AMİP-30

Afsəddin Nəbiyev: “Ermənistan sülh prosesini uzatmaqla özünü tamamilə təcrid vəziyyətinə salmaqdadlr”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dedi ki, hələ də Ermənistanla konsensusa yaxın deyilik:

“Fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar ümumiyyətlə mövcud deyil və şərhlərində də yoxdur. Təfərrüatlara çox varmaq istəmirəm, çünki bunun məxfi sənəd olduğunu başa düşürsünüz”.

Burada diqqəti çəkən məqam həm də odur ki, rəsmi İrəvan antiterror əməliyyatlarından əvvəl təkid etdiyi bəzi məsələlərdən artıq imtina edir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavinə Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Görünən odur ki, hələ də Ermənistan rəhbərliyi mövcud reallıqları doğru-düzgün dəyərləndirmək gücündə deyil. Əslində Ermənistan rəhbərliyinə qalsa,  onlar məsələnin ciddiliyini bilirlər. Ancaq Cənubi Qafqazda siyasi maraqları olan bir çox Fransa kimi dövlətlər bu bölgədə hər iki dövlətin sülhə nail olmasını istəmirlər. Onlar hər vəchlə çalışırlar ki, Ermənistan-Azərbaycan münasibətləri daim gərginlik içərisində olsun. Bununla hər iki dövlətə siyasi təzyiq etməyə çalışırlar. Ermənistanın öz daxilində kifayət qədər imperiya maraqlarına qulluq edən müxtəlif qruplar mövcuddur. Onlar indiki Paşinyan hökumətinə müəyyən təsir imkanlarına malikdirlər. Ona görə də sülh prosesi bu qədər ləngiyir. Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının müəllifi olduğu üçün bizimlə bağlı heç bir sıxıntı yoxdur. Azərbaycan ərazisindən nəqliyyat, enerji infrastrukturunun müxtəlif istiqamətlərə şaxələndirilməsi dövlətimizin mövqeyini  gücləndirməkdədir. Məhz bu addımlar Azərbaycanın  tərəqqiyə, inkişafa böyük töhfə verməsini sübut edir. 

Ermənistan dövləti sülh prosesini uzatmaqla özünü tamamilə təcrid vəziyyətinə salmaqdadlr. Elə bu günlərdə Rusiya ilə münasibətləri gərgin olduğu üçün Lars yolundakı uzun avtomobil tıxacları əslində Ermənistana ciddi bir siqnaldır. Ona görə də erməni rəhbərliyi vəziyyəti düzgün qiymətləndirib sülh şərtlərinə tezliklə əməl etməlidir. Azərbaycanın Ermənistana verdiyi şansı qaçırmamalıdlr. Bu şansı qaçırdıqca özlərini daha dərin uçuruma yuvarlayacaqlar”.

Vidadi ORDAHALLI

baki-xeber.com