AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Rusiya var gücü ilə çalışır ki, bu bölgədə münaqişəli vəziyyət davamlı olsun”

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid edib:

“Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”.

Daha sonra Zaxarova Ermənistan rəhbərliyinin belə fəaliyyətin lazım olmaması barədə fikirlərindən təəccübləndiyini bildirib: “Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi nümayəndələrinin bir sıra əsas məsələlər barədə ikibaşlı mövqe tutmalarının şahidi oluruq… Söz oyunu heç vaxt xeyir gətirmir”.

Burada diqqəti çəkən məqam odur ki, Moskva Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını heç cür həzm edə bilmir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Rusiya öz imperiya maraqlarından əl çəkmək istəmir: “Rusiyanın Ermənistana münasibəti o qədər aydındır ki, bu münasibətləri bir cümlə ilə də təsəvvür etmək mümkündür. Paşinyan hakimiyyətinin Rusiya siyasi rəhbərliyilə bağlı ikibaşlı siyasəti Rusiyanın “həzm edəcəyi” sadə bir məsələyə oxşamır. Ancaq burada görünən odur ki, Paşinyanın son zamanlar açıq mətnlərlə erməni cəmiyyətinə verdiyi sadə mesajlar sözün həqiqi mənasında Rusiyanı olduqca qəzəbləndirib. Rusiyanın siyasi rəhbərliyi Paşinyanın bu addımlarına hələ ki, söz “atışmaları” ilə cavab verməkdədir. Ermənistan rəhbərliyi dünyada gedən siyasi axınları düzgün analiz etməklə cəmiyyəti post-Putin dövrünə  hazırlayır. Rusiya indiki məqamda Ermənistanın bu addımlarını hələlik seyr etmək məcburiyyətindədir. Rusiyanın Ukrayna dövləti ilə müharibə etməsi bu dövləti bütün dünya ilə üz-üzə qoyub. Artıq dünya dövlətlərinin əksəriyyəti Rusiyanın işğalçılıq siyasətinə qarşı vahid mövqe sərgiləməkdədir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistan rəhbərliyinin aydın mesajlarına “təəccübləndiyini” bildirir. Ermənistan rəhbərliyi nə deyir? Onlar deyirlər biz erməni xalqı Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq istəyirik. Bunun nəyi təəccüblüdür? Görünən odur ki, Paşinyanın həm Azərbaycanın ərazi bütövlüyünü, həm də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dilə gətirməsini Rusiya siyasi rəhbərliyi asanlıqla həzm edə bilmir. Rusiya var gücü ilə çalışır ki, bu bölgədə hər zaman münaqişəli vəziyyət daimi davamlı olsun. Belə vəziyyətdən də istifadə edib “sülhməramlı” adı altında bölgədə öz mövcudluğunu qoruyub saxlasın. Ancaq indiki dövrdə mövcud reallıqlar ortadadır. Rusiya anlamalıdır ki, dövlətlərin daxili işlərinə qarışmaq ağır nəticələrə gətirib çıxarır”.

Vidadi ORDAHALLI

baki-xeber.com