Arzuxan Əlizadə: “Ermənistan kimdir ki, bizim ərazi bütövlüyümüzə zəmanət versin”
Antalyada keçirilən Diplomatik Forum çərçivəsində jurnalistlərə açıqlama verən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycanın sülh sazişi çərçivəsində ATƏT-in Minsk qrupunun buraxılması şərtini şərh edərkən bəyan edib ki, əgər münaqişə yoxdursa, “Minsk qrupuna da ehtiyac yoxdur”.
Nazir qeyd edib ki, İrəvan eyni gündə Azərbaycanla sülh sazişi və Minsk qrupunun buraxılması ilə bağlı sənəd imzalamaq istəyir. Azərbaycanın ərazi bütövlüyünə təminat şərti kimi Ermənistanda konstitusiya dəyişikliyi tələbinə cavab verən Mirzoyan bildirib ki, artıq kifayət qədər təminatlar mövcuddur. O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması qarşıdan gələn sülh sazişinə daxil ediləcək. Mirzoyan onu da qeyd edib ki, saziş imzalandıqdan sonra Ermənistan artıq Aİ-nin monitorinq missiyasının olmasını da tələb etməyəcək.
Qeyd edək ki, Ermənistan beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsini də sülh sazişinin imzalanmasından sonraya saxlamağa razılaşıb.
Sizcə, Ermənistan nəyə görə sonradan razılaşdığı bütün məsələlərin icrasını sülh sazişindən sonraya saxlayır?
Baki-xeber.com saytının sualını cavablandıran AMİP sədri, deputat Arzuxan Əlizadə bildirdi ki, Antaliya Diplomatik Forumunda Ermənistan xarici işlər nazirnin jurnalistlərə verdiyi cavablar növbəti erməni riyakarlığından başqa bir şey deyil, bunun başqa adı yoxdur: “Ermənistan sülh sazişinin imzalanması prosesində Azərbaycan tərəfinin haqlı – həm haqqi-ədalətə, həm də beynəlxalq hüquqa söykənən tələblərini yerinə yetirmək öhdəliyindən yan keçmək, hansısa formada beynəlxalq ictimaiyyət çaşdırmaq, guya Azərbaycanı aldadaraq razı salmaq istəyir ki, tələblər yerinə yetirilmədən sülh müqaviləsinin imzalanmasına nail ola bilsin. Ona görə də Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması ilə paralel digər şərtlərin də yerinə yetiriləcəyi barədə vədlər verir. Bu gülünc mövqedir və heç bir halda qəbuledilən deyil.
“Azərbaycanın ərazi bütövlüyünə Ermənistanın təminatı var” fikri də normal siyasi və diplomatik məntiqlə izah edilən məsələ deyil. Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan bir dövlətə hec vaxt etibar etmək olmaz. Konstitusiyasında Azərbaycan, gerbində Turkiyə ərazisinə iddia ifadə edilən qondarma, işğalçı, revanşist hisslərlə yaşayan, bunu özünün dövlət kredosuna çevirən bir dövlətin xarici işlər nazirinin dediyi fikirlər havaya atılmış bir gülləyə bənzəyir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Ermənistan kimdir ki, bizim ərazi bütövlüyümüzə zəmanət versin, sadəcə biz rəsmi sənədlərdəki iddiaları aradan qaldırmağı tələb edirik. Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etməyə və qorumağa qadirdir. Azərbaycan Ermənistan deyil ki, sərhədini 5-6 dövlət qorusun.
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, Azərbaycana qarşı ərazi iddialarından konstitusion müstəvidə geri çəkilməlidir. Ermənistan konstitusiyasına müvafiq dəyisikliklər etməlidir, ATƏT-in Minsk qrupunun buraxılmasını rəsmən bəyan etməlidir, bunlarsız hec cür sülh müqaviləsi bağlana bilməz.
Əslində yerinə yetirilməsi çox vacib olan digər şərtlər də var ki, bunlarla bağlı biz müəyyən güzəştlərə gedirik. Amma bu o demək deyil ki, biz ermənilərin nazı ilə oynayıb, digər güzəştlərə də gedə bilərik – bu heç bir halda mümkün deyil.
Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması ilə bağlı öhdəliklərini Ermənistan hələ də yerinə yetirməyib. Bu gün Azərbaycanın Qazax rayonunun 3, Naxçıvanın Kərki kəndi hələ də erməni işğalı altındadır.
Ermənistan demarkasiya və delimitasiya prosesi ilə bağlı da qeyri-konstruktiv mövqe nümayiş etdirməklə məşğuldur.
Ermənistan revanşist addımlar atmaqla faktiki olaraq yenidən öldürücü hücum silahları ilə sürətlə silahlanır. Belə olan halda Ermənistana necə güvənmək olar? Ermənistanla hansı etimad mühiti formalaşıb ki, biz onlara nədəsə güzəştə gedək? Heç bir halda mümkun olan məsələ deyil. Bir daha təkrar edirəm, bu növbəti erməni riyakarlığıdır. Ermənistan rəsmiləri, sadəcə olaraq, bu cür açıqlamalar verməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Nümayiş etdirmək istəyirlər ki, guya ermənilər sülh müqaviləsini bağlamağa hazırdırlar, Azərbaycan isə buna əngəl törədir, bunu yubadır və ya vaxt uzadır. Təbii ki, Azərbaycanın konkret olaraq tələbləri var. Bu tələblər yerinə yetrilməyənə qədər sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bu gün sülh müqaviləsinin imzalanması bizdən daha çox Ermənistana lazımdır. Bu baxımdan sülh sazişinin imzalanmasını uzatmaq və ya başqa fikirləri varsa, bizim dəmir yumruğumuz yerindədir. Əgər ermənilərin ağlu yenə yerindən oynayıbsa, Azərbaycan onları bir daha ağıllandırmaq qüdrətinə malikdir”.