İrəvanda azərbaycanlılara məxsus məscidlər məhv edilir – Etirazlar getdikcə artır
Ermənistanın İrəvan şəhərində yerləşən Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edilməsi faktı Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri bu hadisəni vandalizm aktı kimi qiymətləndirərək beynəlxalq təşkilatları məsələyə müdaxilə etməyə çağırıblar.
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu məsələ ilə bağlı “X” platformasında paylaşım edərək Ermənistanın Azərbaycan xalqına məxsus dini və mədəni irsə qarşı davam edən təhqiramiz addımlarını pisləyib: “İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir, bu vandalizmin qarşısı alınmalıdır”. – deyə diplomat bildirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə də Crossmedia.az-a açıqlama verərək bildirib ki, ermənilər uzun illərdir Azərbaycan xalqına məxsus mədəni və dini irsi sistemli şəkildə məhv edirlər.
“Ermənilər son yüz il ərzində Azərbaycana, azərbaycanlılara, Azərbaycan türklərinə məxsus mədəni, tarixi və dini abidələrə qarşı yüzlərlə vandalizm aktı həyata keçirmişlər. Son 30 il ərzində işğal altında olan Azərbaycan ərazilərində – Qarabağ, Şərqi Zəngəzur və digər bölgələrdə 65 məscid tamamilə dağıdılmış, 2 məsciddə isə donuz saxlanılaraq təhqir edilmişdir. Onlarla tarixi-mədəni abidələrimiz yerlə-yeksan edilmiş, qəbiristanlıqlar dağıdılmışdır”. – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, ermənilərin Azərbaycan xalqına məxsus dini və tarixi abidələri məqsədli şəkildə məhv etməsi təkcə Qarabağla məhdudlaşmır.
“Eyni vandalizm halları Qərbi Azərbaycan adlandırdığımız tarixi torpaqlarımızda da baş verib. Həmin ərazilərdə azı 300 məscid dağıdılıb, 600-dən çox qəbiristanlıq yerlə-yeksan edilib. Təəssüf ki, bu proses indi də davam edir. Hazırda İrəvanın Təpəbaşı məhəlləsində yerləşən məscidimizə qarşı növbəti vandalizm aktı həyata keçirilir. Həmin tarixi məhəllədə mədəni irsimizə aid abidələr mövcuddur. Lakin ermənilər indi orada spirtli içkilər istehlak edərək, məscidi guya başqa məqsədlərlə istifadə olunan tarixi məkan kimi təqdim edirlər. Bu, açıq-aşkar insanlığa qarşı cinayət və vandalizm aktıdır”. – deyə o qeyd edib.
Deputat bildirib ki, beynəlxalq təşkilatlar bu vandalizm hallarına səssiz qalmamalıdır:
“UNESCO işğal dövründə dağıdılmış 65 məscidlə bağlı mövqe bildirmədiyi halda, indi Ermənistanın tərk etdiyi ərazilərdə guya onlara məxsus tarixi və dini abidələrin monitorinqini aparmaq üçün nümayəndə göndərmək istəyir. 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərimizin məhv edilməsi ilə bağlı bir dəfə də olsun münasibət bildirməyən bu təşkilatın susqunluğu çox məyusedicidir”. – deyə deputat vurğulayıb.
Arzuxan Əlizadə beynəlxalq təşkilatların ikili standartlardan əl çəkməsinin vacibliyini vurğulayaraq bildirib ki, “Təəssüf ki, dünyada xristian təəssübkeşliyi mövcuddur və İslam dünyasına, türk dünyasına qarşı düşmən münasibət sərgilənir. Buna görə də ermənilərin bu cür vandalizm aktlarına bir çox beynəlxalq təşkilatlar və bəzi dövlətlər tərəfindən göz yumulur. Hətta bu vandalizm halları pislənmədiyi üçün dolayısı ilə təşviq edilir”.
Məsələ ilə bağlı Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri də UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayaraq Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən narahatlıqlarını ifadə ediblər. Onlar UNESCO-nu Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməyə və Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməyə çağırıblar.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətlərinə sorğular ünvanladıq. Lakin nə cavab ala bildik, nə də mövzu ilə bağlı hər hansı bir rəsmi mövqe bildirildi. Ümid edirik ki, hər iki qurumun təmsilçiləri baş verənlərlə bağlı mövqeyini açıqlayıb, mövzunun gündəmdən çıxmamasına, həlli istiqamətində kiçik nəticələrin olmasına dəstək olacaq.