AMİP-30

Arzuxan Əlizadə: “Fransanın Ermənistanı silahlandırmaqda məqsədlərindən biri Türkiyənin regionda təsirini zəiflətməkdir” 

“Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”.

Bu fikri Prezident İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Ölkə başçısının sözlərinə görə, Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür: “Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər? Heç nə. Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır”.

Maraqlıdır, Fransa bunu nə məqsədlə edir?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fransanın burada bir neçə məqsədi var: “Fransanın Ermənistanda illüziyalar yaratmaqda bir neçə məqsədi var. Başlıca məqsəd Rusiyanı əvəz etməkdir. Fransanın Ermənistanı dəstəkləməsinin bir səbəbi xristian təəssübkeşliyidir. Paris hesab edir ki, Ermənistanda xristian Rusiyanı xristian Fransa əvəz etməlidir. Fransada belə bir əminlik yaranıb ki, gedən proseslər nəticəsində Rusiyanın Cənubi Qafqazı tərk etməsi qaçılmazdır. Fransanın Ermənistanı silahlandırmaqda məqsədlərindən biri Türkiyənin regionda təsirini zəiflətməkdir. Biz nəzərə almalıyıq ki, Fransa tarixən Türkiyəyə münasibətdə düşmən mövqe sərgiləyib, bu ölkənin güclənməsinə qarşı olub. Onlar yaxşı bilirlər ki, son illər Türkiyənin bölgədə təsir imkanları artıb. Ona görə də bütün bunları həyata keçirmək üçün Ermənistandan maşa kimi istifadə edilir. Ermənilərə reallaşması illüziya kimi görünən vədlər verilir. Paşinyan hakimiyyəti də onların təsiri altına düşərək Parisin çaldığı havaya oynayır. Fransanın strateji hədəflərindən biri Mərkəzi Asiya ilə Avropanı birləşdirən və Cənubi Qafqazdan keçən tranzit-nəqliyyat yollarına nəzarət etməkdir. Nəzərə almaq lazımdır ki, Fransanın Gürcüstanla əlaqələri genişlənir. Fransa bunu həm də Avropa İttifaqı çətiri altında həyata keçirməyə cəhd edir. Təsadüfü deyil ki, bu günlərdə Fransanın Ermənistana verdiyi zirehli texnikanın bu ölkəyə keçirilməsinə Gürcüstan mane olmadı. Bütün bunlar onu göstərir ki, region uğrunda geosiyasi mübarizə kəskinləşir. Ancaq düşünmürəm ki, Fransanın regiona daxil olmaq və burada möhkəmlənmək cəhdləri uğurla nəticələnəcək. Türkiyə-Rusiya amili buna imkan verməz. Üstəlik, Böyük Britaniya da istəməz ki, Fransa Cənubi Qafqazda hegemon mövqedən çıxış etsin”.

Vidadi ORDAHALLI

baki-xeber.com