Bakının gücü, çevrənin daralması, Paşinyanı Ərdoğanın ayağına aparan səbəb – Mövqe
“Dünyada baş verən geosiyasi proseslər, regional hadisələr, mövcud təhlükəsizlik mühiti, xüsusən də daxili və xarici təhdidlərin gündən-günə güclənməsi Cənubi Qafqaza da öz mənfi və müsbət təsirlərini göstərir. Baş verən proseslərə isə daha çox Ermənistana ciddi şəkildə mənfi təsirlərini göstərməkdədir. Bunun səbəbi isə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin də bəayn etdiyi kimi Ermənistanın reallıqlara uyğun olmayan siyasət yürütməsinin nəticəsidir. İrəvanın Bakının şərtləri daxilində sülh müqaviləsini imzalamaqdan yayınaraq vaxt uzatması Ermənistan ətrafında çevrəni günü-gündən daraldır və onu çıxılmaz dalana itələyir. İsrail-İran müharibəsi Ermənistanı çıxılmaz bir vəziyyətə salması və bundan çıxış yolu tapa bilməməsi dediklərimizin sübutdur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın İstanbula səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan nə qədər ki, Bakının şərtləri daxilində sülh müqaviləsi imzalamayıb, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmayıb bu ölkəni qarşıda daha təhlükəli durumlar gösləyir. “İsrail-İran müharibəsindən sonra Ermənistan faktiki izolyasiya vəziyyətinə düşüb. Ermənistan həmsərhəd olduğu 4 ölkədən 2-si ilə- Azərbaycan və türkiyə ilə sərhədləri tam bağlıdır. İsrail-İran müharibəsi nəticəsində isə İranla quru sərhəd faktiki dayanmış vəziyyətdədir. Yükdaşımalar ciddi təhlükə altındadır. İran ətrafında yaranmış vəziyyətə Ermənistanı daha təhlükəli və çıxılmaz duruma salıb. Belə bir vəziyyət Ermənistanı Bakının irəli sürdüyü sülh şərtlərini dərk etməyə vadar edir. İrəvan dərk etməyə başlayır ki, Bakının şərtləri daxilində sülh müqaviləsi imzalanmasa, o zaman Ermənistan dövlətçiliyini çox ciddi təhlükələr gözləyir”, – o qeyd edib.
Deputat hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanı Türkiyəyə, prezident Rəcəb Tayyib Ərdoğanın ayağına aparan əsas səbəblərdəndir: “Əgər Ermənistan indiyədək bölgədə dayanıqlı sülhə, sabitliyə və sıx əməkdaşlığa xidmət edən Bakının şərtləri əsasında sülh sazişi imzalasaydı, o zaman nə İsrail-İran müharibəsi, nə də ki, digər münaqişələr və böhranlar belə mənfi təsir göstəməyəcəkdi. Amma hələ də gec deyil. Ziyanın yarısından da qayıtmaqda bir fayda var. Yox əgər İrəvan yenə də destruktiv mövqe sərgilərsə, o zaman Ermənistanı kimsə üzləşdiyi fəlakətdən xilas edə bilməyəcək”.
Arzuxan Əlizadənin fikrincə, Paşinyanın Türkiyəyə səfəri Ankaranın Cənubi Qafqazda ciddi söz sahibi olmasının və bölgədə dayanıqlı sülhün, sabitlyin, təhlükəsizliyin, sıx əməkdaşlıq formatının yaranmasında təminatçı güc kimi təsdiqinin göstəricisidir: “Ermənistan tərəfi onu da anlamalıdır ki, Ankara Bakı ilə müttəfiq və qardaş ölkədir. Bakının razılığı olmadan İrəvan-Ankara münasibətləri istənilən nəticəni verməyəcək. Çünki Ankara Ermənistanla münasibətlərini İrəvanın Azərbaycana olan işğalçılıq siaysəti nəticəsində məhdudlaşdırıb. Onun səbəbləri aradan qalxmadan əməkdşalığın qurulması, sərhədlərin açıəlması qeyri-mümkündür.
Paşinyanın İstanbul səfərini, həm də Bakının gücünün təsiri kimi qiymətləndirmək lazımdır. Məhz Bakının gücü Ermənistanı müttəfiqinin ayağına apardı.
Paşinyanı Ərdoğanın ayağına aparan digər məsələ isə 2026-ci ildə keçiriləcək parlament seçkiləridir.
Burada onu da qeyd etmək yerinə düşər ki, İrəvan Bakının gücünün Ankaranın gücünə əlavə güc qatır və əksinə. Ona görə də bölgənin gələcək taleyini həll edən əsas güclər Ankara və Bakıdır. Bunların razılığı olmadan heç nə mümkün deyil. İrəvan bunu nə qədər tez analayıb təkcə Ankara ilə deyil, həm də Bakı ilə razılıq əldə edərsə o zaman üzləşdiyi böhrandan və üzləşdiyi təhdidlərdən xilas ola bilər. Yoxsa, Ermənistan ətrafında dairə getdikcə dah da darlaşacaq və bu hətta erməni dövlətçiliyinin siyasi xəritədən silinməsinə gətirib çıxara bilər”.