AMİP-30

Arzuxan Əlizadə: “Azərbaycana yönəlik revanşizmin olmayacağı sülh sazişində öz əksini tapmalıdır”

“Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır”. Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib.

Ölkə başçısının sözlərinə görə, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik: “Bizə əslində nə lazımdır, yəni Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır. Bu bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”.

Maraqlıdır, revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qarantiyanın verilmə forması nədən ibarətdir? Bu, sülh sazişində öz əksini tapmalıdır, yoxsa başqa formalarda olmalıdır? Revanşizmin olmayacağı, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəyi ilə bağlı təminat necə verilə bilər?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan bununla bağlı dövlət olaraq üzərinə rəsmi öhdəlik götürməlidir: “Əvvəla, Azərbaycana yönəlik revanşizmin olmayacağı sülh sazişində öz əksini tapmalıdır. Rəsmən bəyan olunmalıdır ki, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəklər. Bütün bunlar Ermənistan parlamentində ratifikasiya olunmalıdır. Daha sonra bununla bağlı rəsmi İrəvan üzərinə öhdəlik götürməlidir. Azərbaycanla Ermənistan arasında vasitəçi olanlar buna zəmanət verməlidilər. Ən başlıcası isə, Ermənistan revanşist tələblərlə çıxış edəcəyi halda, Azərbaycanın preventiv addımlar atmaq hüququ müvafiq sənədlərdə öz əksini tapmalıdır. Yalnız bütün bunlardan sonra əmin olmaq olar ki, Ermənistandan gələn təhlükələri tam önləmək olar. Yoxsa belədə heç vaxt Ermənistana etibar etmək olmaz. Onlar tarix boyu üzərlərinə götürdükləri öhdəliklərə xəyanət ediblər, verdikləri sözü tutmayıblar. Bütün bunlar ermənilərə xas xüsusiyyətlərdir. Digər tərəfdən, Ermənistanın hansı öhdəlik götürməsindən asılı olmayaraq bu ölkə ilə olan sərhədlərimizi möhkəmləndirməliyik. Sərhəd boyu güclü mühəndis-istehkam qurğuları qurulmalıdır. Xüsusən də strateji əhəmiyyətli yüksəkliklərdə, vacib yolların keçdiyi ərazilərdə buna daha çox önəm verilməlidir. Sərhədin düzənlikdən keçən hissələri isə minalanmalıdır, tank əlehinə digər vasitələrlə möhkəmləndirilməlidir. Hesab edirəm ki, Ermənistanın potensial təhdidlərindən qorunmağın ən etibarlı vasitəsi məhz budur”.

Vidadi ORDAHALLI

baki-xeber.com