AMİP-30

Arzuxan Əlizadə: “Çox az sayda erməni proseslərin məntiqi yekununu belə təsəvvür edirdi”

Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Ermənistan noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzaladı. Ondan sonra Azərbaycan 2021-ci ilin ortalarında sülh təklifini verdi. 

Daha sonra sülh sazişinin 5 prinsipini irəli sürdü. 2022-ci ilin dekabrında Qarabağa qanunsuz silah daşınmasının, oranın sərvətlərinin talanmasının qarşısını almaq üçün Laçın yolunda ekoloqlar fasiləsiz aksiyalar keçerməyə başladılar. 23 aprel 2023-cü ildə Azərbaycan Ermənistanla sərhəddə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu və ölkəyə giriş nəzarətə götürüldü. Ən nəhayət, 19 sentyabrda lokal xarakterli antiterror tədbirləri keçirildi. Nəticədə Qarabağda separatizmə son qoyuldu, ölkə ərazisində suverenliyimiz tam bərpa olundu. Bunun təntənəsi olaraq 15 oktyabrda Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. 

Ümümilikdə, 44 günlük Vətən müharibəsindən sonra gedən bu proseslər faktiki olaraq bütün ərazilərimizdə Azərbaycanın tam suverenliyinin bərpa olunmasına gətirib çıxardı. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu, düşünülmüş planı idi. Yəni müharibə daxil və ondan sonra gedən proseslər Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına gətirib çıxardı. 

Bütövlükdə, doğrudan da bu, sistemli plan idi və bu  plan ermənilərə əvvəldən nə dərəcədə məlum idi? Ermənilər bu planın mahiyyətini öncədən başa düşə bilmişdilərmi? Yoxsa hər şey onlar üçün gözlənilməz oldu? Onlar həqiqətən də bunun bir plan olduğunu nə zaman anladılar? 

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çox az sayda erməni proseslərin məntiqi yekununu belə təsəvvür edirdi: “Məsələn, 1997-ci ilin payızında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağ məsələsi ətrafında yaranmış vəziyyətə öz yanaşmasını açıqladı. O zaman o bunu “Müharibə, yoxsa sülh”, “Düşünmək vaxtıdır” məqalələrində ifadə etdi. Ter-Petrosyan açıq dedi ki, indi razılaşmasaq, vaxt gələr yalvarsaq belə, indiki şərtləri qəbul etməyəcəklər. O zaman radikal qanad bunu qəbul etmədi və hətta Ter-Petrosyanı hakimiyyətdən devirdilər. İşğal müddətinin uzanması ermənilərdə böyük arxayınçılıq yaratmışdı. Onlar hesab edirdilər ki, dünya buna imkan verməyəcək. Zamanla Azərbaycan bununla barışmaq məcburiyyətində qalacaq. Ancaq biz səbrlə doğru zamanı gözlədik. Prezident İlham Əliyev ordu quruculuğunu gücləndirdi, müasir silah-sursatın alınmasını təmin etdi. Nəticədə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazandıq. Yenə də bu, ermənilərə ciddi dərs olmadı. Baxmayaraq ki, böyük məğlubiyyətə uğramışdılar. Hesab edirdilər ki, Qarabağa Rusiya sülhməramlıları yerləşdiyi üçün Azərbaycan hansısa addımlar atmağa cəsarət etməyəcək. Ancaq yenə də yanıldılar və 2022-ci ilin martında strateji əhəmiyyətli Fərrux yüksəkliyi nəzarətimizə keçdi. Həmin ilin avqust-sentyabrında bir sıra uğurlu lokal əməliyyatlar keçirildi. Beynəlxallq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdılar və bu, hüquqi baxımdan bizim xeyrimizə işlədi. 2022-ci ilin oktyabrında keçirilən Praqa görüşündə Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. Siyasi-hərbi təzyiqlərin uğurlu koordinasiyası sayyəsində Qarabağda separatizmə tam son qoyuldu. Erməni cəmiyyəti xəstə toplum olduğu üçün reallıqları qəbul etmək istəmir”.

Vidadi ORDAHALLI

baki-xeber.com