Rəşad Bayramov: “Ermənistan prezidenti manipulyasiya ilə məşğuldur”
“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır”. Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir: “Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək səylərini yüksək qiymətləndirir”.
Ermənistan prezidenti deyir ki, iki ölkə arasında sülh sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Necə bunu hazır hesab etmək olar ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları hələdə çıxarılmayıb? Nəinki çıxarılmayıb, heç bu istiqamətdə konkret addımlar belə atılmır. O zaman Xaçaturyan kimi aldadır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, təkcə Ermənistan prezidenti deyil, bu ölkənin baş naziri də ayrı-ayrı dövlət rəsmiləri də dəfələrlə bu mövzu ilə bağlı açıqlamalar veriblər: “Yəni Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanmasına hazır olduqlarını bəyan ediblər. Təbii ki, burada əsas məqsəd Ermənistanın sülh istəyən tərəf olaraq təqdim olunmasıdır. Həm də prosesin uzadılmasında Azərbaycanın hədəfə qoyulmasından ibarətdir. Ancaq artıq beynəlxalq birlik də kifayət qədər yaxşı bilir ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişin imzalanmamasında ortada olan ən böyük maneə, Ermənistanın Konstitusiyasıdır. Məlumdur ki, Ermənistan Konstitusiyasında bu ölkənin 1990-cı ilin avqustunda qəbul edilən müstəqillik bəyannaməsinə istinadlar var. Həmin bəyannamə də özündə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı məsələləri özündə ehtiva edir. Bu da o deməkdir ki, Ermənistan Konstitusiyası əgər həmin müstəqillik bəyannaməsinə istinad edirsə, deməli Azərbaycana qarşı ərazi iddiaları rəsmən qalmaqdadır. Belə olan halda hansı razılaşmanın hazır olmasından danışmaq olar? Çünki ərazi iddiaları Ermənistanın ana qanununda qalırsa, o zaman faktiki olaraq bu ölkə ilə imzalanacaq sülh sazişinin elə bir hüquqi əhəmiyyəti qalmır. Mən hələ Paşinyanın həmin sazişi necə imzalayacağı haqqında danışmıram. Çünki indiki Ermənistan Konstitusiyası ümumiyyətlə, Paşinyana sülh sazişini imzalamağı belə faktiki olaraq qadağan edir. Konstitusiyada ərazi iddiası varsa, bu, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə uzlaşmır. Bu, imzalanacaq sülh sazişini adi kağız parçasına çevirir. Ona görə də Ermənistan prezidenti manipulyasiya ilə məşğuldur. Ermənistan Konstitusiya Məhkəməsi ötən ilin sentyabrında ərazi iddialarının olmaması barədə rəy versə də, bu, bizi qane edə bilməz. Sabah məhkəmənin hakimləri dəyişsə, verilən rəyi dəyişəcəklər. Bir sözlə, erməni rəhbərliyi beynəlxalq ictimai rəyi çaşdırır”.