Rəşad Bayramov: “Bu, nikbinlikdən daha çox, ABŞ-ın ölkələrə çağırış kimi qiymətləndirilməlidir”
Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik. Bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.
Rubbio Cənubi Qafqazda sülhün bərqərar olunacağına ümid etdiyini bildirib: “Biz Hindistanla Pakistan arasında müharibəni dayandırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi əldə etdik. Həmçinin 12 günlük müharibəni ABŞ-ın müdaxiləsi ilə sonlandırdıq. ABŞ bu cür münaqişələri həll edə bilən dünyadakı yeganə ölkədir. Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”.
Trampla birgə keçirilən iclasda Azərbaycanla Ermənistan arasında sülh sazişinin gündəmə gətirilməsi və sazişin imzalanacağı ilə bağlı ən yüksək səviyyədə belə nikbinlik nümayiş etdirilməsi diqqəti çəkir. Maraqlıdır, Birləşmiş Ştatlarda iki ölkə arasında sülh sazişinin imzalanacağı ilə bağlı bu qədər nikbinlik haradandır?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Rubionun bu şəkildə açıqlaması əslində özündə hər iki ölkəyə çağırışı ehtiva edir. Yəni bu, nikbinlikdən daha çox, ölkələrə çağırış kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Rubionun açıqlamasında əminik yox, ümid edirik ifadəsi yer alıb. Bu onu göstərir ki, Birləşmiş Ştatlar hələ də sülh sazişinin imzalanmamasının səbəbləri ilə bağlı ortada olan problemlərin ciddiliyindən də xəbərdardır. Vaşinqton da kifayət qədər yaxşı başa düşür ki, bu istiqamətdə məsələnin həlli, yəni sülh sazişinin imzalanması ancaq həmin şərtlərin həyata keçməsindən sonra mümkündür. Təbii ki, bu açıqlamada digər başqa səbəblər də mövcuddur. Məsələ ondadır ki, Ermənistan nə qədər sülh sazişinin tezliklə imzalanması və seçki kampaniyası dövründə həmin sazişdən bir uğur olaraq istifadə etməni istəyirsə, Vaşinqton da ABŞ-ın imici baxımından hər hansı bir bölgədə sülhün əldə edilməsini özü üçün əhəmiyyətli hesab edir. Çünki biz Trampın hakimiyyətə gəlişi ərəfəsində və hakimiyyətdə olduğu dönəmdə dəfələrlə dünyada müharibələrin dayandırılması, sülhün əldə edilməsi üçün bütün səylərini ortaya qoyacağı ilə bağlı vədləri eşitmişik. Ancaq təəssüf ki, indiyə qədər keçən dövr ərzində nə İsraillə HƏMAS arasında atəşkəsin əldə edilməsinə nail olundu, nə də Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasına nail olundu. İndi ən azından Cənubi Qafqazda sülh sazişinin imzalanması, təbii ki, Trampın özünün reputasiyası baxımından da önəmlidir. Birləşmiş Ştatlar da məhz bu baxımdan tərəflərə müvafiq sülh sazişinin imzalanması üçün bu və ya digər şəkildə təsir göstərmək niyyətindədir. Təbii ki, Rubionun nə deməsindən asılı olmayaraq sülh sazişinin imzalanması Azərbaycanın şərtlərinin həyata keçməsindən asılıdır. Çünki istənilən ölkənin konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddialarının olduğu şəraitdə sülh sazişi mümkün deyil. Ancaq hər halda özündə Ermənistanın öhdəliklərini ehtiva edən hansısa sənəd imzalamaq olar. Yəni hansısa müddətdə Ermənistan Konstitusiyasında dəyişikliklər, Minsk Qrupunun buraxılması ola bilər”.