AMİP-30

Makron Brüssel formatını sabotaj etdi, Moskva danışıqları dalanda

Bəs bundan sonra danışıqlarda hansı format üstünlük qazanacaq?

Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşünün baş tutmayacağı dəqiqləşdi. Yada salaq ki, Brüssel görüşü baş tutmayan Qranada görüşündən sonra keçirilməli idi. Amma Brüsseldə nəzərdə tutulan görüş ərəfəsi də Fransa “dinc durmadı”.

Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin BMT Təhlükəsizlik Şurası səviyyəsində elan etdiyi təşəbbüs, Ermənistanla hərbi-texniki əməkdaşlıq buna sübutdur. Fransa demək istəyir ki, görüş ya Parisin müəyyən etdiyi çərçivədə olmalıdır, ya da baş tutmamalıdır. Belə görünür ki, Şarl Mişel də artıq Bakını danışıqlar masasında oturmağa razılaşdıra bilmir, çünki onun da Makron hakimiyyətinə ciddi bağlılıqları var.

Azərbaycan Prezidenti İlham Əliyev son olaraq Tiflisin vasitəçiliyini təklif edib. Ekspertlərə görə, Azərbaycana elə bir moderator lazımdır ki, onun özünün xüsusi geosiyasi marağı olmasın və birbaşa dialoqu təşkil etsin. Hələlik Ermənistanın baş naziri Paşinyan nə Tiflis variantına, nə də İlham Əliyevlə təkbətək görüşdə maraqlıdır. Paşinyan danışıqlar platformasında Fransa kimi bir gücün olmasını, Azərbaycana təzyiq göstərməsini arzulayır.

Kreml də hələ Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü ilə bağlı razılıq əldə edə bilməyib. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh müqaviləsinin Moskvada müzakirəsinin mümkünlüyü barədə hələlik dəqiq anlaşma yoxdur. “Rusiya tərəflərlə təmasları davam etdirir”, – deyə o bildirib.

Bəs bundan sonra danışıqlarda hansı format üstünlük qazanacaq?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev çox vacib bir məqamı önə çəkdi. Onun fikrincə, vaxtilə Rusiyanın oynadığı rolu hazırda Qərb oynayır: “Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə planlaşdırılan görüşə getməməsini danışıqların nəticəsiz olacağına əmin olması ilə əlaqələndirmək mümkündür.    Bu gün Avropa İttifaqı, xüsusilə Fransa maksimum şəkildə Azərbaycana təzyiq etməyə cəhd göstərir. Qranadada qəbul etdikləri sənəddə ermənilərin qeyd-şərtsiz geri qayıtmaları xüsusi vurğulanmışdı. Azərbaycanın kəskin etirazlarını görüb dediklərinə görə həmin bəndi çıxarıblarsa, sabah ondan da ağır şərtləri üzərimizə qoymayacaqlarına təminat yoxdur. Çünki danışıqlar masasında oturanların hamısı tərəfdir və hərəkətləri ilə bunu dəfələrlə isbat ediblər. Hətta Fransa Ermənistanla hərbi müttəfiqliyini elan edir, silah texnika parkını gücləndirməklə bağlı sənəd imzalayır. Həmçinin bölgəyə BMT sülhməramlılarının (Aİ-nin-Fransanın) yerləşdirilməsi də onların əsas planlarına aiddir. Bu o deməkdir ki, rəsmi Bakı təklif etdiyi reinteqrasiya proqramını bir kənara qoymalıdır və vəziyyət ən azı 19 sentyabra qədər olan “status-kvo”ya dönməlidir ki, bu da ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Bunun adına vasitəçilik deyilmir. Paşinyan yanlış olaraq inanmaq istəyir ki, Fransa başda olmaqla, Aİ Azərbaycana təzyiqlər, sanksiya təhdidləri etməklə vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilər. O səbəbdən Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlara, bu olmasa, tərəfsiz bir ölkənin vasitəçiliyi ilə, məsələn, Gürcüstanla müzakirələrin aparılmasına razılıq vermir. Burada Qərbin böyük rolu var. Onlar regiona daxil olmaq üçün əllərində olan yeganə açarın itirilməsini istəmirlər. Əslində gedişat göstərir ki, Avropa Birliyində Qarabağ probleminin həll olunmasını istəməyən kifayət qədər güclər mövcuddur. Qəribə bir paradoks yaranır. 28 il Rusiya Qarabağ probleminin həllinə mane olmaqla regionda nüfuzunu saxlamağa və hər iki tərəfi özündən asılı etməyə çalışırdı. Rusiya bu məsələdə geri çəkildiyi və bölgədə real sülhün yaranmasına şans yarandığı vaxtda vaxtilə Moskvanın tutduğu mövqeyə artıq Qərb yiyələnmək istəyir. Bu da bizim üçün yolverilməzdir. Odur ki, Azərbaycanın təklif etdiyi sülh şərtləri bütün tərəflər üçün uyğun olduğundan ikitərəfli, yaxud tərəfsiz digər ölkənin vasitəçiliyi ilə format bu gün üçün daha məqbul hesab olunmalıdır. Mənə elə gəlir ki, Azərbaycanın Qranada görüşündə iştirak etməməsi, Brüssel görüşünə getməyəcəyinin anonsunu verməsi doğru addımdır. Bundan sonra həm Ermənistan, həm də Avropa İttifaqı ciddi düşünməlidir və irəli sürdükləri, həyata keçməsi imkansız olan şərtləri və düşündükləri ideyaları bir kənara qoymalıdırlar”.

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, müharibədən ötən 3 il ərzində Ermənistan davamlı olaraq özünün havadarlarına və həmin o havadarların qeyri-real vədlərinə güvənərək sülh prosesindən davamlı şəkildə yayınıb: “Bu dövr ərzində Azərbaycan və Ermənistan arasında məhz Azərbaycan Prezidentinin irəli sürdüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 şərt istiqamətində Moskva, Vaşinqton və Brüssel platformaları çərçivəsində müzakirələr aparılıb. İlk dövrlərdə biz Brüssel prosesinin kifayət qədər uğurlu olması barədə düşünməyə başlamışdıq. Lakin sonrakı dövrdən, xüsusən ötən ilin oktyabrından etibarən Fransanın Brüssel prosesinə açıq müdaxiləsi, həmçinin bölgədə sülhə, sabitliyə təkzibolunmaz şəkildə zərər vuran davranışları, Avropa İttifaqının özünün bəzi addımları Brüssel prosesinin effektini azaltmağa başladı. Azərbaycanın özünün sərhəd bütövlüyünü təmin etməsi və ardınca bütün ərazilərində konstitusion quruluşun bərpa olunması fonunda Fransanın və Avropa İttifaqının bir çox strukturlarının, xüsusilə radikal və qərəzli davranışları fonunda isə Brüssel prosesinin əsl mahiyyəti, ümumiyyətlə, suallar doğurmağa başladı. Xüsusən Fransanın, Avropa İttifaqı Parlamentinin Azərbaycana münasibətdə açıq, qərəzli danışıqları Brüssel platformasını daha çox anti-Azərbaycan masasına çevirməyə başladı ki, bunu da təbii ki, Bakı qəbul edə bilməz.

Məhz bu kimi davranışlar fonunda, xüsusən Fransanın prosesə açıq müdaxilə cəhdlərini genişləndirmək niyyətini ortaya qoyduğu bir çağda, Azərbaycanın istəklərinin nəzərə alınmadığı situasiyada Bakı Qranada görüşündən imtina etdi. Biz aydın şəkildə Qranada görüşünün Ermənistanın lehinə, Azərbaycanın açıq formada maraqlarının hədəfə alındığı bir platformaya çevriləcəyini görürdük. Bu gün Azərbaycan sülh prosesi ilə nail ola biləcəyi bütün üstünlükləri əldə edib, lakin biz bölgədə davamlı sülhün və əməkdaşlığın formalaşması üçün mütləq qaydada yeni düzənin formalaşmasını arzu edirik. Bu formata isə yalnız bölgə dövlətlərinin özlərinin iştirakı ilə, bölgədən çox uzaq güclərin prosesə müdaxiləsindən kənar şəkildə nail olmaq mümkündür. Qısa müddət öncə həyata keçirilən 3+3 platforması bu gün regionda sülh və əməkdaşlıq mühiti üçün daha ağlabatan mühit ehtiva edir. Bu mənada, hesab edirik ki, prosesi davamlı şəkildə pozan güclərin iştirakı ilə həyata keçirilən kənar platformalardansa, region dövlətlərinin özlərinin iştirakı ilə 3-lü, 6-lı və yaxud ən azından Azərbaycan və Ermənistanın özünün birbaşa ikili təmasları ilə daha ciddi nəticələrin əldə olunması mümkündür. Ermənistan özü də sülhə niyyətini əməli formada göstərməlidir. Bütün imkanlarda, bütün mümkün platformalarda Azərbaycana münasibətdə ittihamlar səsləndirərək sülhə sadiq qaldığını bəyan etməsi Ermənistanın riyakarlığıdır. Belə olan halda, təbii ki, Azərbaycan davamlı israr etmək niyyətində deyil. Ermənistan özünün düşdüyü vəziyyəti, günü-gündən dərinləşən dalan dövlət statusunu nəzərə alaraq bundan sonra sülhə nail olmaqda daha çox özü israrlı olmalıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”