AMİP-30

Yollarda “hərəkət edən bombalar”: Maye qazla işləyən maşınların istismar qaydalarına dəyişiklik ediləcək?

Son illər dünyada ekoloji və iqtisadi baxımdan sərfəli hesab edilən maye qazla (LPG) işləyən avtomobillərin sayı artmaqdadır. Bununla yanaşı, bəzi inkişaf etmiş ölkələrdə təhlükəsizlik məqsədilə bu tip nəqliyyat vasitələrinin parklanması ilə bağlı xüsusi qaydalar tətbiq olunur. Belə ki, LPG-lə işləyən avtomobillərin yeraltı dayanacaqlara buraxılmaması və açıq havada, digər maşınlardan müəyyən məsafədə saxlanılması kimi tələblər mövcuddur.

Azərbaycanda bu sahədə xüsusi qanunvericilik qaydaları hələ tətbiq olunmur. Bu vəziyyət təhlükəsizlik baxımından hansısa risk yaradırmı və gələcəkdə bu istiqamətdə yeni tənzimləmələr gözlənilirmi?

Millət vəkili Arzuxan Əlizadə Avtosfer.az-a bildirib ki, maye qazla işləyən avtomobillərin təhlükəsizliyi kifayət qədər ciddi yanaşılmalı olan məsələlərdən biridir:

“Xüsusilə maye qazla işləyən avtomobillərin parklanmasına diqqət yetirilməlidir. Xarici ölkələrdə maye qazla işləyən avtomobillərin açıq havada və digər avtomobillərdən kənarda park edilməsi ilə bağlı müəyyən tələblər mövcuddur. Lakin Azərbaycanda hələ bu barədə qanunvericilikdə konkret tələblər əks olunmur. Gələcəkdə bu sahədə qanunvericilikdə xüsusi tələblərin nəzərdə tutulması mümkündür. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda maye qazla işləyən avtomobillərin ümumi nəqliyyat vasitələri arasında faiz nisbətinin çox aşağı olmasıdır. Lakin digər bir vacib məqam ondan ibarətdir ki, bir çox avtomobillərə kustar üsulla maye qaz balonları quraşdırılır və təyinatı dəyişdirilərək sıxılmış maye qazla işləyən nəqliyyat vasitəsinə çevrilir. Bu ciddi fəsadlar yarada bilər, xüsusilə də belə avtomobillərin yaşayış binalarının zirzəmi qarajlarında və ya digər avtomobillərlə birgə park edilməsi böyük təhlükə mənbəyi ola bilər. Ümumiyyətlə, kustar üsulla sıxılmış maye qaz sistemlərinin avtomobillərə quraşdırılması həm avtomobilin sahibini, həm də ətrafdakı insanları risk altına qoyur”.

Millət vəkili qeyd edib ki, Azərbaycana gətirilən bəzi avtobuslar metan qazı ilə işləyir və onların qaz çəni avtobusun üzərində yerləşdirildiyi üçün təhlükə səviyyəsi daha aşağıdır. “Eyni zamanda, yük avtomobillərində qaz balonları alt hissəyə quraşdırılır ki, bu da qazın birbaşa havaya yayılmasını təmin edərək təhlükəni azaldır. Lakin kustar üsulla hazırlanmış qaz sistemləri daha çox avtomobilin yük yerində yerləşdirilir ki, bu da ciddi fəsadlar yarada bilər. Belə hallarda hər hansı qaz sızması avtomobilin salonuna daxil ola bilər. Avtomobilin içərisində işıq yandırılması, dönmə işarəsinin aktivləşdirilməsi və ya digər elektrik cərəyanı yarada biləcək istənilən hərəkət böyük partlayışa səbəb ola bilər. Bu, həm avtomobildə olanlar, həm də yaxınlıqda park edilmiş digər avtomobillər və insanlar üçün ciddi təhlükə mənbəyidir.

Buna görə də qanunvericilikdə kustar üsulla qaz balonlarının quraşdırılmasına qadağa qoyulmalıdır. Çünki bu sistemlərin təhlükəsizliyinə heç bir təminat yoxdur. Ən azı qaz sistemlərinin quraşdırılması üçün rəsmi sertifikat və müvafiq dövlət qurumlarından icazə tələb olunmalıdır”.

Arzuxan Əlizadə sonda vurğulayıb ki, gələcəkdə bu sahədə qanunvericilikdə ciddi tələblər və qadağalar nəzərdə tutula bilər. Bu məsələ cəmiyyətin təhlükəsizliyi baxımından xüsusi diqqət mərkəzində saxlanmalıdır”.