AMİP-30

Ermənistanda seçkinin vaxtı bilindi: Bəs konstitusiya nə zaman dəyişəcək?

Ermənistanda parlament seçkisinin vaxtı məlum olub. Parlamentin sədri Alen Simonyan seçkinin 2026-cı il iyunun 7-də keçiriləcəyini deyib. Xatırladaq ki, bir müddət əvvəl baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu üçün səsvermənin parlament seçkisindən sonra, daha dəqiq desək, 2027-ci ildə keçirilə biləcəyini açıqlamışdı.

Məlumdur ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün iki şərtin yerinə yetirilməsini – konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minks qrupunun buraxılmasını tələb edir. Bəs belə olan halda, seçkiyə qədər Ermənistan hökuməti konstitusiyanı dəyişmək və sülh müqaviləsi imzalamaq üçün zəmin formalaşdıracaq, yoxsa, yenə də bunun əksini edəcək?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Oxu.Az-ın sualına cavabında bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı və ədalətli tələbləri var:

“Bu tələblərdən biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasıdır və Paşinyan da bunun fərqindədir. Ona görə də konstitusiya dəyişikliyinə gedilməsi ilə bağlı müəyyən açıqlamalar verilir, addımlar atılmaq istiqamətində fəaliyyət göstərilir. Amma məsələ burasındadır ki, nə Paşinyan, nə də Ermənistan dövləti müstəqil siyasət yürütmək iqtidarında deyil. Ermənistan dövlət olaraq şimal qonşumuzdan asılı olduğu qədər, Paşinyan hakimiyyəti də Qərb dünyasından, onun hakimiyyətə gətirən güclərdən asılı vəziyyətdədir və onların diqtəsi ilə oturub-durur. Bu güclər də indiki şərtlər daxilində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər və ona görə də prosesi uzatmaq istəyirlər”.

“Bu gün Ermənistan üzərindən Rusiya ilə Qərb arasında qarşıdurma gedir. Bu mübarizənin yekunlaşmasını gözləyən hər iki tərəf Ermənistanı sülh müqaviləsi istiqamətində ciddi addım atmaqdan çəkindirir və buna görə də proses uzanır. Bu baxımdan, seçkilərə qədər Ermənistanda konstitusiya dəyişikliyi və bunun üçün zəruri olan referendumun keçiriləcəyinə ciddi zəmin yaranacağını hesab etmirəm. Düzdür, gözləntilərimiz Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyi ilə bağlıdır, amma bunun parlament seçkisinə qədər baş tutacağı ehtimalı aşağıdır. Qeyd etdiyim kimi, tərəflər qüvvələr nisbətini tam olaraq öz xeyirlərinə dəyişə bilməyiblər. Yəni bu gün Ermənistan Rusiyadan tam olaraq asılı vəziyyətdədir. Eyni zamanda, Paşinyanı hakimiyyətə gətirən güclər Rusiyanı Ermənistan ərazisindən sıxışdırıb çıxarmaq və özlərinin orada bərqərar olmasını hədəfləyirlər ki, buna da hələlik nail ola bilməyiblər. Yaxın gələcəkdə bu, mümkün görünmür. Bu səbəbdən də, sülh müqaviləsinin imzalanması istiqamətində maneələr törədilir, Ermənistanın konkret addımlar atmaq imkanlarının qarşısı alınır”, – deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Ermənistan konstitusiyasından sözügedən müddəaları çıxarmağa məcburdur:

“Amma bunun seçkilərə qədər reallaşacağı ehtimalı azdır. Çünki bu baş tutacağı təqdirdə, müxalifət Paşinyana qarşı bir qədər də motivasiya əldə edəcək. Bununla da istər Rusiya tərəfindən idarə olunan müxalifət aktivləşə, istərsə də Qərb tərəfindən alternativ müxalif qüvvələr üzə çıxarıla bilər. Bu baxımdan hesab edirəm ki, Paşinyan riskə getməyəcək və seçkiyə qədər öz hakimiyyətini qoruyub saxlayacaq. Hakimiyyətini bir qədər də gücləndirəndən sonra isə konstitusiya dəyişikliyi ilə bağlı addım ata bilər”.