AMİP-30

Rəşad Bayramov: “İtirən tərəf Fransadır və öz maraqlarını təmin etmək üçün bir addım belə irəli gedə bilmir”

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur: 

“Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərlər edirdilər. Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir. Yəni onlar özlərini göstərməli idilər. Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Fransa hər zaman özünün anti-Azərbaycan mövqeyi ilə fərqlənən dövlət olub: “Bu gün Fransa hakimiyyətində və yaxud da hakimiyyətə iddialı qüvvələrdə olan Azərbaycanafobiya əslində əvvəlki hakimiyyət dönəmlərində də olub. Biz bunu işğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın fəaliyyətində açıq-aydın görmüşük. O zaman da bu və ya digər şəkildə Ermənistanı dəstəkləyən mövqe sərgiləyirdilər. Ancaq Makron hakimiyyətə gələndən sonra Fransa açıq şəkildə Ermənistanı himayə etməyə başladı. Xüsusən də 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayandan sonra bu daha qabarıq şəkildə özünü göstərməyə başladı. Burada bir neçə səbəb var. Səbəblərdən biri Fransanın özünün maraqlarından irəli gəlir. Özlərinin uzun illər dəstəklədiyi, müttəfiq olduğu Ermənistanı bu və ya digər şəkildə dəstəkləməklə Parisin Cənubi Qafqaz maraqlarını təmin etmək istəyirlər. İkinci mühüm səbəblərdən biri də Fransada olan erməni icması və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Biz bilirik ki, Fransadakı erməni icması kifayət qədər təsir imkanlarına malikdir. İstər media qurumlarına, istər Fransa parlamentinə və hakimiyyətin digər qollarına təsir imkanlarına malik olan bir lobbidir. Bu baxımdan erməni səslərini əldə etmək üçün Fransa siyasi qüvvələri yarışa giriblər. Həm hakim partiyalar, həm də müxalif qüvvələr bu mövqedən çıxış edirlər. Ermənistan maraqlarını ifadə edirlər. Biz bunu 44 günlük müharibədə də gördük. Ondan sonra Qarabağa qeyri-qanuni səfər edən ayrı-ayrı fransız siyasətçilərin timsalında da görmüşük. Çox təəssüf ki, Fransada nə hakimiyyət, nə hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı qüvvələr ideal həqiqətlərdən deyil, sadəcə dar maraqlar konteksindən proseslərə yanaşırlar. Əslində hər bir böyük dövlət hansısa regionda öz maraqlarını təmin etmək istəyirsə, ilk növbədə o regionun aparıcı ölkəsi ilə münasibətlərin yaxşı olmasına önəm verməlidir. Ancaq Fransanın timsalında biz bunun tamam əksini görürük. Baxmayaraq ki, Cənubi Qafqazın ən aparıcı dövləti Azərbaycandır. Nəticədə itirən tərəf Fransadır və öz maraqlarını təmin etmək üçün bir addım belə irəli gedə bilmir”.