AMİP-30

Partiya sədri: “Rusiya Vardanyanı Qarabağdan çıxara bilərdi, amma…”

“Bilməyənlər üçün xatırlatmaq istəyirəm ki, Ruben Vardanyan erməniəsilli Rusiya vətəndaşı idi. Vardanyan Rus oliqarxların çirkli pullarını yumaqla varlanmışdı. Əslində heç kimə sirr deyil ki, İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra Ruben Vardanyan Rusiyanın emisarı olaraq Qarabağa göndərilmişdi. O, Qarabağa gələrkən Rusiya vətəndaşlığından imtina etdiyini də rəsmi şəkildə bəyan etmişdi. Guya sonuna qədər Qarabağdakı keçmiş qondarma qurumun və separatçıların yanında olacağını bildirmişdi”.

Bunu TNS-ə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bildirib ki, Vardanyanın Qarabağa gəlməkdə məqsədi orada hakimiyyəti ələ almaq idi. Sonrakı mərhələdə isə onun Ermənistan hakimiyyətinə transfer ediləcəyi planlaşdırılırdı: “Bu, əslində Kremlin planı idi. Vardanyan Azərbaycanın Qarabağdakı qələbəsindən sonra bölgədə qalan məğlub ermənilərə “nəfəs” verməyə gəlmişdi. O istəyirdi ki, həm pulu, həm də müəyyən əlaqələri ilə həmin erməniləri revanşizmə vadar etsin. Beləliklə də bu prosesə rəhbərliyi öz üzərinə götürmüşdü”.

Arzuxan Əlizadənin sözlərinə görə, ermənilərə “ikinci nəfəs” verməyə gələn Vardanyanın öz “nəfəsliyi” bağlandı: “Azərbaycan dövlətinin atdığı çox qətiyyətli addımlar nəticəsində qondarma rejimin guya dövlət naziri olmuş quldur, iqtisadi cinayətkar əvvəlcə öz vəzifəsindən istefa verməyə məcbur oldu. Daha sonra oradakı erməniləri Azərbaycana qarşı vuruşmağa çağırırdı. Axıra kimi qondarma qurumlarını qoruyacaqlarlarını desə də, bu rejimin aqibəti artıq bəllidir. Görünən odur ki, Vardanyanı Qarabağa göndərən qüvvələr özləri onun qələmini qırıblar. Çünki bu müddət ərzində onu rus hərbi kontingentinin köməyi ilə bölgədən vertolyot və ya digər vasitələrlə çıxarmaq imkanı ola bilərdi”.

Arzuxan Əlizadə bildirib ki, böyük zəfərlə nəticələnən Vətən Müharibəsinin başlamasının ildönümündə Ruben Vardanyanın həbsi qürurvericidir.

“Belə cinayətkarların həbsinin davamını gözləyirik. Araik Arutyunyan da daxil olmaqla separatçıların bütün quldur başçılarının da tezliklə Azərbaycan qanunları qarşısında cavab verməsi önəmldir. Qarabağdakı ermənilər də gördülər ki, Ruben Vardanyan Azərbaycan sərhədçiləri tərəfindən necə saxlanılıb. Bu, Azərbaycana qarşı gələcəkdə Vardanyan kimi addımlar atmaq istəyənlər üçün görkdür. Artıq şəhidlərimizin ruhu şaddır. Dövlətimizin uğurlu fəaliyyəti nəticəsində bütünlüklə Qarabağ Azərbaycanın nəzarəti altındadır. Yekun hədəfimiz Xankəndidir. Bu proseslərin yekunlaşmasını o zaman qeyd edəcəyik ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. Həmin ərazilərə Azərbaycan hüquq-mühafizə orqanları nəzarət edəcək”, – partiya sədri bildirib.

Bünyamin Bünyadzadə

tns.az