AMİP-30

İrəvanın sülh müqaviləsi ilə paralel şərtlərimizi təmin edəcəyini söyləməsi riyakarlıqdır – Deputat

Azərbaycan 44 günlük müharibə başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz tərəfindən beynəlxalq hüququn beş baza prinsipi əsasında  sülh müqaviləsinin imzalanması təklif olundu. Azərbaycan həm ədalətə, həm də beynəlxalq hüquqa əsaslanan tələblər də irəli sürüb, o tələblər yerinə yetirilməyəcəyi təqdirdə hər hansı sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə 4-cü Antalya Diplomatiya Forumunda Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı səsləndirilən fikirləri şərh edərkən bildirib.

Xatırladaq ki, forum çərçivəsində XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib, “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Deputat bildirib ki, ilk növbədə Ermənistan Konstitusiyasında Azəbaycana qarşı yer alan ərazi iddialarından geri çəkilməli, eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməlidir:

“Bizim son əsas  şərtlərimiz bunlardır. Amma paralel olaraq Azərbaycanın digər haqlı tələbləri də var. Dörd kəndimiz hələ də Ermənistanın işğalı altındadır. Ermənistan demarkasiya və delimitasiya məsələsində qeyri-konstruktivlik nümayiş etdiməkdədir, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bütün bunların fonunda Ermənistanın XİN rəhbərinin ölkəsinin Azərbaycana ərazi iddilarının olmadığını deməsi erməni riyakarlığından başqa bir şey deyil.

Sülh müqaviləsi imzalanana qədər Ermənistan Konstitusiyasında dəyişiklik  etməlidir, ATƏT-in Minsk qrupundan imtina ilə bağlı öz qəti möveqyini bildirməlidir. Bundan sonra sülh müqaviləsinin, yaxud çərçivə sazişinin imzalanmasından söhbət gedə bilər. Sülh müqaviləsi ilə paralel bu şərtlərin təmin ediləcəyi ilə bağlı deyilən fikirlər riyakarlıqdır”.

A.Əlizadə əlavə edib ki, Ermənistan güvənli dövlət deyil, ərazilərimizi 30 ilə yaxın işğal altında  saxlayan qondarma dövlətdən söhbət gedir:

“Paşinyan da deyirdi ki, Azərbaycana qarşı ərazi iddiaları olmayacaq, amma biz nə Paşinyanla, nə Mirzoyanla, nə digərləri ilə müqavilə imzalamırıq. Biz sülh müqaviləsini Ermənistan adlı dövlətə imzalayırıq. Ona görə də dövlət təminatı olmalıdır. Digər şərtlərimiz də yerinə yetirilməlidir ki, sülh müqaviləsi imzalanma mərhələsinə gəlib çatsın, əks halda bu qeyri-mümkün olacaq”.

Deputat vurğulayıb ki, Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı mesajlarını verib və bu, birmənalı qarşılanmayıb: “Bunun da fərqindəyik. Eyni zamanda, 2027-ci ildə yeni Konstitusiyanın qəbulu barədə Paşinyan danışmışdı. Ermənistanın ədliyyə naziri isə gələn il yeni Konstitusiyanın qəbulu ilə bağlı mesaj verib. Bu il Konstitusiyada dəyişiklik edilməyəcəyi ilə bağlı bir fikir yaradılıb. Bu, ən azı 2026-cı ildə baş verəcək. Belə olan halda təbii ki, bu il də sülh müqaviləsini imzalanması mümkün olmayacaq”.