AMİP-30

Arzuxan Əlizadə: “Ermənistan hakimiyyətinin Rusiya ilə bağlı siyasətində imitasiya elementləri çoxdu”

Ermənistanın parlament sədri Alen Simonyanın qərarı ilə “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsini ratifikasiya etmiş ölkələrin 23-cü Assambleyasında iştirak etmək üçün 5 gün müddətinə Nyu-Yorka gedib.

“Ermənistan Respublikası Parlament deputatının fəaliyyətinə təminatlar haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsini rəhbər tutaraq sərəncam verirəm: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmiş ölkələrin 23-cü Assambleyasında iştirak etmək üçün Parlamentin deputatı Arusyak Culakyan 2023-cü il dekabrın 9-14-də Nyu-Yorka göndəriləcək”, – Simonyan imzaladığı qərarda deyilir. 

Son aylar Ermənistanın yeritdiyi ziddiyətli siyasətlə bağlı AMİP sədri Arzuxan Əlizadəyə bir sıra suallar ünvanladıq:

– Ermənistan son aylar ard-arda Rusiyaya qarşı demarşlar edir. KTMT-nin, MDB-nin iclaslarına getmirlər, amma Putinin əleyninə olan BCM-in Roma statutu ilə bağlı çox fəal oynayırlar, bu tədbirə rəsmi nümayəndə göndərirlər və s. Nə baş verir?

– O baş verir ki, Ermənistan ikili oynamaqla Rusiyadan uzaqlaşmaqla bağlı manevrlər edir. Belə bir görüntü yaradır ki, Rusiyadan uzqlaşmaqda, Qərbə isə inteqrasiya etməkdə maraqlıdır. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyətinin Rusiya ilə bağlı siyasətində imitasiya elementləri çoxdu. 

– Hesab edirsiniz ki, bir belə baş verənlərdən sonra Paşinyan hakimiyyəti Rusiya məsələsində imitasiya edir? 

– Məsələ ondadır ki, Ermənistan hakimiyyəti bu kimi qərarları imzalasa da Rusiyaya qarşı konkret addımlar atmır. Məsələn, Roma statutunu ratifikasiya edən Ermənistan bəyan edir ki, bunun Putinə heç bir dəxli yoxdur. Yəni Putin İrəvana səfər etsə belə, Ermənistan onu həbs etməyəcək. Bununla yanaşı, bəli, Ermənistan KTMT tədbirlərinə qatılmır, amma qurumun qərarlarına qarşı getmir. Qurumdan çıxmaqla bağlı hansısa real addımlar atmır. Ermənistan necə Rusiyaya qarşı siyasət aparır ki, sanksiyalardan yayınmasında fəal rol oynayır? Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi görünməmiş dərəcədə artır. Ermənistan Avrasiya İqtisadi İttifaqının imkanlarından maksimum yararlanır. Necə olur ki, KTMT tətbirlərində iştirak etməyən Ermənistan hakimiyyət rəsmiləri, Aİİ tədbirlərinə münasibətdə analoji mövqedən çıxış etmirlər? Çünki Ermənistan Rusiyanın yaratdığı Aİİ-dən faydalanır. Ona görə də Ermənistanın bu siyasi oyunları daha çox imitasiya xarakterlidir. Ortada real iş olsaydı Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi azalardı. Rusiyadan Ermənistana pul köçürmələri azalardı. Bunların heç biri olmadığı halda baş verənlər reallıqla uzlaşmır.

– Necə hesab edirsiniz, Ermənistanın iki stulda oturması nə vaxta qədər davam edəcək?

– Bu, Ukrayna müharibəsinin necə yekunlaşmasından asılı olacaq. Rusiya Ukrayna cəbhəsində məğlum olsa, o zaman Ermənistan Moskvadan qopmağa doğru real addımlar ata bilər. Yox, əgər bu baş verməsə, Ermənistanın Rusiyadan uzaqlaşması mümkünsüzdür. Son hadisələrə baxsaq görərik ki, Rusiyanın müharibədən məğlub çıxacağı real görünmür. Fakt odur ki, erməni tərəfi hər iki tərəfdən istifadə edərək faydalanır.

Vidadi ORDAHALLI

baki-xeber.com