AMİP-30

Arzuxan Əlizadə: “TDT-nin dünyada üçüncü qütp yaratmasına ciddi ehtiyac var”

Bu gün türk dünyasının bütövləşməyə doğru getməsi bütün dünya güclərini ciddi narahat etməkdədir. Ona görə də bu birliyin zəiflədilməsi üçün cəhdlərin olması gözləniləndir. Lakin öz gücünə və gələcəyinə inanan türklər bütün bu maneələri əzimlə aşacaq və dünyada layiq olduğu məqama yiyələnəcək.

Bununla belə, Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Orban isə Ərdoğanın düşməni Netanyahuya qucaq açdı.

Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət göstərdiyi bir zamanda belə addımların atılması diqqət çəkir. Bundan başqa, son zamanlar ŞKTC-dən də Ankaraya bəzi çağırışlar eşidilir.

Maraqlıdır, Türk Dövlətləri Təşkilatı hara gedir? Ona təhlükə varmı?

Bu hadisələr Türkiyənin digər türk dövlətləri ilə münasibətlərinə təsir göstərə bilırmi?

Baki-xeber.com saytının sualını cavablandıran deputat, AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, ŞKTC TDT-yə üzvlük üçün dəvət alib, hazırda müşahidəçi dövlət qismində təşkilatda təmsil edilir. TDT-də təmsil edilən bütün türk dövlətləri ŞKTC-ni bir dövlət kimi tanımaq əzmini ortaya qoyublar: “Eyni zamanda, “yunan Kipri” adlandırdığımiz Kipr Respublikası BMT tərəfindən tanınmış bir dövlətdir. Bu mənada Kipr Respublikası ilə digər dövlətlərin, o cümlədən də türk dövlətlərinin münasibətlərinin qurulması, normal diplomatik əlaqələri yaratması ŞKTC ilə münasibətlərə heç bir mənfi təsir göstərmir. Əksinə, türk dövlətlərinin hədəfi ondan ibarətdir ki, ŞKTC də həm dünya dövlətləri, həm də BMT tərəfindən tanınsın. TDT-yə daxil olan dövlətlərin hər biri bu istiqamətdə işi davam etdirməkdədir. Türk dövlətləri ŞKTC-yə bu istiqamətdə dəstək verməyi özlərinə borc bilirlər.

Ümumiyyətlə, TDT bütün türk dövlətlərinin güclənməsinə lazım olan dəstəyi vermək üçün ilk növbədə onlar arasında çox ciddi bağlar qurmalıdır. Çünki özü zəif olan bir təşkilat heç kimə dəstək verməyi bacarmaz. İndiki mərhələdə bu dövlətlərin fəaliyyətinin koordinasiyalı şəkildə yönəldilməsinə ciddi ehtiyac var. Artıq birlik var və günbəgün güclənir. TDT artıq dünyada tanınan və qəbul edilən beynəlxalq təşkilatdır. Sadəcə TDT-də birləşən türk dövlətlərinin özlərinin güclənməsinə, müstəqilləşməsinə və bu gücü birləşdirə bilməsinə ciddi ehtiyac var. Bunun üçün təşkilat dövlətlərinin koordinasiyalı şəkildə fəaliyyəti təşkil edilməlidir. TDT-nin dünyada üçüncü qütp, üçüncü güc mərkəzi yaratmasına ciddi ehtiyac var. Bu da Türkiyə və Azərbaycanın TDT-də birgə dominantlığı altında formalaşmaqdadır”.

Doğrudan da, dövlətlərin bəzi özəl maraqları naminə düşmənlə belə işbirliyinə gedilməsinə ehtiyac yaranır. Məsələn, biz Ermənistanla 40 ilə yaxındır ki, qonsularımızın günahı üzündən düşmən olmaq məcburiyyətində qalmışıq. Amma bu gün biz Zəngəzur dəhlizinin açılmasını aktiv şəkildə müzakirə edirik, onun açılmasına ciddi cəhdlər göstəririk. Lakin başqa rakursdan baxanda, bu, düşmənlə işbirliyinə getmək deyilmi?

Yaxud başqa bir misal, Azərbaycan TANAP layihəsinin davamı olaraq TAP layihəsini reallaşdırarkən qardaş Türkiyənin əzəli düşməni olan Yunanıstanla işbirliyi qurmağa ehtiyac duyduq. Ankara da buna anlayışla yanaşdı. Belə ki, Adriatik dənizinin dibi ilə İtalyaya qovuşan TAP ixrac qaz boru kəmərinin 600 km-lik hissəsi məhz Yunanıstan ərazisindən keçir. Dünyada belə nümunələr kifayət qədər çoxdur. Hətta biz gələcəkdə yunan Kiprı ilə türk Kıprınin də birgə layihələr həyata keçirmələrinin şahidi ola bilərik.