AMİP-30

Arzuxan Əlizadə: “Ermənistanın başlıca məqsədi dünya içtimaiyyətini çaşdırmaqdır” 

Baş nazir Nikol Paşinyan başda olmaqla, son vaxtlar Ermənistan rəhbərliyi, ən yüksək ranqlı şəxslər yaxın 15 gündə, yəni ilin axırına qədər sülh sazişinin imzalanmasının mümkün olması ilə bağlı bəyanatlar verirlər. 

Qarabağa Ermənistanın heç bir ərazi iddiasının olmadığını bəyan edirlər. Münaqişənin həll olunduğunu, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmələri kimi bir problemin olmadığını deyirlər. Eyni zamanda, ATƏT sessiyasında Paşinyan sülh sazişinin əsas prinsipləri üzrə razılaşma əldə olunduğunu qeyd etdi. Həmçinin qeyd olundu ki, yaxın 15 gündə sülh sazişi imzalana bilər. 

Maraqlıdır, Ermənistan son vaxtlar davamlı olaraq belə cəlbedici bəyanatları nə məqsədlə verir? Özü də bunu çox geniş miqyasda reklam edirlər. Erməni tərəfin bunda hədəfləri nədir? Halbuki, ortada bir şey yoxdur və sazişi imzalamaq üçün də gəlmirlər. Sentyabrın 11-də Azərbaycanın təqdim etdiyi sülh sazişi sənədinə noyabın 21-də cavab veriblər və cavabın nədən ibarət olduğu bilinmir. Praktiki olaraq yaxına gəlmirlər, real sülh danışıqları aparmaq istəmirlər. Hətta Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan etdi ki, Ermənistan danışıqları Moskvada aparmaq istəmir. Ancaq Vaşinqton və Brüsseli istəyir. O baxımdan erməni rəsmilərinin sülh sazişinə yönəlik boğazdan yuxarı bəyanatları nəyə xidmət edir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistan tərəfinin sülhlə bağlı belə yalançı fon yaratmasının bir neçə məqsədi var: “Başlıca məqsəd dünya içtimaiyyətini çaşdırmaqdır. Mümkün qədər dünyada bununla bağlı belə saxta rəy yaratmaq istəyirlər ki, Ermənistan tezliklə sülh sazişi imzalanmasının guya bir nömrəli tərəfdarıdır. Guya rəsmi İrəvan bununla bağlı nə mümkündürsə etməyə və sülh prosesini sürətləndirməyə çalışır. Bununla Paşinyan öz barəsində “sülh göyərçini” imici formalaşdırır. Məqsədlərdən biri də odur ki, Azərbaycanı sülh sazişini imzalamaqda maraqlı olmayan tərəf kimi təqdim etsinlər. Erməni tərəfi belə rəy yaratmaq istəyir ki, Azərbaycan müharibədə qalib tərəf olsa da sülh sazişində maraqlı deyil. Bunu da öz fantaziyaları ilə belə əsaslandırmağa çalışırlar ki, guya Azərbaycan Zəngəzura hücum etməyə hazırlaşır. Təsadüfi deyil ki, Qərb də ermənilərin bu yalanına uyur. Noyabrın ortalarında ABŞ Senatında keçirilən dinləmələrdə belə bir atmosfer var idi ki, Azərbaycan hücum edə bilər. Bunu əsas götürüb bəyan edirdilər ki, ABŞ Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir. Bütün bunlarda Ermənistanın bir məqsədi də odur ki, mümkün qədər prosesi uzatsınlar. Çünki sülh sazişi rezliklə imzalansa, ermənilərin bir sıra oyunları başa çatacaq. Məsələ ondadır ki, Ermənistan təhdid altındadır deyib Qərbdən yardımlar qoparırlar. Sülh olsa, bu dayana bilər. Fransa artıq Ermənistanı silahlandırmaqla məşğuldur. Sülh sazişinin imzalanması nə qədər yubansa, bu bir o qədər Ermənistanın silahlandırılması üçün bəhanə olacaq. Sazişin yubanması Rusiyaya qarşı təbliğat və bu ölkənin Ermənistandan çıxarılması baxımından da onlar üçün faydalıdır. Başqa bir tərəfdən, sülh sazişi imzalansa, Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı müşahidə missiyasının mövcudluğuna ehtiyac olmaz. Hərçənd o missiyanın məqsədi sərhəddə monitorinq aparmaq deyil, Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqdır. Bax, bütün bunlardan çıxış edərək Ermənistan özü barədə sülhpərvər obrazı yaratmağa çalışır. Reallıqda isə məqsədi vaxt uzatmaq və geosiyasi vəziyyətin nə vaxtsa Ermənistanın xeyrinə dəyişə biləçəyiilə bağlı illüziyaya qapılmaqdır”.

Vidadi ORDAHALLI

baki-xeber.com