Afsəddin Nəbiyev: “Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyi ciddi səmərə vəd edir”
İsrailin baş naziri Benyamin Netanyahu mayın birinci yarısında Azərbaycan səfər edəcək, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə “Times of Israel” öz mənbələrinə istinadən yazıb.
Onun İsrail və Türkiyə arasında vasitəçi kimi çıxış edən Azərbaycana nəzərdə tutulan potensial səfəri ilə bağlı müzakirələr barədə ilk olaraq İsrail Hayomdan Ariel Kahana məlumat verib. Nəşr bildirib ki, tərəflər rəsmi Bakının vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyaya dair aparılan danışıqları müzakirə edəcəklər. Qeyd edilir ki, Türkiyə və İsraillə dost olan Azərbaycan gərginliyin aradan qaldırılmasına kömək edə bilər. Eyni zamanda, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ABŞ ilə üçtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri də gündəmdə olacaq.
Maraqlı informasiyadır və bütün bunların reallaşması nə dərəcədə realdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Azərbaycanın vasitəçiliyi ciddi nəticə verə bilər: “Əvvəla, hər iki dövlət arasında diplomatik münasibətlərin tarixi İsrail dövlətinin qurulduğu ilk illərə təsadüf edir. İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulub. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir. Vaxtilə hər iki ölkə bir-biri ilə hərbi, strateji və diplomatik sahələrdə əməkdaşlığa sahib olublar. 1990-cı illərdə tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən İsrail Hərbi Hava Qüvvələri Türkiyə ərazisində uçuş praktikası həyata keçirməklə qarşılığında İsrailli silah mütəxəssisləri Türkiyə HHQ-nə məxsus döyüş təyyarələrinin modernizasiyası işləri ilə məşğul olurdu. Göründüyü kimi, müxtəlif illərdə bu münasibətlər bəzi hallarda hər iki dövlət arasında normal münasibətlərlə müşayiət olunsa da, bütün bunları birmənalı söyləmək mümkün deyil. Tarixin müəyyən vaxtlarında bu münasibətlər gərginliklə müşahidə olunub. Bunun əsas səbəblərindən biri də odur ki, Türkiyə dövləti Orta Şərqdə dinc müsəlman əhalisinin qətlə yetirilməsinə, müharibələrə laqeyd qalmaması olub. İndiki dövrdə də Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin əsas səbəblərindən biri də budur. Ancaq yeni dünya nizamının qurulduğu bir dövr olduğunu nəzərə alsaq bu münasibətlərin sivil sülh və əməkdaşlıq məcrasına yönəlməsinə ciddi ehtiyacın olduğunu görürük. Bu baxımdan bölgədə Türkiyə-Azərbaycan hərbi siyasi müttəfiqliyi belə mürəkkəb gərgin məsələlərin həlli istiqamətində müsbət dönüşün yaranmasına gətirib çıxarar. Prezident İlham Əliyevin İsrail Prezidenti Benyamin Netanyahu ilə nəzərdə tutulan bu görüşlərində Türkiyə-İsrail münasibətilərinin sülh və əməkdaşlıq məcrasında nizamlanması reallığa əsaslanan yeni münasibətilərin qurulmasına vəsilə ola bilər. Bir sözlə, Azərbaycanın bu məsələdə vasitəçiliyi ciddi səmərə vəd edir. Təbii ki, burada ortaq maraqlarla yanaşı, Azərbaycanla İsrail arasında dost münasibətlər gərginliyin aradan qaldırılmasına kömək edə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, dünyada, eyni zamanda bölgədə təhlükəsizlik arxitekturasının memarı olaraq Azərbaycan dövləti dinc nizamlanma prosesində öndə olan nümunəvi dövlətlər sırasındadır. Barışdırıcı, eyni zamanda uzlaşdırıcı nizamlanma yolu ilə gedən dövlət olaraq, dünya siyasətində Azərbaycan dövlətinin bu addımları yüksək dəyərləndirilməlidir”.