AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Ermənistanın xilas yolu  qonşularla münasibətləri normallaşdırmaqdan keçir” 

Erməni mediası yazır ki, Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 10-20 min arasında dəyişir: “Rəsmi rəqəmlərə görə, artıq Qarabağdan Ermənistana köçən 10 mindən çox şəxs, qeyri-rəsmi olaraq isə 20 min nəfər Ermənistanı tərk edib”.

Yeri gəlmişkən, təxminən bir ay əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin ölkədə qalmaq istəmədiklərini, davamlı olaraq ölkəni tərk etdiklərini demişdi. Həmçinin qeyd etmişdi ki, ölkəni tərk edən Qarabağ ermənilərinin sayı dəyişir. Belə görünür ki, bu gedişlə Ermənistanda Qarabağ ermənisi qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda əzəldən Qarabağ ermənilərinə münasibət yaxşı olmayıb. Zaman-zaman buna görə tərəflər arasında gərginliklər yaşanıb. 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Qarabağ ermənilərinin Ermənistanı tərk etməsini müxtəlif amillərlə əlaqələndirdi: “Bu faktlar onu göstərir ki,  dövlətlər və xalqlar süni yollarla, başqalarının göstərişi ilə fəaliyyət göstərdikdə, bu addımların nəticələri acı sonluqla tamamlanır. Ermənistan süni şəkildə yaradıldığı üçün, bu xalqın taleyi hər zaman başqa əllərdə olub. Bu ələbaxımlıq, bütün sahələrdə olduğu kimi, erməni əhalisinin demoqrafik vəziyyətinə də mənfi təsirlər göstərməkdədir. Nəinki Qarabağ erməniləri, elə Ermənistan ərazisində yaşayan ermənilər də baş verənlərdən, Türkiyə və Azərbaycana  qarşı düşmənçilik “toxumu” səpən “ideoloqların” əlindən təngə gəliblər. Sadə erməni əhalisi təhlükəsiz yaşamağı düşünsə də, bu dövlətin rəhbərliyinin dünyanın bir çox ölkəsinin siyasi maraqları önündə oyuncaq alətinə çevrildiyi hər birimizə məlumdur. Ona görə də sabitlik erməni cəmiyyəti üçün heç üfüqdə belə görünmür. Erməni sosioloqlarının etirafına görə, ölkə əhalisi arasında dərin ruh düşkünlüyü hələ uzun illər davam edəcək. Bunun çox sadə görünən səbəbi ortadadır. İnsan üçün ən vacib olan məsələ yaşayıb-yaratmaq olmalıdır. Bu da beyni zəhərlənmiş erməni cəmiyyətinə tamamilə yad olan bir məsələdir. Ancaq içlərində rasional düşüncə sahibi olanlar yaxşı başa düşürlər ki, belə yaşamaq mümkün deyil. Onlar da dərhal mühacirətə üz tuturlar. Bu ilin statistikasına baxsaq görərik ki, Ermənistan əhalisinin sayı 2 milyon 900 min nəfər olub. İllərdir bu statistik rəqəmlər yerində sayır. Artım müşahidə olunmur. Repatriasiya tədbirləri həyata keçirilsə belə, Ermənistana qayıtmış ermənilər vəziyyəti gəlib gördükdən qısa müddət sonra geri qayıtmağa məcbur olurlar. İstər Qarabağdan könüllü köç edən ermənilər, istərsə də Ermənistanda yaşayan ermənilər çıxış yolunu mühacirətdə görürlər. Çox hallarda, bildiyimiz kimi, miqrantların çoxu geri dönmür. Erməni əhalisi artıq dərk edir ki, dalana düşən Ermənistanın xilas yolu  qonşularla münasibətləri normallaşdırmaqdan keçir. Bunu da Ermənistanı özünə alət edən Fransa kimi dövlətlər istəmir. Nə qədər belə olacaqsa, ölkədən mühacirət davam edəcək”.

Vidadi ORDAHALLI

baki-xeber.com