AMİP-30

Rəşad Bayramov: “Tramp administrasiyasının bu çağırışlara ciddi yanaşacağını düşünmürəm”

ABŞ Konqresində “erməni qrupu”un həmsədrləri – Nümayəndələr Palatasının üzvləri Frenk Pallone, Qus Bilirakis, Bred Şerman və Devid Valladao dövlət katibi Marko Rubioya məktub göndərərək, Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağırıblar.

Məktubda Tramp administrasiyasından Ermənistana dəstəyi davam etdirmək, hərbi və müdafiə yardımını artırmaq və İrəvanı pilotsuz döyüş maşınları ilə mübarizə aparmaq üçün avadanlıqla təmin etmək xahiş olunur. Məlumat üçün qeyd edək ki, bundan əvvəl də həmin lobbistlər dəfələrlə Ağ Evə və Dövlət Departamentinə məktublar göndərərək, Bakıya qarşı sanksiyaların tətbiqini tələb edib və müxtəlif qanunvericilik təşəbbüsləri irəli sürüblər. Ancaq Demokratlar Partiyasının hakimiyyəti dövründə də onların bu kimi istəkləri həyata keçməyib.

Hazırkı müraciət Trampın ikinci prezidentliyi dönəmində Azərbaycana qarşı ilk rəsmi müraciətidir. Təsiri olacaqmı? Tramp administrasiyası buna gedəcəkmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, zaman-zaman belə müraciətlər olur: “Bu qrup həm Demokratlardan, həm də Respublikaçılardan ibarətdir. Əsasən Demokratlardan olan konqresmenlər orada fəaldılar. Xüsusən İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra bu kimi çağırışların daha çox şahidi olmuşuq. Ermənistana dəstək verilməsi, Azərbaycanla bağlı bu və ya digər qərarların qəbul olunması istiqamətində zaman-zaman ermənipərəst konqresmenlər müvafiq təşəbbüslərlə çıxış ediblər. İndi də ənənəvi konqresmenlər Trampa çağırışlar edirlər. Əslində onların bu çağırışları faktiki olaraq Ermənistan rəsmilərinin, konkret Nikol Paşinyanın indiyə qədər səsləndirdiyi bəyanatların təkrarıdır. Bənzər fikirləri Ermənistanın təhlükəsizliyi ilə bağlı Paşinyan da səsləndirir. Konqresmenlərin məqsədi odur ki, Tramp administrasiyası birtərəfli qaydada Ermənistana dəstək versin. Çünki Ermənistan ABŞ-a hansısa dəstək verə bilməz. Ona görə ki, nə coğrafi mövqeyi, nə də digər məsələlər ABŞ üçün cəzbedicidir. Məsələ ondadır ki, Ermənistan Cənubi Qafqazda açar dövlət deyil. Ona görə də Tramp administrasiyasının bu çağırışlara ciddi yanaşacağını düşünmürəm. Düzdür, Tramp administrasiyasında erməni diasporu ilə yaxşı münasibətlərə malik fiqurlar var. Ancaq ABŞ-ın milli maraqları hər şeydən öndədir. İkincisi, Cənubi Qafqaz Birləşmiş Ştatlar üçün prioritet əhəmiyyət kəsb edən regionlardan biri kimi qalmaqdadır. Çünki Tramp hakimiyyətinin əsas hədəfi İran və Çin üzərində fokuslaşmaqdır. Eləcə də Orta Asiya ölkələrində Çinin təsirini azaltmaq gündəmdədir. Bütün bunlar isə Gürcüstan və Azərbaycansız mümkün deyil. Ola bilsin ki, Bayden gethagetdə Ermənistanla imzalanan xartiyaya xüsusi diqqət verilsin, amma bu, Azərbaycan maraqlarının nəzərə alınmaması demək deyil. İstənilən halda Azərbaycana qarşı sanksiya və təzyiq gözlənilmir. Çünki Baydendən fərqli olaraq, Tramp yaxşı bilir ki, ABŞ-ın Cənubi Qafqazda maraqlarının təmin olunması üçün Azərbaycanla normal münasibətlər vacibdir. Azərbaycanın maraqları bu və ya digər formada təmin olunmalıdır. Əks halda təkcə Ermənistan ərazisində öz maraqlarını təmin etməklə ABŞ ümumi Cənubi Qafqaz maraqlarını təmin etmək imkanında olmayacaq”.