AMİP-30

24 saata qazanılan qələbə: Azərbaycan döyüş meydanında yenə öz sözünü dedi

“Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”.

Bu sözləri Prezident İlham Əliyev ötən gün xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər:

“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”. 

Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni bir daha məğlub etməyə nail oldu. Bu dəfə 23 saat 43 dəqiqəyə məsələ həll olundu. Yəni 24 saat belə tam dolmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq, təslim oldular,  Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər. Heç şübhəsiz bu, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyinin təzahürüdür. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan yeni uğurlara imza atır. Son olaraq lokal antiterror tədbirlərinin zəfərlə başa çatdırılması və hədəfə nail olunması buna ən gözəl nümunədir. Azərbaycan bir daha göstərdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcək. Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında xatırladıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra 10 noyabr üçtərəfli Bəyanatı imzalandı:

“Həmin Bəyanatın 4-cü bəndində birmənalı olaraq göstərilib ki, sülhməramlı missiya yerinə yetirən Rusiyanın hərbi kontingentinin Azərbaycan ərazisinə daxil olmasıyla paralel olaraq, ərazilərimizdə mövcud olan qanunsuz erməni silahlı birləşmələri regionu tərk etməlidir. Amma artıq 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, üçtərəfli Bəyanatın həmin bəndi yerinə yetirilmirdi. Azərbaycan bununla bağlı dəfələrə xəbərdarlıq edirdi. Lakin orada olan qeyri-qanuni erməni silahlı dəstələri nəinki ərazimizi tərk etmirdilər, hətta getdikcə daha da azğınlaşırdılar. Onlar Azərbaycanın mülki və hərbi vətəndaşlarına qarşı terror və təxribat əməllərini da daha da intensivləşdirirdilər. Təbii ki, buna sonsuza qədər dözmək mümkün deyildi. Rəsmi Bakı onların silahı yerə qoymayacağı təqdirdə tədbir görüləcəyini dəfələrlə elan etmişdi. Və nəhayət sentyabrın 19-da Azərbaycan Ordusu lokal antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Üstəlik, çox qısa zamanda hədəflərimizə çatdıq. Bu, həqiqətən də misli görülməmiş hərbi əməliyyat idi. Hesab edirəm ki, bununla bağlı hələ çox danışılacaq. Çünki 24 saat ərzində faktiki olaraq 30 il ərzində xüsusilə Ağdam yaxınlığında qurulmuş istehkamlar və qazılmış səngərlər məhv edildi. Ermənilərin ağır hərbi texnikaları və artilleriya qurğularının mövcud olduğu bir şəraitdə Azərbaycan 10 minlik orduya qarşı cəmi 24 saat ərzində əməliyyat həyata keçirərək, onları ağ bayraq qaldırmağa məcbur etdi”. 

Partiya sədri diqqətə çatdırıb ki, bu, Azərbaycan Ordusunun möhtəşəmliyindən xəbər verir:

“Təbii ki, bu addım atılana qədər də ciddi əmək ortaya qoyulmuşdu. Bizim qəhrəman əgərlərimiz bütün perimetr üzrə əməliyyat məlumatlarını tam olaraq əldə etmişdi. Beləliklə, lazım olan anda bu addım atıldı. Azərbaycan öz suveren hüquqlarını növbəti dəfə bərpa etdi, Konstitusiya quruluşumuzun əsaslarına çox ciddi təhdid olan qeyri-qanuni erməni hərbi birləşmələrini tərksilah etdi. Bu, ölkəmizin suveren hüququdur. Eyni zamanda, Konstitusiyamızdan irəli gələn müddəaları bərpa etdik, beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq addımlar atdıq. Ona görə də heç kim Azərbaycanı antiterror əməliyyatlarına görə qınaya bilməz”. 

Arzuxan Əlizadə bildirib ki, nəticə etibarilə, ermənilərin bu illər ərzində mövcud olan qanunsuz hərbi birləşmələri tərksilah olundu:

“Oradakı separatçı rejim də özünü buraxmalı və ərazi tam Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan qanunları həmin ərazilərdə də sona qədər bərpa olunmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Təbii ki, Ordumuzun qələbəsinin başında dayanan Ali Baş Komandan İlham Əliyev bu prosesə tam rəhbərlik edib. Müzəffər Ali Baş Komandanı, qəhrəman əsgərlərimizi və xalqımızı bir daha təbrik edirəm”. 

Elmir Mustafa 
Cebhe.info