Afsəddin Nəbiyev: “Gürcüstanın bu prosesdə xoş təşəbbüslərini yüksək qiymətləndiririk”
Gürcüstan Xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında bildirdi ki, Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli əməkdaşlıq imkanları və üç ölkə üçün maraqlı istiqamətlər əsas müzakirə mövzusu olacaq.
Onun sözlərinə görə, Gürcüstan dəfələrlə bəyan edib ki, danışıqlar üçün öz platformasını regional qonşularına təqdim etməyə hazırdır. Ölkə hər iki ölkənin strateji tərəfdaşıdır: “Görüşdə üçtərəfli əməkdaşlıq imkanları müzakirə olunacaq. Üç ölkəni maraqlandıra biləcək sahələr və mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi həyata keçiriləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmalar inkişaf etdirsinlər. Bu, müzakirənin əsas istiqamətləri olacaq”.
2021-ci ilin sonunda Gürcüstanın ovaxtkı baş naziri İrakli Qaribaşvili “Sülh qonşuluq təşəbbüsü” ilə çıxış edərək Azərbaycan və Ermənistana tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platforma yaratmağı təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub. 2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstanda ilk dəfə üz-üzə görüşüb.
Bu görüşlərdən sonra mümkündür ki, iki ölkə arasında sülh danışıqları və saziş Tiflisdə imzalansın?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev prinspcə bunu istisna etmədi: “İlk öncə onu vurğulamaq istərdim ki, münaqişənin ilk illərində Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan bu təşəbbüsləri irəli sürən tərəf olub. Hətta bu təşəbbüs bir müddət “Qafqaz evi” kimi də mətbuatda müzakirə mövzusu olub. Ancaq “mifik təsəvvürlərlə” beyinləri yuyulmuş erməni cəmiyyəti bu platformanı mətbuat səhifələrində ələ salmağa başladılar. İşğalçılıq iştahası Ermənistanı sivil dəyərlərdən çox uzaqlaşdırdı. Uzun illər ermənilər işğalçılıq siyasətinin təsiri altında xoşməramlı sülh təşəbbüslərini özlərinə yaxın buraxmadılar. Azərbaycanın 44 günlük Vətən savaşındakı Qələbəsindən və bir günlük antiterror tədbirlərindən sonra erməni cəmiyyəti dinc “Qafqaz evi” platformasını uzun illər ərzində böyük bir tarixi şans kimi əldən verdiklərini çox gec dərk etdilər. Azərbaycanın yaratdığı yeni reallıqlar indiki vəziyyətdə erməni cəmiyyətində rasional qərarların verilməsinə təkan verə bilər. Onlar indiki situasiyanı dəyərləndirib sülh danışıqlarına yenidən laqeyd qalsalar böyük bir tarixi şansı qaçırmış olacaqlar. Qaldı görüşlərin keçirildiyi məkanlara düşünürəm ki, görüşlərin harada keçirilməsinin fərqi yoxdur. Əsas məsələ odur ki, erməni tərəfi Azərbaycanın çox sadə şərtlərini qəbul edib tezliklə sülh müqaviləsini imzalasın. Görüş Azərbaycan-Ermənistan sərhədində də keçirilə bilər, digər məkanlarda da. O cümlədən, Tiflisdə də sülh sazişi imzalana bilər. Yaxşı olardı elə hər iki dövlətin sərhədində keçirilsin. Gürcüstanın bu prosesdə xoş təşəbbüslərini yüksək qiymətləndiririk. Bölgəmizdə bu dövlətlərin sülh və təhlükəsizlik şəraitində yaşaması, əbədi sülhə nail olunması Cənubi Qafqaz dövlətlərinin güclü inkişafına gətirib çıxarar”.