AMİP-30

Arzuxan Əlizadə: “Gürcüstanda Rusiyameylli siyasət güclənsə, Qərbin Ermənistana silah tədarükü çətinləşəcək”

İndi də Ermənistan Gürcüstanda gedən proseslərdən narahatdır. Erməni mediası yazır ki, Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirəcək: 

“Əgər Gürcüstan Qərbdən ayrılsa və ya başqa istiqamətdə getməyə başlasa, Qərbin Ermənistanı dəstəkləməsi çox çətin olacaq. Elə dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq. Hətta indiki zamanda Gürcüstan vasitəsilə bu əlaqəni saxlamaq o qədər də asan deyil. Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, Ermənistana dəstək problemi çox mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki baxımdan bunu etmək çox çətin olacaq. Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirəcək”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bu deyilənlərdə müəyyən həqiqət var: “Məsələ ondadır ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Ermənistan 4 ölkə ilə quru sərhədinə malikdir ki, onlardan ikisi bağlıdır. Sülh sazişi olmadığı üçün Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. Lap Türkiyə ilə sərhədlər açılsa belə, qardaş ölkə öz ərazisindən Ermənistana Avropadan silah daşınmasına razılıq verməz. Çünki Azərbaycanın maraqları Ankara üçün önəm kəsb edir. O da məlumdur ki, Fransa lisenziyası ilə Hindistan istehsalı olan silahlar İran vasitəsilə Ermənistana çatdırılıb. Fransa istehsalı olan “Bastion” zirehli maşınları isə Ermənistana Gürcüstan vasitəsilə çatdırılıb. Üstəlik, bu günlərdə Fransa 40-a yaxın özüyeriyən “Sezar” haubitsalarının Ermənistana verilməsinə dair qərar verib. Çox güman ki, bu toplar da Gürcüstan vasitəsilə Ermənistana daşınacaq. Ancaq nəzərə alsaq ki, Gürcüstanın Qərblə münasbətlərində ciddi problemlər yaşanır, üstəik, Gürcüstan Azərbaycanla strateji tərəfdaşdır, bu baxımdan Ermənistana silah daşınmasına mane ola bilər. Çünki Paşinyan Qərblə yaxınlaşma kursu götürüb. Gürcüstan-Rusiya münasibətlərində isə buzların əriməsi gedir. Düzdür, rəsmi səviyyədə iki ölkə arasında diplomatik əlaqələr yoxdur, amma digər səviyyələrdə təmaslar var. Hətta belə məlumatlar var ki, Rusiya hazırkı İvanaşvili hakimiyyətinə Cənubi Osetiya və Abxaziyanın Tbilisinun nəzarətinə keçəcəyinə təminat verib. Hər halda, Gürcüstanda çox maraqlı və həm də mürəkkəb proseslər gedir. Xüsusən də oktyabrda ölkədə keçiriləcək parlament seçkilərindən sonra bir sıra məsələlər aydınlaşacaq. Gürcüstanda Rusiyameyilli siyasət güclənsə, Qərbin Ermənistana silah tədarükü çətinləşəcək. Elə silahlar var ki, Fransa onları İran üzərindən Ermənistana daşımaz. Ona görə də erməni tərəfi Gürcüstanda gedən proseslərdən bu qədər narahatdır”.