Şəhidlər Xiyabanı hasara alınsın! – Deputatdan REAKSİYA
Avqustun 17-də üç turistin Şəhidlər Xiyabanındakı qeyri-etik davranışları ölkə gündəmində ciddi müzakirələrə səbəb olub. Hadisədən dərhal sonra onlar polis tərəfindən saxlanılıblar. Bunun ardından məhkəməyə çıxarılıblar. Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başladılmış hər üç nəfər barədə məhkəmə 3 ay həbs qətimkan tədbiri seçib.
Bununla belə hadisədən sonra bir sıra təkliflər irəli sürülüb. Şəhidlər Xiyabanında foto və video çəkilişlərinə məhdudiyyətlərin qoyulması, qısa geyimdə olan şəxslərin əraziyə buraxılmaması kimi təkliflər irəli sürülüb
Modern.az irəli sürülən təkliflə bağlı deputatların fikirlərini öyrənib.
Milli Məclisin İnsan hüquqları komitəsinin digər bir üzvü Arzuxan Əlizadə xüsusi hansısa qaydaların tətbiq edilməsinə elə də ciddi ehtiac olmadığını düşünür:
“Şəhidlər Xiyabanı bizim and yerimizdir. Şəhidlər Xiyabanında Azərbyacanın müstəqilliyinin əldə edilməsində, eləcə də ərazi bütövlüyünün təmin edilib, qorunmasında müstəsna xidmətləri olan, canlarından keçən, həyatını qurban verən igid oğullarımızın və qızlarımızın ruhları uyuyur. Bu baxımdan hər birimizin müqəddəs hesab etdiyimiz yer və xüsusi günlərdə ziyarət olunan məkandır. Bu baxımdan müəyyən qaydalara ilk növbədə şəhidlərimizin ruhuna hörmət və rəğbət ehtiva edən qaydalara əməl edilməsi birmənalı olaraq vacib məsələdir. Yalnız Azərbaycan vətəndaşları yox, ölkəmizə səfər edən rəsmi şəxslər də protokol qaydası olaraq Şəhidlər Xiyabanını ziyarət edirlər. Eyni zamanda xarici turistlər də buranı ziyarət edir və orada uyuyan qəhrəman bacı-qardaşlarımızın xatirəsinə ehtiram göstərirlər. Amma təəssüflər olsun ki, biz belə bir hadisə ilə rastlaşdıq. Bundan sonra müəyyən qaydaların olması, çərçivələrin cızılmalı olduğu ilə bağlı məsələ gündəmə gəldi. Xüsusi hansısa qaydaların tətbiq edilməsinə düşünürəm ki, elə də ciddi ehtiac yoxdur”.
Deputat vurğulayıb ki, istənilən halda Şəhidlər Xiyabanında nəzarət mexanizmi olmalıdır:
“Ora gələn şəxslər əvvəlcədən bilməlidirlər ki, Şəhidlər Xiyabanında özlərini aparmaq qaydalarına diqqət etməli, davranışları ilə Azərbaycan xalqına ehtiram göstərdiklərini bilməlidirlər. Əks bir addım atılırsa, bu, Azərbaycan xalqına və dövlətinə sayğısızlıq kimi qiymətləndiriləcək. Qanun çərçivəsində də həmin şəxslər öz əməllərinə müvafiq olaraq cəzalandırılmış olacaq. Üç ərəbəsilli turistin cəzalandırıldığının biz şahidi olduq. Azərbaycanlı və ya əcnəbi olmasından asılı olmayaraq, hər kəsin hörmətsizlik nümayiş etdirdiyi halda cəzalandırılacağı ilə bağlı bu, əslində, ciddi dərs olacaq”.