Qarabağda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidir, əks halda… – AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, o, Azərbaycanla davamlı sülhə inanmasaydı, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməzdi.
Buna baxmayaraq, Paşinyan ənənəvi böhtanını yağdıraraq, guya Qarabağda humanitar böhran yaşandığını, azərbaycanlıların erməni icmasından qisas aldığını da iddia edib: “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”.
Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də “Dağlıq Qarabağ” ermənilərinin hüquqları və təhlükəsizliyidir”.
Paşinyanın açıqlamasını Bakıvaxtı.az-a şərh edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, Ermənistan cəmiyyətində, xüsusən müxalifət cəbhəsində Nikol Paşinyanı əsasən onda ittiham edirlər ki, baş nazir Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib.
Partiya rəhbəri vurğulayıb ki, revanşistlərin iddiasına görə, Paşinyan bu tipli açıqlamalarla Qarabağdakı erməniləri taleyin ümidinə buraxıb:
“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub göndərib. Həmin məktubda Sarkisyan Qarabağda baş verənlərlə bağlı Nikol Paşinyanı ittiham edir, qınayır. Ermənilərin “acınacaqlı” durumda olmasını əsas gətirərək tezliklə prosesə müdaxilə olunmasını istəyir. Ümumən götürəndə, Paşinyanın Azərbaycanla sülh anlaşmasında maraqlı olduğu hiss olunur. Qərb tərəfindən dəstəklənən baş nazir öz üzərinə götürdüyü öhdəlikləri gec-tez yerinə yetirməlidir. Bölgədə vəziyyətin stabilləşməsi, kommunikasiyaların açılması ancaq sülh müqaviləsinin imzalanması ilə mümkündür. Çalışılır ki, Ermənistanı hansısa formada düşdüyü bataqlıdan çıxarsınlar”.
Onun sözlərinə görə, əlbəttə, burada ən önəmli faktor Rusiyadır. Moskvanın İrəvana təzyiqi çox güclüdür. Kreml Cənubi Qafqazda sabitliyin yaranmasını açıq şəkildə istəmir. Rusiyanın Ermənistandakı uzantıları, Paşinyanın müxalifləri də hər hansı formada baş nazirə mane olmağa çalışırlar: “Qarabağdakı separatçılara bilavasitə Rusiyadan dəstək verilməsi də bununla bağlıdır. Separatçıların “dövlət naziri” vəzifəsini icra etməsə də, Ruben Vardanyanın yenidən aktivləşdiyi görünür. Vardanyan oradakı ermənilərə mübarizəyə qoşulmaq, müqavimət göstərmək çağırışları edir. Belə fonda Paşinyanın Qarabağ ermənilərindən danışmamaq lüksü yoxdur. Yəni baş nazir istəsə də, istəməsə də bölgədəki ermənilərin “təhlükəsizliyindən”, “təminatından” söz açmalı, onların “blokadada” olduğunu iddia etməlidir”.
A.Əlizadə vurğulayıb ki, ancaq N.Paşinyan özü də fərqindədir ki, artıq çox gecdir və Azərbaycan öz ərazilərinə tam nəzarət edir: “Qarabağda yaşayan ermənilərə hansısa “status” tələb etmək, məsələni beynəlxalq müstəviyə daşımaq cəhdləri, beynəlxalq mexanizmin tətbiqini istəmək əbəsdir, mənasızdır. Rəsmi Bakıya mütləq mənada “siz Xankəndi ilə tərəf kimi dialoq qurmalısınız” diktəsi yolverilməzdir və qeyri-mümkündür. Azərbaycan ərazisində yaşayan, yaşamaq istəyən ermənilər vətəndaşlığımızı qəbul etməlidir. Əks halda ölkəmizdən çıxmalıdırlar, başqa variant yoxdur”.
Müsahibimiz qeyd edib ki, şübhəsiz, bu məsələlərdə erməni xislətini də nəzərə almalıyıq: “Unutmamışıq ki, müharibədən əvvəlki dövrdə Paşinyan müəyyən məqsədlərlə “Qarabağ Ermənistandır” ifadəsini təkrarlayırdı. Ola bilsin, indi də Ermənistanda kiməsə xoş gəlmək üçün, öz nüfuzunu qaldırmaq üçün “Qarabağ erməniləri” məsələsini gündəmdə saxlayır, “qırmızı xətt” olduğunu deyir”.
Aydın Baxış