AMİP-30

Afsəddin Nəbiyev: “Tramp apardığı səhv siyasəti ilə Putinin maraqlarına oynayır”

Birləşmiş Ştatlar ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib.

Belə ki, sənədin müəllifləri arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələri yer alır, lakin ABŞ bu siyahıya daxil edilməyib. Fevralın 24-nə hazırlanan qətnamə layihəsində Rusiyanın Ukrayna ərazisindən dərhal, tam və qeyd-şərtsiz qoşunlarını çıxarması tələb olunur. Bununla, faktiki olaraq, Avropa ölkələri ABŞ-ı BMT-də təkləyirlər. Yəni Birləşmiş Ştatlarsız Rusiyaya qarşı qətnamə layihəsi ilə çıxış edirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Tramp apardığı səhv siyasəti ilə Putinin maraqlarına oynayır: “ABŞ-ın siyasi sistemində əslində iki siyasi partiya hakimiyyət məsələsində bir-birini əvəzləyir – demokratlar və respublikaçılar. Demokratların hakimiyyəti dövründə müharibələr həyata keçirilir, respublikaçıların hakimiyyəti dövründə demokratların müharibə dövründə xərclədiyi böyük miqdarda vəsaitin bərpa edilməsi prosesi baş verir, yəni iqtisadiyyatı bərpa edirlər. Bu artıq ABŞ-ın siyasi həyatında bir aksiomadır. Fikir versək görərik ki, Tramp seçki dövründə müharibəni qısa müddət ərzində dayandıracağı haqqında çoxlu vədlər verdi. Məhz bu baxımdan seçki dövründə verdiyi vədi bu şəkildə qabarıq üzə çıxarması başadüşüləndir. Təbii ki, müharibənin yaxşısı, sülhün pisi olmur. Sülhün olmasını hamımız istəyirik, ancaq bir dövlətə qarşı sülh adı altında hər hansı bir ədalətsizliyin baş verməsi daha dəhşətlidir. Trampın Ukrayna prezidenti Zelenskini diktator adlandırması Rusiyanın işğalçılıq siyasətinə haqq qazandırmaqdan başqa bir şey deyil. Bəs Rusiya Krımı ilhaq edəndə necə, həmin vaxt da Ukraynanın prezidenti diktator idi? Bu suallar zamanında aydınlaşacaq. Ancaq tarixi prizmadan yanaşaraq belə hesab edirəm ki, Ukrayna məsələsində ciddi güzəştin baş verməsi Vaşinqtonun beynəlxalq imicinə ağır zərbə olacaq. Avropa ilə siyasi münasibətlər sistemində ciddi dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətini iflasa uğrada bilər. Bu prosesin davamında Avropa öz ordusunu qura və ABŞ-dan imtina edə bilər, belə bir variantın olması mümkündür. Burada təkcə Avropanı deyil, Çini də gözdən qaçırmaq olmaz. Ciddi məqamlardan biri də odur ki, digər tərəfdən də Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Bu davranışın əks effekt verəcəyini indidən görmək mümkündür. Əslində bu proses Çin və Avropanın yaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya-ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olması haqqında bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. Bu səbəbdən Trampın hazırkı siyasətinin Ukrayna müharibəsini durdurmasına gətirib çıxacağını düşünmək hələ çox tezdir. Məsələnin məğzinə gəldikdə isə, ABŞ-ın BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməməsini Avropa dövlətlərinə həyəcan siqnalının verilməsi kimi də başa düşmək olar. Görünən odur ki, yaxın aylarda yeni dünya düzəninin formalaşması prosesində çoxqütblü güclərin siyasi arenaya daxil olmasının şahidi olacağıq. Avropa dövlətləri yaxşı başa düşürlər ki, Rusiyanın Ukraynanı əzici güclə məğlub etməsi qoca qitənin siyasi səhnədən sıxışdırılıb çıxarılması deməkdir. Nəinki qoca qitəyə, bu bütün dünyaya təhdiddir. Bu baxımdan Avropa dövlətləri Trampın siyasi gedişlərinin kulminasiya nöqtəsini gözləyirlər. Ukrayna dövlətini həlledici mərhələdə təklənmiş vəziyyətdə qoymaq bütün dünyaya təhlükədir”.