AMİP-30

Arzuxan Əlizadə: “Bu o deməkdir ki, Ermənistan təhsil sistemində Qarabağla bağlı əvvəlki yanaşmalar dəyişməlidir” 

Ermənistan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində qurumun prezidenti Aşot Saqyan bəyan edib ki, 44 günlük müharibə, 2023-cü ilin sentyabr hadisələri və Qarabağ əhalisinin oranı tərk etməsi nəticəsində yaranan yeni çağırışlara cavab vermək lazımdır. 

Akademiya prezidenti qeyd edib ki, son çağırışlar Ermənistanın bütün elm və təhsil sistemi qarşısında yeni tələblər irəli sürür. Bu isə ciddi islahatlar tələb edir. A.Saqyan bildirib ki, Akademiyada belə bir islahat planı hazırlanıb və səlahiyyətli orqanlara təqdim olunub. O, təhsil və elm haqqında yeni qanunun qəbulundan sonra planın həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Akademiyada, həmçinin, elmi təhlillər aparmaq və dövlət orqanlarına cari məsələlər üzrə ekspert qiymətləndirmələri vermək üçün 7 ixtisaslaşmış problem şurası yaradılıb. 

Belə məlum olur ki, 2020-ci il müharibəsi və 19 sentyabr antiterror tədbirləri Ermənistanın elm və təhsil sisteminə yeni tələblərlə yanaşma tələb edir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistan Akademiyası səviyyəsində belə yanaşma bir sıra məqamlardan xəbər verir: “Təbii ki, burada söhbət humanitar elmlərdən, Ermənistan təhsil sisteminin Qarabağla bağlı konseptual yanaşmasından gedir. Məsələ ondadır ki, Azərbaycan Qarabağda suverenliyini tam bərpa edənə qədər Ermənistan elmi dairələrinin, təhsil sisteminin buna münasibəti fərqli idi. Düzdür, Ermənistan rəsmi olaraq qondarma qurumun “müstəqilliyini” tanımamışdı. Ancaq əvvəl onların bütün fəaliyyəti separatçıları ayrıca tərəf kimi təbliğ etmək üzərində qurulmuşdu. De-fakto Ermənistanın təhsil sistemində, elmi dairələrində separatçıların ölkə daxilində, tədris sistemində təbliğinə köklənərək buna xüsusi önəm verilirdi. Ancaq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, 2022-ci ilin oktyabrında Praqada Paşinyanın Qarabağı ölkəmizin tərkib hissəsi kimi tanıması, 19 sentyabr antiterror əməliyyatlarından sonra ora tam nəzarətin bərpa olunması tamamilə yeni reallıq yaradıb. Fikrimcə, Ermənistan Milli Elmlər Akademiyasının prezidenti A.Saqyan da bundan çıxış edərək belə çağırış edib. Bu o deməkdir ki, Ermənistan təhsil sistemində Qarabağla bağlı əvvəlki yanaşmalar dəyişməlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yazılı surətdə tanıdıqdan sonra Qarabağla bağlı yeni konseptual yanaşma formalaşdırılmalıdır”.

Vidadi ORDAHALLI

baki-xeber.com