AMİP-30

“Avropa İttifaqının Ermənistanda “kəşfiyyat” aparan müşahidə missiyası sülh prosesinə zərbə vurur”

Fransa Azərbaycana qarşı təxribatlarından heç bir vəchlə əl çəkmir. Belə ki, bu günlərdə Fransanın xarici işlər naziri Jan-Noel Barrot Aİ-nin Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə məlumat verib. “Ümid edirəm ki, orada yerləşdirilən Aİ missiyası gərginliyi izləmək və yumşaltmaq üçün genişləndiriləcək”, – səfir nazirdən sitat gətirir. Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-də 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 nəfərdən) genişləndirildiyini elan etdi. Aİ Şurası yanvarın sonunda Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının daha iki il, 2027-ci il fevralın 19-dək uzadılması barədə qərar qəbul edib. Bu da birbaşa Azərbaycana qarşı təxribatdır. Əslində sülh müqaviləsinin bağlanmasına bir növ süni maneədir. Ermənistan üçüncü qüvvələrin oyuncağına çevrilərək, sülh müqaviləsini yubadır.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan 2020-ci ildə İkinci Qarabağ savaşında əldə etdiyi möhtəşəm qələbədən sonra qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflə müraciət etdi və beynəlxalq hüququn beş baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan etdi.

 Arzuxan Əlizadə / Foto: amip.az

“Artıq beş ilə yaxın müddətdir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı prosedur uzanmaqdadır və burada bir sıra amillər var. Burada əsas rolu Ermənistan oynamır. Məlumdur ki, Ermənistan qondarma dövləti bir vaxtlar Türk dünyasına və İslam dünyasına bir bufer zona olaraq, yaradılmış bir qondarma qurumdur və hər zaman marionet kimi istifadə olunub. Uzun müddət ərzində Rusiyanın boyunduruğu altında olub, hazırda hələ də təsir dairəsindədir. Eyni zamanda 2018-ci ildə hakimiyyətə gətirilən Paşinyan onu hakimiyyətə gətirən Qərb dairələrinin üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməyə çalışır. Bu vəzifə də ondan ibarətdir ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılaraq bilavasitə Paşinyanı hakimiyyətə gətirən Qərb dairələrinin təsir dairəsinə keçməsinə vəsilə olsun”-deyən deputat vurğulayıb ki, bu istiqamətdə də fəaliyyət göstərir.

Arzuxan Əlizadə bildirib ki, Ermənistan Azərbaycan şərti sərhədinə dırnaqarası mülki müşahidə missiyası adı altında gətirilib, yerləşdirilən Avropa əks-kəşfiyyat idarələrinin keçmiş və indiki zabitlərindən ibarət olan bu qurum faktiki olaraq, Azərbaycanın razılığı olmadan fəaliyyət göstərməkdədir: “İlkin razılıq Azərbaycan və Ermənistan arasında cəmi iki ay müddətinə, 40 nəfərdən ibarət müşahidə missiyasının olması ilə bağlı əldə edilmişdir. Amma bu razılaşma çox tezliklə pozuldu. Ermənistan tərəfindən 40 nəfər əvəzinə 50 nəfər müşahidə missiyası nümayəndəsi yerləşdirildi. Azərbaycan öz ərazisinə hansısa müşahidə missiyasının daxil olmasına əvvəlcədən razılıq vermədi. Sonradan təkcə Ermənistan tərəfinin razılığı ilə əvvəlcə sayı artırdılar 138 nəfərə qədər artırıldı. Ondan sonra müddət iki il müddətinə əlavə olaraq artırıldı. Bu ilin yanvarında daha iki il müddətinə 2027-ci ilin fevralına qədər müşahidə missiyasının fəaliyyət göstərməsi ilə bağlı qərar verildi. Say tərkibi də artırılıb. Artıq 200 nəfərdən artıq müşahidə missiyası nümayəndəsi Ermənistan Azərbaycanın şərti sərhədində Ermənistan tərəfindən prosesə cəlb edilib. Onlar prosesi çox nümayişkaranə surətdə həyata keçirməkdədirlər. Öz mövcudluqlarını nümayiş etdirmək məqsədilə zaman-zaman sərhədə gəlirlər və Azərbaycan tərəfini binoklla izləməklə guya öz vəzifələrini yerinə yetirirlər”.

Arzuxan Əlizadə vurğulayıb ki, beynəlxalq ictimaiyyətə də yanlış məlumatlar çatdırılır.

“Guya bu müşahidə missiyası burada olmazsa, Azərbaycan hansısa hücum taktikasına əl ata bilər. Bölgədə guya yenidən gərginlik yaşana bilər. Bu müşahidə missiyasının missiyası guya ondan ibarətdir ki, iki ölkə arasında mövcud ola biləcək gərginliyi aradan qaldırsınlar, ən azından hərbi eskalasiyaya mane olmuş olsunlar. Tamamilə yanlış yanaşmadır və beynəlxalq ictimaiyyəti çaşdırmağa yarayan yanaşmadır. Öz vəzifələrinə hüquqi don geyindirmək məqsədi daşıyır. Əslində bu müşahidə missiyasının mövcudluğu və ümumiyyətlə Fransanın və digər güclərin Ermənistan üzərindən bu prosesə qoşulması bölgədə gərginliyə rəvac verən amildir. Sülhə və sabitliyə heç bir halda töhfə vermir, əksinə sülhü təhdid edir. İki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. Burada Qərb ölkələrinin məqsədi Fransa başda olmaqla, ondan ibarətdir ki, gərginlik davam etsin və gərginlik davam etdikcə proses uzansın. Rusiyanın tam olaraq zəifləməsi və bölgədən sıxışdırılması halına gəlinsin ki, buradakı maraqlarını təmin etmiş olsunlar”-deyən deputat hesab edir ki, bu da heç bir halda erməni sevgisindən irəli gələn məsələ deyil.

“Bu, konkret olaraq Ermənistan adlı qondarma dövlətdən istifadə etmək məqsədidir və istifadə etməklə bölgədə öz siyasi, iqtisadi və hərbi maraqlarını təmin etmək məqsədidir ki, bu istiqamətdə addımlar atılır”-deyən Arzuxan Əlizadə hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin tezliklə imzalanmasına maneçilik törədilir.