Afsəddin Nəbiyev: “Fransa bu məsələdə ABŞ-ı tam əvəz edə bilməz”
Fransanın müdafiə naziri Sebastyan Lekornu “France Inter” radiosuna müsahibəsində məlumat verib ki, ölkəsi Ukraynanı kəşfiyyat bilgiləri ilə təmin edir. Bu açıqlama Tramp administrasiyasının Ukrayna ilə kəşfiyyat bilgilərinin mübadiləsinə fasilə verməklə bağlı qərarından sonra gəlib.
“Amerika agentliklərinin peyk müşahidəsi ilə bağlı köməyi, edilə biləcək hər şey dünən (martın 5-i) günortadan etibarən dayandırılıb. Bizim kəşfiyyatımız suverendir, özümüzə xas olan imkanlara malikdir. Bizim ukraynalılara kömək etmək üçün istifadə etdiyimiz kəşfiyyat resurslarımız var”, – fransalı nazir deyib.
Maraqlıdır, Fransa texniki olaraq kəşfiyyat məlumatları baxımından ABŞ-ı əvəz edə bilərmi? Məgər Fransanın peyk imkanları ABŞ qədərdir? Bu cür açıqlama ambisiyalı, amma boş bir vəd deyilmi?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa bu məsələdə ABŞ-ı tam əvəz edə bilməz: “Əvvəlcədən bir məsələni xüsusilə vurğulamaq istərdim ki, ABŞ-ın peyk imkanları dünya dövlətləri sırasında ilk yeri tutur. ABŞ orbitdə 9088 peykə malikdir. Düzdür, bu peyklərin çox hissəsi hərbi kəşfiyyat məlumatları üçün nəzərdə tutulsa da, əksəriyyəti başqa sahələrdə topoqrafiya, hidrometeorologiya və s. sahələrdə istifadə olunur. Fransaya gəldikdə isə, etiraf etməliyik ki, ABŞ-dan sonra bu sahədə texnoloji baxımdan heç də geridə qalmır. Fransa orbitdə 113 peykə malikdir. Müqayisə üçün onu da qeyd edim ki, Fransanın hərbi təyinatlı peyk stansiyaları heç də ABŞ-dan geri qalmır. Hələ illər öncə Azərbaycanın 2017-ci ildə “Azerspace-2” telekommunikasiya peykinin buraxılış layihəsi Amerika və Fransa şirkətləri ilə birgə reallaşıb. Bütün bunlar onu deməyə əsas verir ki, hər iki dövlət bu sahədə böyük texnoloji imkanlara sahibdir. Azərbaycanın 44 günlük Vətən savaşı və ondan sonrakı dönəmlərdə, hazırkı dövrümüzdə Azərbaycan peykinin bizə hansı üstünlüklər yaratdığı müzakirə mövzusu ola bilməz. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində baş verib. O ki qaldı Fransanın Ukraynaya əlavə terminallar yerləşdirmək məsələsinə, bu məsələ hələ müzakirə mərhələsindədir. Kritik terminal və infrastrukturun yerləşdirilməsi vaxt aparan bir prosesdir. Rəsmi Kiyevin Starlink-ə alternativ axtarması keçid dövründə Ukraynanı döyüş meydanında “gözsüz” qoya bilər. Fransa bu prosesdən necə çıxacaq, onu zaman göstərəcək. Ancaq belə məsələlərdə məni düşündürən tamamilə başqa bir nüansdır. Ukrayna təcavüzə məruz qalır, hər bir sahədə bu dövlətə kömək etmək mütərəqqi dünyanın borcudur. Ukraynanın ərazisi işğal olunur, hərbi təcavüzə məruz qalır. Görəsən Fransa eyni münasibəti Azərbaycana niyə sərgiləmirdi? Biz də işğala məruz qalmışdıq. Müharibə gedişində hələ bütün cəhdlərlə Ermənistanı müdafiə etməyi bir yana, bu gün eybəcər siyasətini Cənubi Qafqazda aparmaqda davam edir. Yaxın aylarda Fransanın prezidenti Makronla Ermənistanın baş naziri Paşinyan arasında İrəvan və Paris arasında müdafiə sahəsində ciddi əlaqələr qurulduğunu bəyan etdilər. Eyni zamanda, Fransanın Ermənistana ölkənin sərhəd boyu vəziyyəti özündə əks etdirən peyk məlumatlarını verməsi məsələsi də gündəmdədir. Fransanın əsl mahiyyəti bax budur, bunun adı isə riyakarlıqdır”.