Afsəddin Nəbiyev: “Rusiyanın bu jesti öz maraqlarını qorumaqdan başqa bir şey deyil”
Moskva Bakı ilə İrəvan arasında BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən birbaşa dialoqu dəstəkləyir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə belə deyib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti dəfələrlə iki ölkə arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağını bildirib.
“Biz, əlbəttə ki, Bakı və İrəvan arasında birbaşa dialoq faktını alqışlayırıq. Məhz belə bir sülh müqaviləsinin imzalanması regiona proqnozlaşdırıla bilən sabitlik və sülh əlavə edəcək mühüm amilə çevriləcək. Biz bu prosesi tam dəstəkləyirik”, – Kremlin sözçüsü vurğulayıb.
Bir halda ki Rusiya Əbu-Dabidə keçirilən birbaşa dialoqu dəstəkləyir, o zaman prosesin daha da irəli aparılması üçün bundan sonra Rusiyanın nələri etməsi daha səmərəli və effektiv olar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Peskovun açıqlamasına birmənalı yanaşmadı: “Bu məsələyə aydınlıq gətirmək üçün əvvəlcə biz Rusiyanın son iki yüz ildə Cənubi Qafqaz siyasətini nəzərdən keçirməliyik. Real tarixi fakt ondan ibarətdir ki, Rusiya hər zaman, qədim ifadə ilə desək, bu bölgədə “Parçala, hökmranlıq et” siyasətini həyata keçirib. Özü də bunu məhz Ermənistanın xeyrinə Azərbaycan torpaqları hesabına həyata keçirib. Bu bir reallıqdır ki, indiki Ermənistan məhz Cənubi Qafqazda Rusiyanın havadarlığı ilə yaradılıb. Ermənistanın yaradılması bir yana, süni bir dövlət olaraq Rusiyanın təhriki və havadarlığı ilə uzun illər Azərbaycana ölçüyə gəlməyəcək dərəcədə böyük ziyan vurub. Azərbaycanın 44 günlük savaşda yaratdığı qələbə reallığı Rusiyanın Qafqaz siyasətinə təsirsiz ötüşmür. İndiki məqamda son illər dünyada gedən mövqe savaşlarının artıq konturları görünməkdədir. Rusiya çalışır ki, statusunu qorusun. Məhz bu səbəbdən hər iki dövlətə dəstək ifadə etməklə, həm də özünü prosesdən kənarda qalmayan kimi göstərir. Daha dəqiq ifadə etsəm, Rusiya daha hiyləgər siyasət yeritməklə Qərbin təsirini balanslaşdırır. Çünki Azərbaycanla Ermənistan arasındakı konstruktiv görüşlərə qarşı çıxsa Bakı və İrəvanı Qərbə yönləndirmiş olar. Buradan belə bir nəticəyə gəlmək olar ki, Rusiya Ukrayna müharibəsi ilə məşğul olduğu üçün başqa cəbhədə başağrısı istəmir. Səmimidirmi? Əlbəttə yox. Rusiyanın bu jesti öz maraqlarını qorumaqdan başqa bir şey deyil. Həm prosesdən kənar qalmaq istəmir, həm də sülhün formalaşmasına nəzarət etmək istəyir. Azərbaycanla Ermənistan arasında son qarşılıqlı anlaşma şəraitində keçən görüş onu deməyə əsas verir ki, üçüncü tərəf olmadan bu bölgədə sülhə nail olmaq olar. Kənar təsirlər olmasa, yaxın aylarda biz bunun şahidi ola bilərik. Belə bir tarixi şərait çox nadir hallarda olur. Ermənistan bu fürsəti qaçırmamalıdır, əks halda Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında qalacaq. Moskva prosesə töhfə vermək istəyirsə, praktiki olaraq beynəlxalq hüququn prinsiplərini əsas tutmalıdır. Ancaq Rusiyanın bunu edəcəyinə şübhə edirəm”.