BMT missiyası Qarabağa gəldi – Azərbaycanın əsas gözləntisi nədir?
Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Missiyanın gəlişi ilə bağlı aşağıdakı məsələlər bir daha gündəmə gəldi: 1. Azərbaycan şəffaflığı təmin etdi və bir daha xoş niyyətini, humanistliyini nümayiş etdirdi və göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur. 2. Azərbaycan erməniləri çıxartmır, onlara hər hansı təzyiq göstərilmir, onlar öz xoşları ilə gedirlər. 3. Onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. 4. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiq göstərib. BMT missiyasından Azərbaycanın əsas gözləntisi nədir?
Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə müavini, Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu həftənin Azərbaycan üçün çətin keçəcəyinin anonsunu verdi: “Tutduğumuz bu yol xaricdə Azərbaycan əleyhinə qərarlar verilməsi üçün çalışan gücləri pis vəziyyətə qoyub. Onlar tamam başqa bir ssenari üzrə hazırlıqlarını görmüşdülər. Yəni onların fikrincə, Azərbaycan Ordusu dərhal bütün gücü ilə Xankəndinə girəcəkdi, şəhərdə qondarma rejimin bütün strukturları dağıdılacaqdı, kütləvi həbslər baş verəcəkdi və ən nəhayət erməni əhalisi zor gücünə ərazilərdən çıxarılacaqdı, işgəncələr, ölümlər olacaqdı. Bunların heç biri onlar düşündükləri kimi olmadı. Əksinə, əhaliyə qalıb reinteqrasiya olmaq təklifləri, erməni icmasının nümayəndələri ilə mütəmadi danışıqlar prosesi xaricdəki bəzi dairələrin bütün planlarını pozub. Azərbaycan əleyhinə öncədən hazırladıqları ssenariləri dəyişmək imkanları belə yoxdur. O səbəbdən hələ də xaricdə Azərbaycanın Qarabağı blokadada saxlaması, humanitar fəlakət yaşatması, süni aclıq yaratması, Laçın dəhlizində tıxaclar yaradılması, insanların incidilməsi və s. bunun kimi öncədən hazırlanan tezislərlə çıxış etməyə məcburdurlar. BMT missiyasının oraya gəlməsi, onları məhz Azərbaycan tərəfinin müşayiət etməsi həqiqətləri ortalığa çıxarmaq üçün yaxşı bir şansdır. Doğrudur, onlar reallıqları rahatlıqla qəbul etməyə bilərlər. Amma həqiqətlərin qarşısında doğruları söyləməkdən başqa yol olmamalıdır. Bu həftə Azərbaycan üçün gərgin və çətin keçəcək. Belə ki, oktyabrın 5-də Qranadada Azərbaycan-Ermənistan-Avropa İttifaqı və Makron arasında görüş keçiriləcək. Görüş öncəsi Avropa Parlamentinin Azərbaycan əleyhinə sənəd qəbul etdirmək üçün layihə hazırlaması və həmin layihəni ayın 5-də, məhz Qranadada danışıqlar günündə Avropa parlamentində səsverməyə çıxardacağı Qarabağ probleminin həlli yolunda sülh müqaviləsi perspektivinə qarşı təxribatdan başqa bir şey deyil. O səbəbdən Azərbaycanın müvafiq strukturlarının nümayəndələrinin Qarabağda görüşlər keçirməsi, xüsusilə orada qalan erməni əhali ilə reinteqrasiya ilə bağlı maarifləndirmə işlərini aparması və bu istiqamətdə digər işlərin görülməsi çox vacibdir. Görülən işlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı da intensiv işlər görülməlidir. Hazırda əleyhimizə aparılan təbliğatlardan biri Laçın dəhlizi vasitəsilə 100 mindən artıq erməninin zorla çıxarılması, etnik təmizləmə ittihamıdır. Aydındır ki, gedənlərin bir hissəsi könüllü, bir hissəsi də separatçıların təhriki ilə gediblər. Amma əminəm ki, bunlar deyilən rəqəmin heç yarısı belə deyil. O səbəbdən əlimizdə olan real rəqəmlərin deyilməsi də vacibdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”