AMİP-30

Kritik gəlişmə: Sülh müqaviləsi arxa plana keçir

İsrail ilə HƏMAS arasında müharibə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini ləngidə bilər.

Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağına nəzarət edən HƏMAS və “İslami Cihad”-ın silahlı dəstələrinin İsrailin Aşkelon, Şdelod və bəzi şəhərlərə sızması, raket atəşinə tutmasından sonra Təl-Əviv rəsmən müharibə elan edib.

Demək olar ki, qlobal mediada İsrail-HƏMAS müharibəsi ilkin prioritet mövzusuna çevrilib və dünyanın diqqəti bu məsələyə yönəlib. 

Son üç il ərzində qlobal medianın diqqətindən düşməyən Azərbaycan-Ermənistan sülh prosesi və Qarabağ məsələsi artıq üçüncü və dördüncü dərəcəli mövzuya çevrilib. 

Bakı ilə İrəvan arasında sülh prosesində vasitəçilik edən ABŞ və Avropa İttifaqı diqqətini Yaxın Şərqə yönəldib.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr Cənubi Qafqaz və Ukraynadakı prosesləri nisbətən arxa plana atıb:

“İsrail və HƏMAS arasında baş verən müharibənin Azərbaycanla Ermənistan arasındakı sülh prossesini, eləcə də Rusiya-Ukrayna müharibəsini arxa plana atması müşahidə olunur.

Hizbullahın da nəzarəti altında olan ərazilərdən İsrailin hədəf alması və İsrail tərəfindən əks zərbələrin endirilməsi onu göstərir ki, bu münaqişənin miqyası böyüyüb bütöv regiona yayıla bilər. Bunlara baxmayaraq Azərbaycanla Ermənistan arasında aparılan danışıqların və nizamlanma prosesinin uzun müddət arxa plana keçəcəyini düşünmürəm. 

Çünki Yaxın Şərq regionunda baş verənlər böyük güclər üçün nə qədər əhəmiyyətlidirsə, Cənubi Qafqazda baş verən hadisələr də bir o qədər əhəmiyyətlidir. İstər ABŞ, istər Rusiya, istərsə də Avropa İttifaqı Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün sülh danışıqlarında əsas vasitəçi olmaq uğrunda mübarizə aparırlar.

Belə bir şəraitdə tərəflərdən hər hansı birinin prossesi arxa palana atması inandırıcı deyil. Adıçəkilən dövlətlər ən azından prosesdən kənarda qalmamaq üçün vasitəçilik missiyasını davam etdirəcəklər”. 

ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişnin imzalanmasına gəlincə, politoloq vurğulayıb ki, bu, Qərbin məsələyə nə qədər obyektiv yanaşmasından asılı olacaq:

“Əgər ABŞ və Avropa İttifaqı vasitəçilikdə ədalətli olacaqlarsa, o cümlədən prosesə öz maraqlarını təmin etmək baxımından yanaşmayacaqlarsa, o zaman sülh sazişi də imzalanacaq. Bu eyni şəkildə Rusiyaya da aiddir.

Bizim üçün prosesdə hansı vasitəçinin olması elə bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, həmin vasitəçi danışıqlarda obyektiv yanaşma sərgiləsin. Əgər bu olacaqsa yaxşı, olmayacaqsa, o zaman dayanıqlı sülh də olmayacaq”. 

Rəşad Bayramov əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan üçün ən yaxşısı danışıqların ikili platformada aparılmasıdır: 

“Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı konkret təkliflə də çıxış edərək, Cənubi Qafqazdakı problemlərin yalnız region ölkələri tərəfidən həll olunmasını məqbul hesab edib. 

Gürcüstanın da iştirakı ilə üçtərəfli danışıqlar formatını təklif edib. Hesab edirəm ki, bu ən münasib vasitədir. Çünki ortada böyük oyunçuların olması onların maraqlarını ön plana çıxarır və nəticədə sülhə gedən yol da uzanır”.

Yunis Abdullayev
Cebhe.info