maraqlıdır, görəsən, biz bu müddətdə niyə 5 min üzvü təmin eləmək üçün partiyaların birləşməsinin şahidi olmadıq?
Hikmət Babaoğlu
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın siyasi sistemində təmərküzləşmə və siyasi proseslərdə yeni keyfiyyət dəyişikliyi siyasi sistemimizin özünün sifarişinə çevrilmişdi: “Çünki islahatlara qədərki siyasi sistemimiz 90-cı illərin əvvəlində baş verən ictimai-siyasi proseslərin məhsulu kimi ortaya çıxmışdı. İndi isə 21-ci əsrin ilk dörddə birini başa vurmaqdayıq. Ölkəmizdə nə siyasi təfəkkür, nə də siyasi fəaliyyətin məzmununu təyin edəcək əsaslar 90-cı illərdəki kimi deyil. Bu gün siyasi sistemimizi daima təzyiq altında saxlayan ərazi bütövlüyümüzü pərpa etmək məqsədləri də artıq yoxdur, çünki o, təmin edilib. Ona görə də yeni siyasi sistemimiz də hazırkı reallıqların və yeni çağırışları əsasında formalaşmalıdır. Hazırda biz həmin prosesə şahidlik edirik, ya da bu proseslərin iştirakçılarıyıq. Ona görə də bir az irəliyə baxmağı bacarmalıyıq. Bunun üçünsə yeni hüquqi siyasi proseslərin məntiqinə uyğun hərəkət etmək lazımdır. “Siyasi partiyalar haqqında” yeni qanun bu sahədə fəaliyyətin bütün istiqamətlərini hüquq müstəvisində müəyyənləşdirib. Üstəlik, bu qanun əgər belə demək mümkündürsə, ortaq siyasi konsensusun nəticəsi olaraq meydana çıxıb. Ən azından parlamentdə mövcud olan bütün siyasi partiyaların ümumi təşəbbüsü və iradəsi bu qanunun məzmununu təyin edib. Ona görə də qanunun tələblərinə uyğun qərarlar qəbul edə bilmək siyasi partiyalar üçün əslində yeni siyasi münasibətlər sisteminə adaptasiya olunmaq deməkdir. Biz isə bəzi hallarda bunu bacarmırıq, ya da, sadəcə, istəmirik. Çünki siyasi eqonu ümumi siyasi mənafedən üstün tuturuq. Bu sindrom da elə 90-cı illərin siyasi mirasıdır. Ona görə də kiçik-böyük demədən bütün siyasi partiyalar ümumi mənafeyi və siyasi təkmilləşməni nəzərə alaraq birləşmək, ya da daxil olmaq olmaqla yeni siyasi sistemimiz üçün hər cür fədakarlıq etməyi bacarmalıdır. Çünki milli və qlobal çağırışlar siyasi münasibətlər sistemimizdən yeni keyfiyyət mərhələsi tələb edir”.
AMİP sədri Arzuxan Əlizadə isə qeyd etdi ki, “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq artıq ən azı beş min üzvü olan siyasi partiyalar partiya üzvlərinin siyahılarını reyestrə daxil etməklə Ədliyyə Nazirliyinə təqdim eləməlidirlər: “6 aylıq müddət bu gün bitir. Qanuna müvafiq olaraq, 6 aylıq müddət bitəndən sonrakı 10 gün ərzində də partiyaların Ədliyyə Nazirliyinə yenidən qeydiyyata alınmaqla bağlı müraciət etməsi mümkündür. Yeni qanun qəbul ediləndən sonra proqnozlar bundan ibarət idi ki, ölkədə fəaliyyət göstərən bir sıra partiyalar bir araya gələ və bir partiyada birləşərək fəaliyyət göstərə bilərlər. Amma bu proqnozlar özünü doğrultmadı. Baxmayaraq ki, bu və ya digər partiyaların birləşəcəyi ilə bağlı mətbuatda ara-sıra dəqiqləşdirilməmiş məlumatlar da gedirdi, yazılanlar reallaşmadı. Biz ona şahidlik etdik ki, ötən 4 ay ərzində ölkədə 28 siyasi partiya bu və ya digər səbəbləri əsas göstərərək fəaliyyətlərini dayandırdılar. Hazırda mövcud olan 31 siyasi partiyadan da bir neçəsinin yenidən qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət etməyəcəyi məlumatı var. Hər halda, qanunamüvafiq olaraq iyulun 11-də müddət bitir və qarşıdakı 10 gün ərzində hansısa partiyanın müraciət edərək yenidən qeydiyyata alınması ilə bağlı məlumatlara malik olacağıq. Proses bitəndən sonrakı bir ay ərzində də qanunla müraciət etmiş partiyaların yenidən qeydiyyata alınıb-alınmaması ilə bağlı qərar veriləcək. Bu qərar veriləndən sonra ölkədə neçə siyasi partiyanın yenidən qeydiyyata alındığı məlum olacaq. Hesab edirəm ki, vaxtilə bu və ya digər partiyada fəaliyyət göstərmiş, illər ərzində siyasi fəaliyyətin içərisində olmuş insanlar proses bitəndən sonra artıq rəsmi dövlət qeydiyyatından keçmiş bu və ya digər partiyaya ideoloji baxımdan yaxınlığını nəzərə alaraq müraciət edə və həmin partiyalarda fəaliyyət göstərə bilərlər. Eyni zamanda qanunla nəzərdə tutulmuş prosedurlara əməl etməklə yeni partiyaların yaranmasına da şahidlik eləyə bilərik. Zamanında siyasi fəaliyyətlə məşğul olmuş insanların birdən-birə siyasətdən çəkilməsi, proseslərdən kənarda durması da əslində normal deyil. Hər halda, qarşıdakı iki ay ərzində biz bu prosesin hansı məcrada inkişaf edəcəyinə şahidlik eləyəcəyik. Partiyaların yenidən qeydiyyatdan keçməsi və yeni partiyaların yaradılması gələcəkdə siyasi partiyaların aktivliyinə, ölkə gündəmində daha yaxından iştirakına vəsilə olacaq. Ən azından bunu arzu edirik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”