AMİP-30

Arzuxan Əlizadə: “Qarabağ ermənilərinin Ermənistanı tərk etməsi prosesi dayanmayacaq”

Azərbaycandan Ermənistana qaçan separatçılar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar. Onlar “Ədalət və Qayıdış” adında ictimai təşkilat yaradıblar. Separatçıların yaratdığı təşkilatın prezidenti Qarabağdakı keçmiş qondarma rejimin “parlamenti”nin deputatı olmuş Metaxe Akopyandır.

Təşkilatın həmtəsisçisi David Qalstyan mətbuat konfransında bildirib ki, yeni yaradılmış “Ədalət və Qayıdış” ictimai təşkilatı ilk növbədə “Artsax” sakinlərinin Ermənistanda qalmasını və oranı tərk etməməsini təmin etməyə yönələcək. O qeyd edib ki, Qarabağdan çıxan ermənilərin sosial yükünü müəyyən dərəcədə yüngülləşdirmək, onların Ermənistanda qalmalarını təmin etmək üçün səylər göstərilməlidir və sonra onlar gündəlik işlərlə doğma “Artsaxa” qayıtmaq üçün addımlar atmağa çalışacaqlar: “Aydın iş təkcə sözdə deyil, həm də əməldə aparılmalıdır ki, bir gün “vətənimizə” qayıdaq”.

Bütün bunlar onu göstərir ki, Qarabağ ermənilərinin Ermənistandan da kütləvi köçü var və bunu önləyə bilmirlər.

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bütün bunlar gözlənilən idi: “Əvvəla, Ermənistanda separatçı dairələr, İrəvana 19 sentyabr antiterror əməliyyatlarından sonra sığınan separatçı tör-töküntülər Qarabağla bağlı iddialarından əl çəkməyiblər. Baxmayaraq ki, antiterror əməliyyatlarından sonra bu mümkünsüzdür. Heç ermənilərin özləri də bunu real hesab etmirlər. Ancaq separatçılardan bir alət kimi istifadə edən müəyyən dövlətlər bunda maraqlıdılar. Ona görə bütün vasitələrlə məsələni gündəmdə saxlamağa çalışırlar. Prinsipcə, bu bizi təəccübləndirməməlidir. Ən azından ona görə ki, ATƏT-in Minsk Qrupunun timsalında biz bütün bu oyunların şahidi olmuşuq. Qarabağ ermənilərinin Ermənistanı tərk etməsinə gəldikdə isə, bu, qaçılmaz proses idi. Hələ ilk vaxtlarda belə, bununla bağlı məlumatlar yayılmağa başladı. Sonra elə oldu ki, baş nazir Nikol Paşinyandan tutmuş ən yüksək ranqlı erməni rəsmiləri belə, Qarabağ ermənilərinin Ermənistanı tərk etdiklərini təsdiqlədilər. Üstəlik, açıq eyham vururdular ki, prosesi önləyə bilmirlər. Bəzi ən son məlumatlara görə, Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 25-20 min arasında dəyişir. Qarabağda erməni separatizminin beli qırılandan sonra artıq erməni lobbisi də əvvəlki dövrlərdəki kimi yardım etmir. Həm də fərqindədilər ki, bu məqsədlə verilən yardımların çoxu mənimsənilib. Ən başlıcası, Ermənistan ermənilərinin Qarabağ ermənilərinə münasibəti tarixən mənfi olub. Bununla bağlı bir diskriminasiya xarakterli münasibət var. Ona görə də nə etsələr də, bu proses dayanmayacaq. O üzdən, bununla bağlı David Qalstyanın nə deməsinin heç bir əhəmiyyəti yoxdur”.

Vidadi ORDAHALLI

baki-xeber.com