AMİP-30

Rəşad Bayramov: “Zelenski danışıqlar masasına oturana qədər maksimum çox dövlətin dəstəyini almağa çalışır”

Ukrayna böhranı ətrafında olduqca qəliz situasiya yaranmağa başlayıb. Belə ki, bu böhran hazırda Qərb siyasi dairələri arasında ziddiyyətləri artıq ciddi parçalanma həddinə çatdırıb. Hər halda, görünən odur ki, Ukrayna məsələsində Avropa İttifaqı ilə ABŞ arasında ziddiyyətlər dərinləşir. Bir zamanlar ənənəvi müttəfiqlər indi böyük sürətlə yeni rəqiblərə çevrilmək üzrədir.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə rəsmi səfərdə olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Zelenski bir sıra məsələləri müzakirə edib. Zelenski Ankarada bəyan edib ki, Rusiya ilə danışıqlarda nəinki Avropa İttifaqı, eyni zamanda Türkiyə də iştirak etməlidir. Belə bir təşəbbüs indiyə qədər yox idi. Ukrayna əsasən Aİ-nin iştirakını tələb edirdi. Bütövlükdə, Türkiyənin Ukrayna ilə bağlı prosesin içində olması danışıqlar üçün nə deməkdir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Zelenski Rusiya ilə danışıqlar masasına oturana qədər maksimum çox dövlətin dəstəyini almağa çalışır: “Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərinə səfərdən sonra Türkiyəyə səfər etdi. Bundan sonra Zelenskinin martın 10-da Səudiyyə Ərəbistanına səfəri gözlənilir. Çox böyük ehtimalla, biz yaxın vaxtlarda Ukrayna liderinin hətta Çin və Hindistan kimi ölkələrə belə, səfərlər edəcəyinə şahidlik edə bilərik. Çünki Zelenski yaxşı başa düşür ki, Rusiya ilə danışıqlar masasında Moskvanın bir nömrəli tələbi Ukraynanın neytrallıq statusu elan etməsi və NATO-ya qoşulmaqdan imtina etmə öhdəliyi olacaq. Ukraynaya artıq bir dəfə Qərb tərəfindən təhlükəsizlik zəmanəti verilib, amma bu, özünü doğrultmayıb. Söhbət ondan gedir ki, 1994-cü ilin sonlarında Ukraynanın nüvə arsenalından imtina etməsi fonunda bu ölkənin ərazi bütövlüyünün qorunması və təhlükəsizliyinə zəmanətlə bağlı bir saziş imzalandı. Ancaq illər sonra Rusiyanın Ukraynaya hücumu fonunda həmin Qərb faktiki olaraq götürdüyü öhdəlikləri icra etmədi. Yalnız kənardan silah yardımı etməklə, maliyyə yardımı göstərməklə işini bitmiş hesab etdi. O üzdən, Zelenski indi təkcə Qərbə ümid etməyin mənasız olduğunu dərk edərək, daha çox ölkənin prosesin içində olmasını, zəmanət verməsini istəyir. Zelenskinin səfərləri daha çox bununla bağlıdır. Zelenski danışıqlarda Türkiyə də iştirak etməlidir deməklə həmin o dəstəyi təmin etməyə çalışır. Konkret olaraq Türkiyəyə gəldikdə isə, Ankara indiyə qədər Moskva və Kiyev arasında uzun sürən danışıqlar prosesində fəal iştirakçı olub, ev sahibliyi edib. İstər əsirlərin mübadiləsi, istərsə də taxıl sazişinin imzalanmasında Türkiyə yaxından iştirak edib. İkinci bir tərəfdən, Türkiyənin Ukraynanın ərazi bütövlüyünü tanıması, həm də Rusiya ilə kifayət qədər yaxşı münasibətlərə malik olması çox önəmli faktordur. Bütün bunlar o deməkdir ki, Ukrayna Türkiyənin imkanlarından maksimum bəhrələnmək istəyir. Burada söhbət təkcə təhlükəsizlik zəmanətindən getmir. Ukraynanın gələcəkdə yenidən qurulmasında da Türkiyənin iştirakı prioritetdir. Bütün bunların hamısı həm Ukrayna lideri tərəfindən qəbul edilir, həm də dəyərləndirilir. O üzdən Zelenskinin Türkiyəni prosesə cəlb etməsi tamamilə doğru siyasətdir və bütün bunlar ümumi işə öz müsbət faydasını verə bilər”.