AMİP-30

AMİP sədri Prezident İlham Əliyevi təbrik edib

16 oktyabr 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Cənab Prezident! Hörmətli Ali Baş Komandan!

Dünənki gün, 15 oktyabr 2023-cü il Azərbaycanın 200 illik tarixində bir dönüş nöqtəsi oldu. Xankəndi, Xocalı, Xovacənd, Ağdərə və Əsgəranda ucaldılan müqqəddəs üçrəngli bayrağımız təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın tarixinin yenidən yazıldığı gün kimi tarixə düşdü.

Anti-terror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu.

Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu ərazilərimizdə separatizmə yer olmadığını və xam xəyallarla yaşamağın fayda verməyəcəyini erməni toplumu üçün birdəfəlik anlatmış olmaqla xalqımıza böyük xoşbəxtlik və sevinc bəxş etdi.

Azərbaycanın Konstitusiya quruluşu və suverenliyinin bərpası ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyacağı da qətiyyən şübhə doğurmur.

Cənab Prezident!

Azərbaycan Milli İstiqlal Partiyası olaraq Sizi bu möhtəşəm gün münasibətilə təbrik edir, güclü, qüdrətli, demokratik Azərbaycan uğrunda fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Arzuxan Əlizadə

AMİP Sədri