AMİP-30

Avropa İttifaqı başa düşür ki, Azərbaycan yeni formatlar üzərində işləyir – Politoloq

Azərbaycan Prezidentinin son olaraq Gürcüstanda verdiyi bəyanatdan da göründüyü kimi, istənilən vasitəçilərlə danışıqların aparılmasını dəstəkləyir. O şərtlə ki, həmin vasitəçilər qərəzli olmasınlar və prosesə obyektiv yanaşma ortaya qoysunlar.

Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov deyib. 

“Biz son görüşdən iştirakçıların qərəzli mövqeyi səbəbindən imtina etdik. Söhbət Fransa kimi ölkələrdən gedir.  Bu, faktiki olaraq Avropa İttifaqının özünə də verilmiş bir mesaj idi.

Məlum olduğu kimi, Avropa İttifaqının prezidenti Şarl Mişelin İlham Əliyevlə telefon danışığnda bir daha Azərbaycanın sülh prosesinə töhfə verməkdə maraqlı olduğu çatdırılıb, amma o da bildirib ki, biz nəticəli görüşlərin keçirilməsində maraqlıyıq. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistandan, həm də hələ də işğal altında olan 8 kəndimizlə bağlı müvafiq addımların atılmasını gözləyirik. Başqa sözlə, Prezident İlham Əliyev Avropa İttifaqının prezidentinə oktyabrın axırında keçiriləcək görüşdə hansı məsələlərin müzakirə olunmasının vacibliyini çatdırıb və bu, ölkəmizin ərazi bütövüyünü tanıyan Ermənistanın bütün ərazilərimizdən qeyd-şərtsiz çıxmasını şərtləndirir”.

Politoloq qeyd edir ki, Avropa Parlamenti kimi qurumların qəbul etdiyi qətnamələr, yaxud Avropa İttifaqının Azərbaycanla bağlı qətnamə qəbul etmək niyyətləri onun neytral vasitəçi imicinə ziyan gətirir.

R.Bayramov bildirir ki, görüşlərdə ona görə iştirak edirik ki, kimsə sülhdə maraqlı olmadığımızı iddia edərək bizə irad tutmasın. Onun sözlərinə görə, görüşün harada, kimin vasitəçiliyilə keçirilməsindən asılı olmayaraq, Azərbaycanın konkret mövqeyi var.  Mövqeyimiz beynəlxalq hüququn bizə verdiyi imkanlara əsaslanır. Azərbaycanın sülhlə bağlı 5 baza prinsipdən ibarət təklifləri ortadadır. Nə qədər ki, vasitəçilər bu prinsiplərdən kənara çıxmayacaq, nə qədər ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində addımlar atacaq, biz də belə görüşlərdə iştirak edəcəyik. Bu görüşlər Azərbaycanı nələrdənsə imtinaya məcbur edəcəksə, təbii ki, iştirak mənasız olacaq və Azərbaycan imtina ilə bağlı qərar qəbul edə bilər:  “Avropa İttifaqı bunu kifayət qədər yaxşı anlayır və onu da başa düşür ki, vasitəçiliyi ilə aparılan görüşlərdə hər hansı bir nəticəyə nail olunmayacaqsa, ortaya Rusiya, ABŞ kimi oyunçuların daha rahat daxil olmaq imkanları yaranacaq. Avropa İttifaqı başa düşür ki, Azərbaycan yeni formatlar üzərində işləyir və bununla bağlı ilkin mesajlar Gürcüstanda verilib. Bu da Cənubi Qafqaz problemlərinin kənarda deyil, məhz Cənubi Qafqazda həllinə dairdir.  Biz bütün dünyaya başa salmışıq ki, münasibətlərin tənzimlənməsi, sülh danışıqlarında maraqlıyıq, amma kiminsə öz məqsədi üçün bu görüşlərdə vasitəçi qismində iştirak etməsini, Azərbaycan-Ermənistan münasibətlərinə öz maraqları müstəvisində yanaşmasını qəbul etməyəcəyik”.

hafta.az