AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “İranın bu koalisiyaya qoşulması təbii bir proses deyil, onun tərəqqipərvər dünyadan təcrid olunması ilə bağlıdır”

Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasını (CAR) birləşdirən BRİKS təşkilatı genişləndiyini elan edib. CAR Prezidenti Siril Ramafosa təşkilatın Yohannesburq sammitində elan edib ki, yanvarın 1-dən Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Efiopiya, Misir və Argentina də qurumun sıralarına qatılır.

Söhbət Yaxın Şərq, Afrika və Latın Amerikasının nəhəng dövlətlərindən gedir. Beləliklə də, BRİKS -in rəsmən 11 üzv dövləti olacaq. Ancaq artıq yeni üzvlər qoşulandan sonra qrupun necə adlanacağı bəlli deyil.

Göründüyü kimi, BRİKS-in CAR-da keçirilən sammitində bir neçə ölkənin bu təşkilata üzv olmasına qərar verilib. O cümlədən, İranın da üzv olmasına razılıq  verilib.

Maraqlıdır, İranın BRİKS-ə qəbul olunmasının Azərbaycana mənfi nöqteyi-nəzərdən nə kimi təsirləri ola bilər? Nəzərə alsaq ki, İran və Hindistan hər ikisi Ermənistanın silahlandırılmasında iştirak edən ölkələrdir, bu üzvlüyü Ermənistanın daha üstün dərəcədə silahlandırılmasında yeni imkanların açılması hesab etmək olarmı? Yəni ikisinin artıq eyni blokda, birlikdə olması Ermənistana hərbi dəstək verilməsi məsələsində bu iki ölkənin əməkdaşlığının perspektivinə təsir edəcəkmi?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Əvvəlcədən  onu bildirim ki, hər üç-beş ildən bir dünya dövlətləri özünün müttəfiqi hesab etdiyi dövlətlərlə müəyyən iqtisadi, siyasi hərbi birliklər, icmalar və yaxud koalisiyalar qururlar. BRİKS-in qurulma tarixi tamamilə fərqli situasiyadan qaynaqlanıb. Soyuq müharibə başa çatdıqdan sonra və ya daha əvvəl BRİKS ölkələrinin hökumətləri ölkələrinin qlobal iqtisadi sistemin bir hissəsi olmasına imkan vermək üçün iqtisadi və ya siyasi islahatları özlərinin prioriteti elan etdilər. Dünya bazarında rəqabətədavamlı olmaq üçün bu ölkələr təhsilə, xarici investisiyaya, daxili istehlaka və daxili sahibkarlığa (hər biri müxtəlif dərəcədə) önəm verməyi hədəflədilər. Tədqiqatçıların hesablamalarına görə, Hindistan yaxın 30-50 il ərzində dörd BRİKS ölkəsi arasında ən böyük artım potensialına malikdir. Əsas səbəb Hindistan və Braziliya üçün əhalinin əmək qabiliyyətli yaşının azalmasının Rusiya və Çinə nisbətən gec baş verməsidir. Təkcə bu nümunə ilə BRİKS-in ümümi mənzərəsini gözlərimiz qarşısında canlandırmaq mümkündür. Demək olar ki, dünyada əmək qabiliyyətli əhalinin azalması fonunda bu dövlətlərin hər birində  problemlər çox fərqlidir. İranın bu koalisiyaya qoşulması təbii bir proses deyil, onun tərəqqipərvər dünyadan təcrid olunması ilə bağlıdır. İran bu gün beynəlxalq reytinqlərdə, insan azadlıqları sahəsində elementar hüquqları məhdudlaşdıran ölkələr siyahısındadır. Rusiya hansı ittifaqda, hansı koalisiyada təmsil olunursa İran onun yanında yer almağa cəhd edir. Bir daha vurğulayıram ki, bu, İran üçün təbii bir proses deyil. Bu dövlətin apardığı siyasətin məcburi nəticəsi kimi qiymətləndirilməlidir. İstər Hindistan, istərsə də İran Ermənistana gizli və aşkar dəstək olmaqla öz çirkin niyyətlərini ortaya qoyublar. Əlbəttə, bütün bunlar bölgəmiz, gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. İstənilən bir dövlətin silahlanmaya xərclədiyi böyük həcmli vəsaitlər həmin dövlətin iqtisadiyyatında geriləmələrə səbəb olur. Bu baxımdan İranın Hindistanın Ermənistana hərbi, siyasi “müttəfiqlik” etməsi bizi məcbur edə bilər ki, biz də öz hərbi qüdrətimizi daha da gücləndirək. Bütün bunlarla yanaşı onu da deməliyəm ki, Azərbaycanın əsas hərbi-siyasi müttəfiqi qardaş Türkiyə ilə müqayisədə digər “müttəfiq” lər  böyük siyasi kataklizmlər içərisindədir. İranın sanksiyalar içərisində olması, Hindistanın daxili və məhəlli münaqişələr, əhalinin əsasən səfalət içərisində olması və s. onu deməyə əsas verir ki, hələ gələcək onilliklərdə bu dövlətlərin hansı koalisiyada olmasından asılı olmayaraq, inkişaf etmiş ölkələrin siyahısına daxil olması mümkünsüzdür. Belə bir vəziyyətdə Azərbaycan dövləti doğru olaraq hərbi qüdrətini artırmalıdır, necə ki, bu proses bu gün də uğurla aparılır. Düşünürəm, bu siyasət davam etməlidir ki, gələcəkdə hər hansı bir təhdidlə üz – üzə qalmayaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com