AMİP-30

Yevlax görüşündən sonra nələr dəyişəcək? – RƏY

“Yevlax görüşünün nəticələri ilə bağlı danışmaq hələ tezdir. Amma görüşün mövzusu Qarabağ ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində atılacaq addımların müzakirəsi ilə bağlı idi”.

Bu sözləri politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan tərəfinin prosesə baxışı, prosesin hansı istiqamətdə həyata keçiriləcəyi və nə kimi addımların atılacağı görüşdə müzakirə olundu:

“Böyük ehtimalla, bununla bağlı Azərbaycan nümayəndə heyəti erməni icmasının nümayəndələrinə müvafiq məlumatlar verib. Yəqin ki, onlar da bu məlumatları hal-hazırda Xankəndi və ətrafında yaşayan erməni icmasının fərdlərinin nəzərinə çatdıracaqlar. Təbii ki, proses Azərbaycanın istəyinə uyğun olaraq həyata keçiriləcək. 

Çünki Azərbaycanın rəsmi mövqeyi var. Söhbət təkcə silahlı qüvvələrinin özünü buraxması, hərbi texnikanın ərazidən çıxarılması və qeyri-qanuni hərbi birləşmələrin tərk-silah olunmasından getmir. Həm də qeyri-qanuni separatçı rejimin özünü buraxmasından söhbət gedir. Həmçinin, oradakı erməni əhalisi Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidir”.

Ekspert vurğulayıb ki, əgər bununla bağlı konkret addımlar atılacaqsa, proseslər dinc şəkildə müsbət istiqamətdə irəliləyəcəcək:

“Əks halda, ölkə başçısının da mövqeyi məlumdur. Ümumiyyətlə, ölkədə hər kəsin bu məsələdə vahid mövqeyi var. Bu da ondan ibarətdir ki, proses dinc şəkildə baş tutmayacaqsa, onda Azərbaycan yenə də separtaçı rejimin qalıqlarının ərazilərimizdən çıxarılması ilə bağlı əməliyyatların keçirilməsində sərbəstdir. Çünki söhbət Azərbaycanın legitim ərazisindəki qeyri-qanuni qurumdan gedir. Faktiki olaraq, həmin rejim orada yaşayan insanları özünün girovuna çevirib”.

Rəşad Bayramov hesab edir ki, bu, yeganə görüş olmayacaq:

“Yəqin ki, bundan sonra da müvafiq istiqamətdə görüşlər keçiriləcək. Prosesin uzadılması da arzuolunan deyil. Əminəm ki, erməni icmasının nümayəndələrinə təkcə təkliflərimiz çatdırılmayıb, həm də konkret vaxt qoyulub. Bu vaxt müqabilində də müvafiq addımların atılmasını gözləmək lazımdır”.

Pərviz

hit.az