AMİP-30

Arzuxan Əlizadə: “Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmasını Rusiyaya bağışlaya bilmirlər”

Ermənilər Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçiriblər. Etirazçılar səfirliyin nümayəndəsindən əvvəllər Azərbaycan bayrağını təhqir edən üç erməninin saxlanılması ilə bağlı sualları cavablandırmağı tələb ediblər. Suallarına cavab tapmayan etirazçılar İrəvandakı Rusiya səfirliyi yaxınlığında yolları bağlamağa başlayıblar.

Bütövlükdə, son vaxtlar Ermənistanda anti-Rusiya ovqatı daha çox özünü göstərir. Əsas motiv də Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Ermənistanı daha çox özündən çıxaran hal ondan ibarətdir ki, Qarabağda sülhyaratma missiyasını yerinə yetirən Rusiya və daha çox onun mediası, siyasiləri “problem”ə diqqət yetirmir. Ermənistan mediasında dərc olunan materiallarda Rusiya mediasının Qarabağda yaşananlara biganəliyi qabardılır. Rusiyanın populyar qəzetləri – “Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda” kimi nəşrlərində Qarabağla bağlı hər hansı bir xəbərin dərc edilməməsi sərt tənqid edilir. Rusiya mediasının bu susqunluğu hətta “ölüm sükutu” kimi qələmə verilir.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistanda anti-Rusiya ovqatının yenidən özünü göstərməsi bir sıra amillərdən qaynaqlanır: “Əvvəla, ermənilər satqın və nankor toplumdular. Onlar zaman-zaman güclü olan tərəfin yanında yer almağa çalışıblar. Onlar görür ki, Rusiya Ukraynada daha çox güc itirdiyi üçün getdikcə daha da zəifləyəcək. Bu səbəbdən Qərbin timsalında daha çox Fransaya stavka etməyə çalışırlar. Necə deyərlər, Rusiyanı Fransaya satırlar. Halbuki, ermənilərin Cənubi Qafqazda məskunlaşdırılması, onlar üçün dövlətin qurulması Rusiyanın siyasəti olub. Bütün bunlara baxmayaraq, onlar bununla kifayətlənmirlər. Baxmayaraq ki, 44 günlük müharibədə Rusiya Ermənistanı silahla təmin etmək üçün bütün vasitələrdən istifadə etdi. Ermənistanla Rusiya arasında quru sərhəd olmadığı üçün Moskva İran üzərindən bu ölkəyə silah daşınmasını həyata keçirdi. Rusiya hər vasitə ilə çalışdı ki, Azərbaycan Ordusu əhəmiyyətli uğurlar əldə edə bilməsin. Rusiya Naxçıvan istiqamətində helekopter təxribatı törətdi ki, ordumuz Xankəndiyə daxil olmasın. Hamı yaxşı bilir ki, Rusiyanın müdaxiləsi, təzyiqləri olmasaydı Xocavənd, Ağdərə şəhərləri və digər məntəqələrin bizim nəzarətimizə keçməsinə çox az qalmışdı. Bütün bunları ermənilər də bilir, amma xislətləri o qədər murdardır ki, bununla kifayətlənmək istəmirlər. Hesab edirlər ki, Rusiya gərək müharibədə ermənilərin yerinə bizimlə vuruşaydı. Xüsusən də aprelin 23-də Azərbaycanın Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmasını Rusiyaya bağışlaya bilmirlər. İstəkləri odur ki, gərək rus sülhməramlıları buna imkan verməyəydi. O cümlədən, Ağdam-Xankəndi yolunun təklif olunması fonunda 40 yük maşınının həftələrdir Laçın sərhədində ilişib qalması narazılıqları körükləyir. Məhz bu səbəbdən Ermənistanda antirus ovqatı yenidən alovlanmaqdadır. Ancaq bunların heç biri Azərbaycanı öz yolundan döndərə bilməz”.

Vidadi ORDAHALLI

baki-xeber.com