AMİP-30

Azərbaycanın siyasi partiyaları Trampın fəaliyyətini necə qiymətləndirir…

ABŞ-nin 47-ci prezidenti Donald Tramp seçkilərdən sonrakı addımları və açıqlamaları ilə dünya siyasətçilərini və siyasi ekspertləri təəccübləndirməyə davam edir. Tramp adminsitrasiyası Rusiya ilə dialoqa girir, Ukrayna prezidenti Zelenskini ittiham edir və Avropa İttifaqına ciddi mesajlar verir.

Maraqlıdır, Azərbaycandakı siyasi partiyalar Donald Trampın fəaliyyətini necə dəyərləndirirlər?

Modern.az siyasi partiyalar arasında sorğu keçirib.

AMİP sədri, deputat Arzuxan Əlizadə Trampın mesajlarında fərqli nüanslardan bəhs edib:

“Donald Trampın seçkilərdən əvvəl verdiyi bir sıra vədlər birmənalı qarşılanmışdısa, yanvarın 20-də keçirilən inauqurqsiya mərasimindən sonra imza atdığı qərarlar, sərəncamlar birmənalı qarşılanmayıb. Məsələn, USIAD-in və bir sıra digər təşkilatların maliyyələşdirlməsinin dayandırılması ilə bağlı qərar təqdir olunur. ABŞ iqtisadiyyatının gücləndirilməsi istiqamətində atılan addımlar kimi dəyərləndirilir. Ayrılan xərclərin aidiyyəti üzrə xərclənib-xərclənmədiyinin araşdırılması normal qəbul edilir, amma bununla yanaşı, Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe, Zelenski ilə bağlı açıqlamaları birmənalı qarşılanmır, qarşılana da bilməz. Çünki heç bir halda Rusiyanın işğalçı mövqedə dayandığı cilalana bilməz. Ukrayna isə öz ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb. Ona verilən dəstək də normal qarşılanmalıdır. Amma Trampın açıqlamalarında başqa mesajlar da var. Onun mesajları Avropa dövlətlərinə yönəlib ki, Ukraynaya dəstək lazımi səviyyədə deyil, ən azından ABŞ ilə müqayisə edilməyəcək qədər azdır. Bu mövzuda Trampın mövqeyi əslində başadüşüləndir. Avropa  ölkələrini hərəkətə gətirmək məqsədi daşıyır deyə bilərik. İstənilən halda hadisələri qabaqlamayaq. Hadisələrin gedişindən daha aydın olacaq ki, hansı məqsədlər güdülür”. 

Deputat əlavə edib ki, istənilən halda Tramp siyasətçi kimi birinci hakimiyyəti dövründə qeyri-ordinar fikir və addımları ilə yadda qalıb:

“Məsələyə bir qədər də başqa kontekstdən yanaşmanın tərəfdarıyam. Birinci prezidentliyi dönəmində Azərbaycana yönəlik normal münasibətlərin şahidi olmuşuq. Demokratlar dönəmində həmişə Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənib, nəinki respublikaçılar dönəmində. Donald Trampın birinci prezidentliyi dövründə Qarabağ müharibəsi başladı. O vaxtkı administrasiya məsələyə seyirçi mövqedən yanaşdı. Ən azından müdaxilə etmədi. Beləliklə də biz öz gücümüzlə prosesləri idarə edib kənar müdaxilələri ələyərək, nəticə əldə edə bildik. Bu da bir həqiqətdir ki, Tramp administrasiyasında erməniəsilli siyasətçilər var. Amma əsas qərarı verən istənilən halda prezident olaraq Donald Tramp verir. Trampın yaxın çevrəsində  həm Azərbaycana dost siyasətçilər, həm də ictimai-siyasi xadimlər, biznes adamları var. Bütövlüklə Trampın Azərbaycana yönəlik siyasətinin, demokratlarla müqayisədə daha pozitiv olacağını düşünürəm. Buna ümidlərimiz var. Çünki Cənubi Qafqazda çox ciddi proseslər getməkdədir. Dünyanın qaynar nöqtələri var. Amma daha çox Cənubi Qafqaza nəzarət üzrə savaşda hansı addımlar atılacağı, mövqelər tutulacağı diqqət mərkəzindədir. Bu dəfə də Azərbaycanın ədalətli mövqeyinin dəstəkləyəcəyini düşünürəm. Təbii ki, bir müddət keçəndən sonra konkret nəsə demək mümkündür. Ən azı müəyyən zaman kəsiyinə ehtiyac var”.