AMİP-30
arzuxan

Arzuxan Əlizadə: “Makronla Starmerin Trampı yola gətirəcəyi inandırıcı görünmür”

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərtləşən mövqeyi və üç ildir davam edən münaqişə ilə bağlı Moskva ilə təmas yaratmaq cəhdləri ilə əlaqədar narahatlıqlar fonunda bu həftə Vaşinqtona səfər edəcək.

Belə ki, Makron və Starmer Trampı Rusiya ilə ikitərəfli danışıqlardan dönməyə inandırmağa qərar veriblər.

Məlumata görə, iki ölkənin liderləri ABŞ lideri ilə görüşdə Ukrayna ilə bağlı vahid mövqedən çıxış etmək barədə razılaşıblar. Rusiya ilə danışıqlardan imtina qarşılığında Makron və Starmerin Trampa Ukraynanın gələcək təhlükəsizliyini özlərinin təmin edəcəyi vədini verəcəkləri bildirilib. Yəni Ukraynanın bütün müdafiə xərclərini öz üzərlərinə götürməyə hazırdılar, təhlükəsizliyinə zəmanət verməyə hazırdılar. Bu şərtlə ki, Tramp Rusiya ilə danışıqlardan imtina etsin.

Maraqlıdır, Tramp buna gedəcəkmi? Makronla Starmerin birlikdə bu missiyasını ABŞ-da hansı tale gözləyir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, bununla bağlı konkret proqnoz vermək çox çətindir: “Ona görə ki, Trampın uzun illərdir Avropada ABŞ-ın ənənəvi müttəfiqləri olan ölkələrin maraqlarını nəzərə almayaraq Rusiya ilə birtərəfli danışıqlar aparması bütün dəngələri yerindən oynatdı. Mühhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Cey Di Vensin çıxış edərək Avropa ölkələrini sərt tənqid etməsi onu göstərir ki, Trampın şərtləri ağır olacaq. Təkcə sözügedən təkliflərlə Makronla Starmerin Trampı yola gətirəcəyi inandırıcı görünmür. Tramp çalışacaq ki, Ukrayna məsələsini daha baha qiymətə Avropaya satsın. Çünki Tramp biznes təfəkkürü ilə hərəkət edən dövlət başçısıdır. Tramp bütün NATO ölkələri qarşısında ümumdaxili məhsulun 5 faizinin müdafiə xərclərinə yönəldilməsinin praktiki baxımdan həyata keçirilməsini tələb edəcək. Tramp Zelenskinin hakimiyyətdən getməsini, Ukraynanın nadir təbii resurslarının ABŞ-a verilməsini və digər məsələlərlə bağlı Vaşinqtonun tələblərinə Fransa ilə Böyük Britaniyanın dəstək verməsini istəyə bilər. Bütün bunların müqabilində Rusiya ilə birtərəfli danışıqların dayandırılması vədini verə bilər. Londonla Paris bu ağır şərtləri qəbul edəcəkmi? Üstəlik, Avropa İttifaqında 27 dövlət təmsil olunur və onlar bir sıra məsələlərdə vahid mövqedən çıxış etmir. Ukrayna ilə bağlı Aİ daxilində baş verən fikir ayrılıqları bunu bir daha ortaya qoydu. Başqa bir tərəfdən, bizə hələ məlum deyil ABŞ-la İtaliya arasında hansı gizli sövdələşmə var. Bütün bunlardan çıxış edərək konkret proqnoz vermək çox çətindir”.