AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Sülhməramlı” adı altında bölgəyə yerləşən qüvvələr öz üzərinə düşən missiyanı yerinə yetirmir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağı tərk etməli olduğu” barədə bəyanatına münasibət bildirərkən deyib ki, Ankara bu məsələdə tərəf deyil: “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil”.

Zaxarovanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında münaqişə zonasına yerləşdirilib və bu sənəd həm kontingentin regionda qalma müddətini, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrlərini aydın şəkildə əks etdirir: “Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, regionların, o cümlədən Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan biz Ağdam rayonunda Rusiya-Türkiyə müştərək mərkəzi çərçivəsində türkiyəli tərəfdaşlarla mühüm qarşılıqlı əlaqəni qeyd edirik”.

Beləliklə Rusiya, deyəsən, 2025-dən sonra da Qarabağda qalmaq istəyir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Zaxarova bununla mesaj verir: “Zaxarovanın  bu açıqlaması Rusiyanın “sülhməramlı” kontingentini illərlə bu bölgədə saxlamağa hesablanmış siyasi mesajıdır. Məhz Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın ”Sülhməramlı qüvvələrin” 2025-ci ilə qədər Qarabağı tərk etməli olacağını” ifadə etməsi Rusiya siyasi rəhbərliyini qəzəbləndirib. Təbii ki, Rusiya “sülhməramlı” qüvvələri bu bölgəyə müvəqqəti olaraq yerləşib. Onlar bu bölgəyə yerləşəndə Rusiya prezidenti Vladimir Putin açıqlama verdi ki, sülhməramlı kontingent  bu bölgədə yalnız asayişi qoruyacaq. Zaman ötdükcə biz gördük ki, Rusiya “sülhməramlı”larının tamamilə başqa missiyası da varmış. Bölgədə erməni silahlı qüvvələrinə dəstək olmaq, orada rus icması yaratmaq, kilsə tikmək və s. kimi özlərinə aid olmayan işləri də görməklə sülhməramlı adını şübhə altına saldılar. Rusiya XİN sözçüsünün belə açıqlamaları onun Türkiyənin bu bölgədə varlığını qəbul etməməsilə bağlıdır. Rusiya çox gözəl bilir ki, Türkiyənin Azərbaycanla strateji  müttəfiqlik haqqında Suşa Bəyannaməsi sıradan bir hadisə deyil. Sadəcə olaraq, Rusiya bu məsələni gündəmdə saxlamaqla, Azərbaycana təsir  imkanlarını əldə saxlamağa çalışır. Ancaq birmənalı olaraq deyirəm ki, “Sülhməramlı kontingent” nəinki 2025-ci ildə, elə günü bu gün Azərbaycan ərazisindən çıxarılmalıdır. Hesab edirəm belə də olacaq. Fikrimcə, “sülhməramlı” adı altında bölgəyə yerləşən qüvvələr öz üzərinə düşən missiyanı yerinə yetirmir”.

Vidadi ORDAHALLI

baki-xeber.com