AMİP-30

Arzuxan Əlizadə: “Zaxarovanın bəzi fikirləri həqiqətdən uzaqdır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistana yönəlik bir sıra tənqidi fikirlər səsləndirib. Zaxarovanın açıqlamasından belə məlum olub ki, Ermənistan var olmasına görə Rusiyaya borcludur.

M.Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Ermənistan Rusiyadan ən çox bəhrələnən ölkədir: “Müsahibədə Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında hərbçilərimizin, sərhədçilərimizin rolu azaldılır, KTMT-nin və sülhməramlıların effektivliyindən təəssüfləndikləri ifadə olunur. Gəlin, faktları xatırlayaq. Faktlar ki, var. Ermənistan iqtisadiyyatının sürətli artımı, 2022-ci ildə 12,6 faiz artım olub, əhalinin rifah halının yüksəlməsi Rusiya ilə sıx ticarət iqtisadi əlaqələr, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində mümkün olub. Ermənistan Aİİ ölkələrinə ixracının həcmi 2022-ci ildə 1,6 milyard dollar artıb, hansı ki, bu 2021-ci illin göstəricisindən üç dəfə çoxdur. Rusiya Ermənistan iqtisadiyyatının əsas investorudur. Rusiya, demək olar ki, ölkədə xarici sərmayənin yarısını təmsil edir. Ermənistanda 4,5 mindən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir, hansılar ki, respublikanın ən böyük vergiödəyicilərinin və işəgötürənlərinin sırasına daxildir. 90-cı illərdən başlayaraq Ermənistanda Rusiyanın hərbi mövcudluğu və sərhədçilərimizin orda olması respublika üçün Cənubi Qafqazda sadə olmayan vəziyyət və Ermənistanın öz qonşuları ilə nizamlanmayan münasibətləri nəzərə alınaraq tələb olunub. Ermənistandakı Rusiya hərbi bazası erməni həmkarları ilə döyüş hazırlığının yüksəldilməsi üçün müntəzəm təlim tədbirləri həyata keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədindən qanunsuz keçidin qarşısını alır. Ermənistan-İran sərhədində qaçaqmalçılığın qarşısını alır. 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirir”.

Daha sonra Zaxarova sülhməramlıların önəmini qeyd edib: “O ki qaldı Qarabağdakı Rusiya sülhməramlılarına, əgər onlar olmasaydı, 2020-ci ilin payızında regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari ilə inkişaf edərdi, xüsusilə də Ermənistan rəhbərliyinin ictimai şəkildə Qarabağın Azərbaycana məxsusluğunu etiraf etməsindən sonra…

O ki qaldı rəsmi İrəvanın KTMT-nin effektivliyi ilə bağlı iradlarına, Ermənistan rəhbərliyi KTMT missiyasının respublika ərazisində yerləşdirilməsinə razılıq versəydi, bir çox problemlərdən yayınmaq olardı. Lakin bunun əvəzinə Ermənistan rəhbərliyi Avropa İttifaqının missiyasını dəvət etməyə üstünlük verdi, hansı ki, monitorinq görüntüsü altında həmin missiya əslində Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır və istisnasız olaraq Brüsselə hesab verir. Qərbin informasiya orqanların Ermənistanın dövlət məmurlarının sinəsinə çöküblər”.

Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi fonunda Zaxarovanın açıqlamasında iki məqam diqqəti cəlb edir. Birincisi, Ermənistanın Rusiyadan ən çox bəhrələnməsi. İkincisi, Rusiya sərhədçilərinin 2020-ci ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində monitorinq həyata keçirməsi.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Zaxarovanın bəzi fikirlərində həqiqət var, amma reallıqla uzlaşmayan məqamlar da var: “Bəli, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ötən iki il ərzində kəskin artıb. Nəyin hesabına? Reeksport hesabına. Necə olur ki, əhalisinin sayı az olan, iqtisadiyyatı kiçik və zəif olan Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi birdən-birə kəskin şəkildə artır? Məgər bu, Ermənistan iqtisadiyyatında təbii tələb əsasında formalaşır? Əsla yox. Məsələ ondadır ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayandan sonra bu ölkəyə qarşı genişmiqyaslı sanksiyalar qəbul olunub. Rusiya sanksiyalardan yayınmaq üçün xarici məhsulları üçüncü ölkələr üzərindən əldə edir. Belə qanunsuz ticarətə ən çox şərait yaradan, bunların başında gedən Ermənistandır. Rusiyanın  İT şirkətləri Ermənistanda fəaliyyət göstərir. Məhz bu səbəblərdən Ermənistanla Rusiya arasında qısa müddətdə ticarət dövriyyəsi belə kəskin artıb. Yoxsa haradandır Ermənistan iqtisadiyyatında belə yüksək tələb? Yaxşı olardı ki, Zaxarova bunlardan danışsın. Yeri gəlmişkən, Qərb də Ermənistanın qadağan olunan məhsulları Rusiyaya ötürdüyünü yaxşı bilir. Sadəcə, Ermənistan bundan iqtisadi baxımdan bəhrə götürsün deyə, buna mane olmaq istəmirlər. Digər tərəfdən o da həqiqətdir ki, Ermənistan sərhədlərini əsasən Rusiya qoruyur. Söhbət İran və Türkiyə sərhədlərindən gedir. Ancaq o doğru deyil ki, Rusiya olmasa Ermənistan-Türkiyə sərhədində vəziyyət yaxşı olmayacaq. Elə fon yaradılır ki, sanki Türkiyə Ermənistanı işğal edəcək. 2020-ci ildə Rusiya mane olmasaydı, Xankəndiyə, Ağdərəyə, Əsgərana nəzarəti bərpa etməyimiz 3 il uzanmazdı. O vaxt Rusiya buna imkan vermədi. Ancaq bu o demək deyil ki, Azərbaycan Ordusu erməniləri genosidə məruz qoyacaqdı. Zaxarovanın bu fikirləri həqiqətdən uzaqdır. Rusiya sərhədçilərinin müharibədən sonra Ermənistan-Azərbaycan sərhədində monitorinq aparması haqda məlumatlar yenidir. İndiyə qədər belə məlumat olmayıb. Ancaq iki il əvvəl Qazaxın işğal altında olan kəndlərində Rusiya hərbçilərinin fəallığı müşahidə olunub”.

Vidadi ORDAHALLI

baki-xeber.com