AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Avropa İttifaqı Rusiyanın tamamilə gücdən düşməsini gözləyir”

Avropa İttifaqı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək.

Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb – ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq: “Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”.

Müharibədən ən çox əziyyət çəkən, işğal dövründə yaşayış məntəqələri məhv edilən ölkə Azərbaycan, yardım proqlamlarına cəlb olunan Ermənistan. Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan, maliyyə yardımı alan, Rusiya sanksiyalarından yayınan Ermənistan.

Bu və digər məsələlərlə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq:

– Belə ədalətsizliyin kökündə dayanan faktor nə ilə bağlıdır?

– Fikrimcə, Ermənistana olan himayədarlıq təkcə bugünümüzlə bağlı olan məsələ deyil. Keçmiş sovetlər dönəmində belə Ermənistana rəsmi Kremldən xüsusi münasibət sərgilənib. Rusiya Azərbaycanının əraziləri hesabına süni Ermənistan yaratmaqla, həm də bu dövlətin hamisi rolunda çıxış edib. Rusiyanın “parçala hökmranlıq et” siyasəti nəticəsində Azərbaycan tarixi torpaqları param-parça olub. Bu gün də biz Rusiyanın bu mənfur, qəddar işğalçılıq siyasətinin ağrı-acılarını yaşamaqdayıq. Bunun da üzərinə Avropa dövlətlərinin “çoxüzlü” siyasətini əlavə etsək ümumi mənzərə çox aydın gününür. Mən də belə bir qənaətdəyəm ki, burada xristian təəssübkeşliyi faktoru var. Hazırda baş verən qlobal geosiyasi proseslər sadəcə Rusiya amilini Avropa dövlətləri ilə əvəzləməyə sövq edib. Ermənistan bu mənada tərəf deyil, Cənubi Qafqazda əlverişli mövqe uğrunda aparılan mübarizədə oyuncaq bir alətdir. Yəni Ermənistan bu dövlətlərə təkcə dini faktora görə “cəlbedici” tərəfdaş deyil, onlara  əsas oyuncaq alət qədər gərəklidir.

– Bir sıra hallarda Ermənistanın törətdiyi pisliklərin görməzdən gəlinməsini xristian amili ilə əlaqələndirirlər. Bunda həqiqət payı nə qədərdir?

– Bəli, əvvəlki sualın cavabında da ermənilərə qarşı xristian təəssübkeşliyini istisna etmədim. Ancaq burada təkcə dini deyil, başqa faktorlar da var. Bu gün gözlərimiz önündə dünyanın yenidən dizayn olunması prosesləri gedir. Özünü ayaq üstə tutmağı bacaran dövlətlər və xalqlar bu mərhələdə alət rolunda deyil, diqtə edən aktorlar roundadırlar. Azərbaycan dövləti də məhz bu prosesdə diqtə edən dövlətlər sırasındadır. Azərbaycan xalqı hər cür haqsızlıqlara məruz qaldığı halda, dilənçi Ermənistana yardımların verilməsi humanitar məqsədlərlə edilmir. Avropa dövlətləri və Rusiya erməni cəmiyyətini öz tərəflərinə çəkmək üçün hərbi, humanitar “yarışa” durublar. Ermənistanı “qazanmaq” üçün sözün həqiqi mənasında savaş gedir. Ermənistan bu dövlətlər üçün strateji nöqtədir.

– Aİ bir tərəfdən Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir, o biri tərəfdən regionda baş verənlərin əsl mahiyyətinə biganə yanaşir. Belə olan halda Avroittifaqın bölgədə möhkəmlənmə perspektivi nə dərəcədə realdır?

– Bəli, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Ancaq bu proseslər indiki  mürəkkəb siyasi gərginliklərin axını ilə baş verməkdədir. Yəni proses ləng gedir. Bayaq ifadə etdiyim kimi, hər bir dövlət özünü təhlükələrdən maksimum qorumağa çalışır. Bu da təbiidir. Avropa İttifaqı Rusiyanın tamamilə gücdən düşməsini gözləyir. Sanksiyalar Rusiyanın tamamilə gücdən düşməsi üçün yetərli deyil. Ona görə dövrümüzün ən mürəkkəb tarixi hadisələrinin növbəti aylarda və illərdə də davam edəcəyi qənaətindəyəm. Rusiyanın tamamilə gücsüz hala gətirilməsindən sonra bölgədə sabitlik tədricən bərpa oluna bilər. Bu məsələ də Avropa İttifaqının bir mövqedən çıxış etməsinə bağlıdır.

– Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə nə vəd edir?

– Cənubi Qafqazı bir çox politoloqlar dünyanın “urəyi” adlandırır. Bu yanaşma rəmzi mənada olsa belə, müəyyən həqiqəti əks etdirir. Əgər Asiya dünyanın yaşam qaynağı hesab olunursa, o zaman Cənubi Qafqaz Asiya və Avropanın bağlantı nöqtəsi hesab olunur. Son 200 illik tarixi nəzərdən keçirsək, müharibələrin əksəriyyətinin, xüsusilə bu bölgə uğrunda getdiyini vurğulamaq yerinə düşər. Ancaq Azərbaycan dövləti, Ordumuz 2020-ci ildə 44 günlük Vətən savaşında Cənubi Qafqazın ən qaynar ocağını təkbaşına söndürməyi bacardı. İndi Cənubi Qafqaz uğrunda gedən mübarizə  Rusiyanın bu bölgədən sıxışdırılıb çıxarılması ilə bağlıdır. Bu asan deyil, ancaq görünən odur ki, mümkündür. Proses ləng getsə belə, bu bölgənin dövlətləri nəhayətində sülhə, barışa nail olib rahat nəfəs alacaqlar. Bizim üzərimizə düşən əsas işlər ondan ibarət olmalıdır ki, ayıq-sayıqlığımızı, birlik və bərabərlik modelini qoruyub  saxlamaqla növbəti uğurlara imza ataq. Cənubi Qafqazın sülh və təhlükəsizliyi məhz Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində təmin olunacaq.

Vidadi ORDAHALLI

baki-xeber.com