AMİP-30

Bakıdan Berlinə “tərs şillə” – İlham Əliyev almaniyalı naziri qəbul etməyəcək

Bu gün Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri başlayır. Berbok Bakıya İrəvandan gələcək. Belə ki, xanım nazir noyabrın 3-də İrəvanda olub.

Bu, xarici işlər nazirinin 2023-cü ilin yazında Gürcüstana səfərindən sonra Ermənistan və Azərbaycana ilk, Cənubi Qafqaza isə ikinci səfəridir. Almaniyalı nazir bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək və bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçiriləcək.

Maraqlıdır ki, Almaniya XİN başçısının Prezident İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb. Belə ki, Berbok Almaniyadan hələ çıxmamış açıqlanan səfər proqramında bu məlum olmuşdu.

Halbuki Almaniya sıradan bir dövlət deyil, Aİ-nin iki əsas ölkəsindən biridir. Bu ranqlı qonaqlar isə (məsələn, Rusiya baş diplomatı Sergey Lavrov) həmişə İlham Əliyev tərəfindən də qəbul edilir. Demək, Bakı Almaniya hökumətinin Azərbaycan siyasətindən narazıdır və haqqına da narazıdır.

Yada salaq ki, Almaniya hökuməti, son vaxtlar məhz Fransanın çaldığı erməni havasına girərək, Bakı və İrəvan arasında obyektiv vasitəçilik imicini ciddi şəkildə zədələyib. Konkret olaraq A.Berbok Bakının tam legitim antiterror tədbirlərindən sonra ölkəmiz əleyhinə bir neçə xoşagəlməz bəyanat səsləndirib. Avropa Parlamentində qərəzli qətnamələrin qəbulunda da Almaniyanın mühüm rolu var. Azərbaycan Prezidentinin Qranadada nəzərdə tutulan “5-tərəfli” görüşdən imtinası ən əvvəl belə ədalətsiz mövqe ilə bağlı olub.

Qeyd edək ki, bu soyuq münasibətlərə baxmayaraq, Almaniya tərəfindən Azərbaycanın dünya ticarətində oynadığı rol yenə də yüksək dəyərləndirilir.

“Almaniya Rusiya ilə enerji əməkdaşlığından imtina etdi, Moskva ilə enerji ittifaqını məhv etdi və buna görə də Berlinin başqa enerji mənbələrinə ehtiyacı var. Azərbaycan bu baxımdan Almaniya üçün ikiqat əhəmiyyətlidir”.

Axar.az xəbər verir ki, bunu Berbokun Azərbaycana planlaşdırılan səfərini şərh edən alman politoloq Aleksandr Rar deyib.

“Azərbaycan Avropanın, o cümlədən Almaniyanın Xəzərdən neft və qaz çəkəcəyini gözlədiyi bir dəhliz ölkəsidir. Odur ki, vaxtaşırı tənqidlərə baxmayaraq, Almaniya kəskin antiazərbaycan mövqe tutmayacaq. Məsələn, Berbokun Azərbaycanın Qarabağ əməliyyatından sonra verdiyi bəyanatların nə üçün edildiyini anlamaq lazımdır. Almaniyanın bütün Avropa kimi dəyərlər siyasəti var: ilk növbədə insan hüquqları, humanitar xətt. Ona görə də Azərbaycanın əməliyyatı ilə bağlı Almaniya narahatlığını ifadə etməyə başladı. Ola bilsin ki, Bakıya görə bu, hüdudlarından kənara çıxır. Almaniya Ermənistanı həvəsləndirməyə çalışır, lakin obyektiv olaraq Azərbaycanla münasibətləri korlamaq istəmir, çünki ona enerji resursları ilə bağlı lazımdır. Eyni zamanda, obyektiv olaraq başa düşmək lazımdır ki, AB və ABŞ-ın əsas vəzifəsi, məqsədi hansısa yolla Ermənistanı və ya Azərbaycanı öz istiqamətinə çevirmək deyil, Rusiyanı təcrid etməkdir. Qafqazda əsas məqsəd budur”, – o bildirib.

Rarın sözlərinə görə, AB enerji məsələlərində Azərbaycan və Rusiya arasında müəyyən əlaqə görür: “Alman siyasəti də Avropa və Amerika siyasəti kimi, Rusiyanı təcrid etməyə yönəlib. Eyni zamanda deyə bilərəm ki, AB vəzifələrinin öhdəsindən gəlmir. Qərbin Cənubi Qafqazdakı vəziyyəti həll etmək üçün o qədər də gücü və enerjisi yoxdur”.

Berbokun region səfəri rəsmi Berlinin öz yanlış siyasətinə düzəliş etməsinə gətirəcəkmi?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bildirdi ki, hazırkı alman iqtidarının Cənubi Qafqaz siyasəti Almaniyanın daxilində belə ciddi tənqid olunur: “Almaniyanın Qarabağ məsələsində özünü bu şəkildə aparması ilk baxışda çox təəccüblü görünmüşdü. Çünki, Almaniya Qarabağ problemi ilə bağlı heç vaxt belə birtərəfli mövqe nümayiş etdirməmişdi. Angela Merkelin 16 illik hakimiyyəti dövründə isə zaman-zaman Bundestaqda, onun müvafiq komissiyalarında Qarabağ problemi ilə bağlı ədalətli, obyektiv bəyanatların şahidi olmuşduq. Hətta o zamanlar Azərbaycanda bir çox siyasətçilər, ekspertlər, o cümlədən mən ATƏT-in Minsk qrupunun tərkibində Fransanın Almaniya ilə əvəzlənməsini təklif edirdik. Yəni problemə yanaşmada ikili standart görmədiyimizdən tərəfsiz vasitəçi kimi rəsmi Berlinə daha çox etimad edirdik. Bu vəziyyət sosial demokrat Şoltsun Almaniyada hakimiyyətə gəlməsindən sonra dəyişdi. Son aylar isə daha qabarıq şəkildə Azərbaycan əleyhinə özünü göstərməyə başladı. Yaranmış hər hansı gizli ittifaqla razılaşdırılmış planlar olmasa, bu şəkildə mövqeni görməyəcəkdik. Eyni zamanda, çox güman ki, son vaxtlar Fransa-Almaniya münasibətlərində nəzərəçarpacaq yaxınlaşmaların burada rolu var. Azərbaycanın keçirdiyi antiterror əməliyyatından bir neçə gün sonra BMT-də olan dinləmələrdə Almaniya xarici işlər naziri Annalena Berbok hazır yazılmış bir bəyanat oxuyub bizi ittiham etmişdi. O zaman təcrübəli bir siyasətçinin tamamilə yanlış bir bəyanatı oxuması məni təəcübləndirmişdi. Çünki bəyanatda bildirilirdi ki, Azərbaycan dərhal atəşi dayandırmalı, ermənilərlə danışıqlara getməlidir və.s. Halbuki, atəş bir neçə gün idi ki, dayandırılmış, erməni separatçıları ağ bayraq qaldıraraq təslim olmuşdur və Yevlaxda Qarabağın erməni icması ilə görüş də başlanmışdı. Bu o deməkdir ki, Berbokun daxil olduğu beynəlxalq qrup regionla bağlı planlarını öncədən ssenariləşdirib. Həmin bəyanat da ssenarinin tərkib hissəsi idi. Amma proses onların istədiyi kimi getmədiyindən öncədən hazırlanmış bəyanata dəyişiklik etmə imkanları belə olmamışdı. Hazırda Berbokun regiona səfəri Fransa və Almaniyanın regiondakı marağından qaynaqlanması ilə əlaqədardır. Düşünürəm ki, münasibətlərdə inamsızlıq olduğundan bu səfər rəsmi protokol səfəri kimi baş tutacaq. Subardinasiya qaydalarına görə xaricdən gələn nazirlər adətən prezidentlə görüşmürlər. Əgər belə görüşlər olursa, bu ya prezidentin həmin nazirə olan hörməti ilə bağlıdır, ya da nazir öz ölkəsinin başçısının özəl mesajını çatdırmaq məqsədilə görüşür. Hazırda isə dediyim faktorların heç biri ortada yoxdur. Hesab edirəm ki, Almaniya xarici işlər naziri bunu yaxşı bilir. Amma bu səfər onlar üçün vacibdir. Çünki onlar Qarabağ məsələsini yenidən masaya qoyub öz vasitəçiliklərini təklif edirlər. Bu yolla regionda mövcud olmağı planlaşdırırlar. Əslində Almaniya siyasi dairələrində Şolts hökumətinin Cənubi Qafqazla bağlı apardığı siyasət tənqid olunur və bu siyasətin Azərbaycanla münasibətlərə ciddi ziyan vuracağı bildirilir”.

Azər Badamov: Azərbaycan nümunəvi ölkələr sırasına daxil olub - "İki sahil"

Azər Badamov: “Almaniya, təəssüf ki, Fransanın əlaltısına çevrilib və…”

Deputat Azər Badamov “Yeni Müsavat”a açıqlamasında almaniyalı nazirin bu səfərinin bölgəyə heç bir yenilik gətirməyəcəyini bildirdi: “Almaniya təəssüf ki, Fransanın əlaltısına çevrilib və onun diktəsi ilə oturub-durması nəticəsində müstəqil beynəlxalq siyasət yürütmək iqtidarında deyil. Ona görə də Qranadada Oland Şolts Makronla çiyin-çiyinə oturub Azərbaycana təzyiq göstərməyə çalışırdı. Azərbaycan isə bu görüşə ümumiyyətlə getmədi və iradəmizə heç kimin təsir göstərə bilməyəcəyini göstərdi. O cümlədən, Brüsseldə nəzərdə tutulmuş görüşdən də imtina edərək ümumiyyətlə, Qərbin sülh təşəbbüsü ilə bağlı etimadını itirdiyini nümayiş etdirdi. Bu gün isə reallıq odur ki,  Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarda qalıb. Almaniyanın xarici işlər nazirinin regiona, o cümlədən Azərbaycana səfəri Brüssel formatına qayıtmağa inandırmaq məqsədi daşıdığını hesab edirəm. Qərbin  Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı təşəbbüslərinə inandığımız üçün 30 ildə torpaqlar Ermənistanın işğalında qaldı. Sonda öz gücümüzlə pozulmuş hüquqlarımızı bərpa etməyimizə məcbur olduq. Almaniyanın xarici işlər naziri Bakıya gəlməklə bir yenilik gətirməyəcəyi bəllidir. Ona görə də özünün azərbaycanlı həmkarı ilə söhbətlər edib çıxıb gedəcək. Almaniya regionumuza həqiqətən sülhün gəlməsini dəstəkləyirsə, Azərbaycanla Ermənistan arasında vasitəçisiz ikitərəfli görüşlərin keçirilməsini dəstəkləməlidir. Çünki regionumuza sülhün gəlməsinə bizdən çox maraqlı heç bir tərəf yoxdur. Bu gün Azərbaycanla Ermənistan arasında  mübahisəli çoxsaylı məsələlər öz həllini tapıb. Bu gün isə gündəlikdə öz həllini gözləyən əsas məsələ Ermənistanın öz çirkin niyyətlərindən birdəfəlik əl çəkməsi və qonşuluq münasibətlərinin qurulmasında səmimilik nümayiş etdirilməsidir. Amma təəssüf ki, hələ ki, Ermənistandan belə bir səmimilik görmürük”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”